26 may 2021 22:59
1658

Azərbaycanla ABŞ-ın isti münasibətləri ikitərəfli əməkdaşlığa yeni imkanlar qazandırır

Bu, hər iki dövlətin milli maraqlarını ön plana çıxaran ciddi amildir

Bu gün Azərbaycan- ABŞ münasibətləri  çoxtərəfli əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə, hər iki dövlətin milli maraqlarına cavab verməkdədir. Azərbaycanla bu fövqəlgüc ölkə arasında diplomatik münasibətlərin ən yüksələn xətti məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində qeydə alınıb.  Son 17 ildə demokratları və ya respublikaçıları təmsil etməsindən asılı olmayaraq ABŞ-a  rəhbərlik etmiş prezidentlər və onların administrasiyaları Azərbaycanla münasibətlərə ciddi maraq göstəriblər.

Ötən günlərdə ABŞ Prezidenti Cozef Baydenin 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktub da iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi hesab olunur. Rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də qlobal problemlərin həllində onu yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir.

Məktubda vurğulanır ki,  bu il Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən 30 il keçir. Bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar.

Cənab Bayden Azərbaycanın qlobal miqyaslı təşəbbüslərini qətiyyətlə dəstəklədiklərini də vurğulayıb: «Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq».

ABŞ Prezidenti əmindir ki,  münaqişə və koronavirus pandemiyası ilə yaddaqalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxacaq.

Göründüyü kimi, dünyanın super dövləti olaraq ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılması işində təbii ki,  ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb. Digər tərəfdən, ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır.

 Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritetlərdən olduğundan Azərbaycanın başlatdığı qərbyönümlü enerji siyasəti Vaşinqtonun maraqlarına uyğundur. Ölkəmizin qətiyyətli enerji siyasəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafında təkanverici amilə çevrilib.

Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı videoformatda keçirdiyi  müzakirələr zamanı Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərini dəyərləndirərək bildirib ki, Azərbaycanın ABŞ-la əməkdaşlığının əsas sahələri terrorizmlə mübarizə, istər İraqda, istərsə də Əfqanıstanda sülhməramlı əməliyyatlar, hazırda isə enerji təhlükəsizliyi və bəzi başqa sahələri əhatə edir.

Hələ 2016-cı ildə Vaşinqtonda olarkən o zaman vitse-prezident vəzifəsində çalışan cənab Baydenlə görüşünü, ikitərəfli gündəliyə daxil olan mövzuların müzakirəsini xatırlayan Prezident İlham Əliyev vurğulayıb ki, cənab Bayden o zaman regiondakı geosiyasi problemlər barədə geniş məlumata malik idi və o, ABŞ ilə Azərbaycan arasında münasibətlərə böyük dəyər verirdi.

Bu gün  iki ölkə arasındakı əməkdaşlığın daha bir vacib sahəsi enerji təhlükəsizliyidir. Bu məsələni də dəyərləndirən Prezident İlham Əliyev ABŞ-ın hər zaman iri enerji layihələrinin icrasında yardımçı olduğunu, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəklədiyini söyləyib. Prezident Azərbaycanın bu əlaqələri daha da şaxələndirmək istədiyini də diqqətə çatdırıb: «Biz strateji tərəfdaş olaraq yaxından çalışmağa və əməkdaşlığımızı genişləndirməyə hazırıq. Hesab edirəm ki, ABŞ regionda münaqişədən sonrakı inkişaf sahəsində mühüm rol oynaya bilər».

Bəli, tam əminliklə demək olar ki, Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq yüksələn xətlə inkişafdadır və beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan ABŞ-la qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdəndir.

Bu fövqəlgüc dövlətin Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır.

Hər iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.

Bu bir əhəmiyyətli faktdır ki, bundan sonrakı mərhələlərdə də ardıcıl qətiyyətli siyasi kursun inkişaf etdirilməsi Azərbaycan-ABŞ strateji müttəfiqliyinin genişlənməsinə öz töhfəsini verəcəkdir.

Elçin Zaman, İki sahil»