26 may 2021 21:24
1552

Enerji və nəqliyyat təhlükəsizliyi regional sabitliyə ciddi töhfə verəcək

Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi davamlı töhfələr təqdir olundu 

44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi regionda yeni reallıqlar yaratdı, dövlətlərarası münasibətlərə işıq saldı, həqiqət anı olaraq hansı dövlətlərin sözü ilə əməlində vəhdətin qorunduğu, hansılarda isə dəyişikliyin olduğu diqqətdən kənarda qalmadı.

Qeyd edək ki, Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir. Təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələri regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan tərtib etdiyi enerji xəritəsi ilə diqqət çəkir. Artıq əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq miqyas alıb.

Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə diqqəti Azərbaycanın enerji sektorunda qazandığı uğurlara yönəldən dövlətimizin başçısı “Enerjinin Avropaya çatdırılması məsələsinə gəlincə, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərdən ötən ilin sonuncu günü əlamətdar bir gün olmuşdur” söyləyərək bildirmişdir ki, sərbəst inteqrasiya olunmuş 3.5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmışdır. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, həqiqətən də tarixi hadisə idi. Çünki layihə bütün nöqteyi-nəzərdən - maliyyə, siyasi və texniki baxımdan böyük bir çağırış idi. Komanda şəklində görülən işlər öz uğurlu nəticəsini verir: “Biz Avropanın enerji təhlükəsizliyinə həqiqətən də mühüm töhfə verdik. Azərbaycanda yeni yataqların kəşf edilməsini və təbii qazın hasilatının yeni səviyyəsini nəzərə alaraq bu, gələcək onilliklər ərzində davam edəcək layihədir. Azərbaycan qazı Avropa qitəsi üçün yeni qazdır, hazırda Avropaya qazın yeganə yeni mənbəyidir və cəlb olunmuş ölkələr arasında böyük dərəcədə ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirib. Beləliklə, bu məsələ tamamlanmış kimi hesab olunur.”

Dövlətimizin başçısı, eyni zamanda, Asiyanı Avropa ilə birləşdirmək üçün logistik dəstəkdən və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən danışaraq qeyd etmişdir ki, bunlar da beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın Asiya və Avropadakı tərəfdaşlarla mühüm əlaqələri var: “Bu önəmli layihənin bir hissəsi olmaq üçün biz öz infrastrukturumuzu, o cümlədən dəniz limanını, Xəzər hövzəsində ən böyük gəmi parkını və dəmir yolu imkanlarını təmin edirik. Beləliklə, biz bu layihəyə maliyyə və siyasi cəhətdən investisiya yatırmışıq. Ümid edirəm ki, bu iki mühüm sahə - enerji təhlükəsizliyi və nəqliyyat təhlükəsizliyi nəinki təkcə Azərbaycanın gələcək iqtisadi inkişafı üçün önəmli rol oynayacaq, - çünki bu, əlavə gəlirlərin yaranmasına səbəb olacaq, - həm də regional sabitliyə ciddi şəkildə töhfə verəcək. Çünki ölkələr bir-birindən asılı olur, ölkələr bir gəmidə olduğu üçün bir komandanın üzvü olur və əlbəttə ki, qarşılıqlı dəstəyin səviyyəsi artacaq.”

Avropa İttifaqının regionda rolu yüksək dəyərləndirilir. Qurum hər zaman Azərbaycanın yaxşı tərəfdaşı olub. Əsas ixracımız Avropa İttifaqının üzv ölkələri ilə bağlıdır. Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin üçdəbir hissəsi ilə Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalamış və ya qəbul etmişdir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq sənədlərinin imzalanması göstərir ki, Azərbaycan həqiqətən yaxşı və strateji tərəfdaşdır. Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Hazırda qurumla ölkəmiz arasında yeni saziş üzərində iş gedir. Pandemiya və İkinci Qarabağ müharibəsi səbəbindən bu işlər təxirə salındı. “Bu da müəyyən vaxt aldı. Lakin ümid edirəm ki, yaxın vaxtlarda biz danışıqların yekun mərhələsinin fəal fazasını bərpa edəcəyik. Bildirmək istəyirəm ki, sazişin 90 faizdən çoxu artıq razılaşdırılıb. Qarşımızda həllini gözləyən bir neçə məsələ qalır» söyləyən cənab İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, qısa müddətdə razılığa gələcəyik.

Qarşılıqlı səfərlər, imzalanan sənədlər münasibətlərin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqına üzv ölkələrə səfərləri, keçirdiyi çoxsaylı görüşlər, həmçinin ölkələr arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamələrin qəbul olunması növbəti illər ərzində əməkdaşlığa işıq salan mühüm addımlardan oldu. Səfərlər çərçivəsində imzalanan sənədlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Ölkələr arasında ticarət dövriyyəsi çoxşaxəlidir və daim genişlənir. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə rolunu Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərin rəsmiləri daim yüksək dəyərləndirirlər. Keçirilən görüşlərdə də bu məqam xüsusi qeyd edilir ki, Cənub Qaz Dəhlizi yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə ölkəmizlə daha da dərin münasibətlər yaratmaq istəyir.

Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Əvvəldə də qeyd etdiyimiz kimi, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı və investorlarından biridir. Qurumla Azərbaycan arasında əlaqələrin hazırkı səviyyəsinə işıq salan “Tərəfdaşlıq prioritetləri” sənədində də qeyd olunmuşdur ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb.

Avropa İttifaqına daxil olan dövlətlərin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir.
 2018-ci ildə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP istifadəyə verildi, kəmərin 2019-cu ildə Avropa sərhədinə çatması qeyd olundu. Digər hissəsi olan TAP ötən il dekabrın 31-də istifadəyə verildi. TAP layihəsinin ölkələr arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyi böyük əminliklə qeyd edilirdi. Dövlətimizin başçısının “TAP Azərbaycan, Yunanıstan, İtaliya və və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir” fikirləri onun qarşıdakı dövr üçün perspektivlərinin ümumi mənzərəsini yaradır. İtaliya rəsmiləri də Azərbaycan qazının Avropaya nəqli üçün TAP-ın seçilməsini alqışlayaraq bildirmişdilər ki, bu, Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsi yolunda mühüm addım olacaq.

Göründüyü kimi, dünya enerji bazarında mövqeləri möhkəmlənən, investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi, mövqeləri də möhkəmlənməkdədir. Dövlətimizin başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik.

Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafına dövlətimizin göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyevin bu və ya digər ölkələrə, həmçinin digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri zamanı keçirilən görüşlərdə də xüsusi olaraq vurğulanır. Dünya dövlətləri Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bu əminlik ifadə edilir ki, Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də fəaliyyət qurmaq olar.

Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında ölkəmizin həyatında başlanan yeni dövrdən bəhs edərkən bərpa və quruculuq işlərində dost ölkələrin, şirkətlərin iştirakını və onlara geniş imkanların yaradılmasını xüsusi qeyd edir. «İndi tariximizin yeni səhifəsidir. Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Beləliklə, biz hər şeyi sıfırdan etməli olacağıq. Buna görə də, əlbəttə, fəaliyyətimizin bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar lazım olacaq. Əlbəttə, sizin Azərbaycandakı fəaliyyətiniz və həyata keçirdiyiniz layihələr bizə sənayemizin qeyri-enerji sektorunu artırmağa kömək edir» söyləyən ölkə Prezidenti bu mühüm məqamı da qeyd edir ki, işğaldan azad edilmiş ərazilərimizin malik olduğu imkanlardan səmərəli istifadə etməklə dayanıqlı inkişafı təmin edəcəyik.

Reallıq budur ki, dost ölkə ən çətin anlarda tanınmaqla yanaşı, onun hadisələrin mürəkkəb bir şəkildə cərəyan etdiyi bir vaxtda mövqeyində dəyişiklik edib-etməyəcəyi də diqqətçəkən olur. Azərbaycan 30 ilə yaxın müddətdə nə qədər münaqişənin həlli ilə bağlı təzyiqlərlə üz-üzə qalmışdısa, 44 gün davam edən İkinci Qarabağ müharibəsində vəziyyət daha da gərginləşdi, təzyiqlər artdı. Münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyünü bəyan edən dövlətlər müharibənin gedişində onun dayandırılması ilə bağlı təzyiqlər göstərməyə başladılar. Amma Azərbaycan, dövlətimizin başçısı İlham Əliyev qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi. Müharibənin nə zaman dayandırıla biləcəyini işğalçı dövlətə və onun havadarlarına çatdırdı. 10 noyabr üçtərəfli razılaşması Azərbaycanın hərbi və siyasi Qələbəsinin dünyaya təqdimatı oldu. Bugünədək hələ də Bəyanatın özünü, şərtlərini həzm etməyən dövlətlər vardır. Bu baxımdan Azərbaycanın işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinə dost ölkələrin şirkətlərini dəvət etməsi ölkəmizə qarşı səmimi dost, qardaş münasibətdə olan dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Böyük Qayıdış başlayır. Bütün işlərə start verildi. Əminik ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

Bunları qeyd etməyimiz səbəbsiz deyil. Zəngin təbii resurslara malik olan Azərbaycan onlardan səmərəli istifadə etməklə, həmçinin iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla hər bir çətinlikdən uğurla çıxır, iqtisadi artımı ilə diqqət çəkir. Ən çətin anlarda belə nəzərdə tutulan layihələrin icrası təxirə salınmır, uğurla icra edilir. Ötən ildə İkinci Qarabağ müharibəsi ilə yanaşı, COVID-19-la mübarizənin də gücləndirilməsinə baxmayaraq Cənub Qaz Dəhlizinin son seqmentinin-TAP-ın istifadəyə verilməsi Azərbaycanın hədəflərə zamanında çatmağı qarşı qoyduğunu və bunun üçün səylər göstərdiyini bir daha nümayiş etdirdi. Təbii ki, bunun üçün iqtisadi və maliyyə imkanına böyük ehtiyac olur ki, Azərbaycan möhkəm təməl əsasında maliyyə çətinliyi yaşamır. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr, ümumilikdə Azərbaycana müxtəlif istiqamətlərdə baxış keçirməyə və bir daha reallıqlarla dünyanı məlumatlandırmağa geniş imkanlar yaratdı. Adından da göründüyü kimi, bölgədə yeni əməkdaşlıq formatları inkişafa öz töhfəsini verəcək.

Yeganə Əliyeva, “İki sahil”