26 may 2021 22:16
1326

Qarğanın ağzındakı yağlı pendir kimə nəsib olacaq?

Serj Sarkisyanın, Robert Koçaryanın, Nikol Paşinyanın seçkiqabağı «fəallıqları» İvan Krılovun «Qu quşu, durna balığı və xərçəng» təmsilindəki çəkişmələrə bənzəyir

Ermənistandakı siyasi-iqtisadi gərginliyin artması, xələflərlə sələflər arasındakı gizli rəqabətin açıq müstəviyə keçməsi, seçkilərin yaxınlaşdığı bir məqamda İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistanda «günah keçisi»nin axtarılması işğalçı dövlətdə yaranan xaosu daha da mürəkkəbləşdirib. Azərbaycanın məhv etdiyi, adı qalıb, özü faktiki olmayan, şəxsi heyətinin 40, döyüş sursatının 80 faizdən çoxunu itirən Ermənistan ordusunda baş verən fərarilik, əsgərlər arasındakı ruh düşgünlüyü, intihar hallarının artması «qırıq qoşun» təsəvvürünü formalaşdırıb. İkinci Qarabağ müharibəsində itkin düşən erməni əsgərlərinin valideynlərinin övladlarını tələb etməsi siyasi gərginliyi pik həddinə çatdırıb.

Xatırladaq ki, bir neçə il bundan əvvəl yalnız rus əsgərlərinin, din xadimlərinin iştirakı ilə keçirilən, vaxtı ötmüş hərbi sursat və avadanlıqların, texnikanın nümayiş etdirildiyi parad Ermənistanın bu gün üzləşdiyi vəziyyətin ilk akkordları idi. «Qüdrətli ordu» ilə bağlı mifin Azərbaycan Silahlı Qüvvələri tərəfindən dağılması, Ermənistanın sərhədlərinin belə başqaları tərəfindən qorunması işğalçı dövlətin iqtisadi bataqlıqda çürüdüyünü də göstərir.

Məğlubiyyətini qəbul edən Ermənistanda bu gün vəziyyət əvvəlkindən də acınacaqlıdır. Qarabağ müharibəsində həddindən artıq itki verən Ermənistan artıq sərhəd postlarında belə keşik çəkəcək sıravi əsgər də tapmır. Vəziyyətdən çıxış yolunu polisləri «iməcilik» bəhanəsi ilə postlarda yerləşdirməkdə görən Ermənistan hakimiyyətinin bu «yeniliyi» paqonlular tərəfindən etirazla qarşılanıb.

İllərdən bəri hava məkanının və sərhədlərinin qorunmasını belə Ermənistandakı rus hərbçilərinə həvalə edən işğalçı ölkənin iqtidarının Azərbaycanın əzəli torpağı olan Zəngəzurda Rusiyanın 102-ci bazasının «filialını» açmaq barədəki «təşəbbüsü» forpost adını təsdiqləyən növbəti acizlikdir. Sərhəd ərazisindəki kəndlərdə yaşayan işsiz kişilərin növbə ilə postlarda qaraul çəkməsi Ermənistanda adi hal alıb. Orduda tez-tez dəyişilən zabitlər arasında yaranan itaətsizlik əsgərlərin psixi pozğunluğunu dözülməz həddə çatdırıb. Fərarilik, əsgərlər arasında intihar və güllələnmə halları ikiqat artıb. Hərbi xidmət yaşları çatan övladlarını gizlədən valideynlərə göstərilən təziyqlər isə bir başqa narazılıq yaradır. İntihar edən əsgərləri « silahla düzgün davranmağı bacarmamaq» adı ilə ört-basdır edən zabitlərin bu cəhdləri də inandırıcı deyil. Çünki silahdan istifadə etməyi bacarmayan əsgərin döyüş meydanına çıxarılması «kim vurdu»ya getmək kimi yanlışlıqdır. Qarabağ müharibəsi zamanı döyüş meydanından qaçmağa səy göstərən əsgərlərin əllərinin qandalanması gənclərin orduya güc yolu ilə çağırıldığını təsdiqləyir. Çıxış yolu kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yardım istəyən Ermənistanın bu müraciətinin də qəbul olunmaması işğalçı dövləti çıxılmaz vəziyyətə salıb.

Ordusu bu vəziyyətdə olan terrorçu dövlətdə siyasi partiyalar arasında mürəkkəbləşən qarşıdurmalar Ermənistanda onsuz da həmişə təlatümlü olan sabitliyi daha da gərginləşdirib. Əvvəlki iqtidarda təmisl olunan Levon-Ter Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və onları dəstəkləyən qruplar arasındakı siyasi mübarizə İvan Krılovun «Qu quşu, durna balığı və xərçəng», «Tülkü və qarğa» təmsillərində təsvir olunan vəziyyətə bənzəyir. İnsanları yalan vədlərlə aldadan sabiqlərin qrupları ilə Paşinyan tərəfdarları seçiciləri öz tərəflərinə çəkmək üçün min cür dona girirlər. Amma qarğanın ağzındakı yağlı pendirə sahib çıxmaq üçün məsumluq donuna bürünən obrazı canlandıran, daha məkrli hansı erməniyə nəsib olacağı müəmmalıdır.
 Bəlli olan budur ki, İkinci Qarabağ müharibəsində torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusu tarixi ərazilərini də qaytarmaqda israrlıdır. Qaragöldə, Zəngəzurda bu torpaqların əsl sahibləri olan Azərbaycan əsgərinin yerləşməsini qəbul etməkdən başqa çıxış yolu olmayan ermənilərin reallıqla barışmaqdan başqa alternativləri yoxdur.

Rusiya Dumasının ermənipərəst deputatı Konstantin Zatulinin «status-kvo»nun bərpa edilməsi» ilə bağlı açıqlaması, Fransanın, Kanadanın, lap elə cırtdan Lüksemburqun başlarından böyük «məsləhətləri» belə Ermənistandakı gərginliyi azaltmaq qüdrətində deyil.
 Prezident İlham Əliyevin «Status-kvo deyilən məsələ yoxdur. Biz onu döyüş meydanında dəyişdirdik. Təmas xətti yoxdur, biz təmas xəttini yardıq. Bu, bizim tarixi qələbəmizdir!» sözləri zatulinlərə cavabdır.
 Eyni zamanda erməni faşizmini məhv edən Azərbaycan əsgərinin işğalçı ölkədə hələ də sərsəmləyən revanşist qüvvələrə də mesajdır.

Hazırda hakimiyyətdə olan Paşinyan iqtidarının Qərbə, ABŞ-a daha çox meyillənməsi də Ermənistandakı siyasi qüvvələr arasında ikitirəlik yaradıb. Belə ki, «ya bundadır, ya onda» oyununun iştirakçıları olan Nikol və rəqiblərindən hansının «ulduzunun parlayacağını» həmişə olduğu kimi, bu seçkilərdə də erməni xalqı deyil, bu ölkəni idarə edənlər müəyyənləşdirəcək.

Xuraman İsmayılqızı, «İki sahil»