28 May-Respublika Günü münasibətilə xarici ölkələrin dövlət başçılarının cənab İlham Əliyevə təbrik məktublarında əksini tapan fikirlər 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın regionda və beynəlxalq münasibətlər sistemində artan rolunun aydın mənzərəsini yaradır
Ölkə Prezidenti İlham Əliyev daim bəyan edir ki, Azərbaycanın xarici siyasəti açıq və aydındır. Rəsmi Bakı böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əməkdaşlıq əlaqələri qurur və möhkəmləndirir. Ən əsası beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün məsələlərin məhz bu prinsiplər əsasında çözülməsinə səy göstərən Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Azərbaycan müstəqil siyasət yürüdür. Ölkə Prezidenti ABŞ-a ilk səfəri zamanı mətbuat konfransında jurnalistin Azərbaycanın ABŞ qarşısında hansı öhdəliyi götürməsi barədə sualına cavabını xatırlatmaq istərdik. Cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlətin qarşısında öhdəliyi yoxdur. Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirilir.
44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı kimi dəyərləndirildi. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, kimin haqqın, ədalətin, kimin şərin yanında olduğu özünü bir daha nümayiş etdirdi. Diqqət çəkən yenə də Azərbaycanın siyasətində müstəqil olması, prinsipial mövqeyindən bir addım da belə geri çəkilməməsi oldu. Reallıq bu idi ki, müharibənin dayandırılması üçün Azərbaycana nə qədər təzyiqlər göstərildi. Hətta münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qəbulunda iştirak etdikləri qətnamələri arxa plana keçirməkdə israrlı olduqlarını ortaya qoydular. Müharibənin davam etdiyi günlərdə Fransanın sərsəm bəyanatlarla diqqəti çəkməsi günün müzakirə mövzuları sırasında oldu. Bu gün də həmin dəstək öz davamlılığı ilə diqqət çəkir.
İstər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə dövlətimizin başçısı İlham Əliyevin xarici mətbuata çoxsaylı müsahibələri Azərbaycanın beynəlxalq nüfuzunu şərtləndirən amillərə bir daha işıq saldı. Belə ki, İkinci Qarabağ müharibəsində Qələbəmizdən bəhs edilərkən bu mühüm məqamlar xüsusi vurğulanır ki, Azərbaycan 30 ilə yaxın dövrdə gücləndi və məsələnin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Azərbaycanın, o cümlədən dövlətimizin başçısı İlham Əliyevin ünvanına beynəlxalq səviyyədə səsləndirilən müsbət fikirlər siyasi iradəyə və qətiyyətə əsaslanan siyasətin uğurlarının təqdimatıdır. Cənab İlham Əliyev qalib ölkənin qalib Lideri kimi adını tarixə böyük hərflərlə yazdı. Buna əmin olmaq üçün dövlətimizin başçısı çıxışlarına, müsahibələrinə, müzakirələrdə fəal iştirakına diqqət yetirmək kifayətdir. Heç bir sualdan yayınmayaraq dövlətimizin qətiyyətli mövqeyini ortaya qoyan cənab İlham Əliyev bu müddət ərzində dünyaya sözün əsl mənasında tarix, hüquq, milli qürur dərsini keçdi. Ermənistana dəstək olan dünya güclərinə ədalət, beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu çatdırdı və onlara əməl etməyə çağırışlar etdi. Məhz bütün bunların məntiqi nəticəsidir ki, bu gün Vətən müharibəsinin yeni reallıqlarına uyğun olaraq diktə edən tərəf Azərbaycandır.
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» mövzusunda keçirdiyi müzakirələrdə dövlətimizin başçısı diqqəti bu kimi məsələlərə yönəldərək bildirmişdir ki, Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olublar: «Əfsuslar olsun ki, bu danışıqlar heç bir nəticə vermədi. Lakin, eyni zamanda, indi ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu bir vaxtda xüsusilə aydın görünür ki, münaqişənin həlli məsələsi bəlkə də Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ idi. Beləliklə, müəyyən mənada Azərbaycan öz münaqişəsi ilə ən azı bu iki supergücün səmimi şəkildə əməkdaşlıq edə biləcəyi bir sahəyə malik olmaqla mühüm rol oynayır. Eyni zamanda, demək istərdim ki, pandemiyadan əvvəl Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmiləri, hər iki ölkənin ordularının baş qərargah rəisləri Bakıda mütəmadi görüşlər keçirirdilər. Rusiya ordusunun baş qərargah rəisi və NATO-nun hərbi komandiri də bir neçə dəfə Bakıda silsilə danışıqlar aparıblar. Onlar hər hansı başqa bir məkan seçə bilərdilər. Lakin Bakının seçilməsi, ilk növbədə, Azərbaycanın müstəqil xarici siyasətinin həqiqətən də yaxşı göstəricisi, həmçinin ölkəmizə yüksək səviyyəli hörmətin və etimadın təzahürüdür. Biz bunları Azərbaycanın məkan kimi seçilməsində əsas amil hesab edirik.»
Cənab İlham Əliyev bu məqamı da vurğulayıb ki, bizim ABŞ-la əlaqələrimiz Rusiya ilə əlaqələrdən daha az çoxşaxəlidir. Bu da aydın məsələdir. Çünki Rusiya ilə uzun tarixə malik əlaqələrimiz var və biz qonşuyuq. Hər iki ölkənin Azərbaycanla bağlı siyasəti, eləcə də bizim bu ölkələrlə bağlı siyasətimiz hər zaman sabit və proqnozlaşdırılan olub. Azərbaycanın hər iki ölkə ilə strateji əhəmiyyət kəsb edən münasibətləri var: «Sözsüz ki, gündəlik fərqlidir, lakin çox açıq, çox aydındır və gözlənilməz heç bir hal baş vermir. Çünki biz hər zaman nəzərdə tutduğumuzu deyirik və hər zaman dediyimiz sözün arxasında dayanırıq. Düşünürəm ki, bir çox ölkələrlə yaxşı əlaqələr qurmağa nail olmağımızın səbəblərindən biri məhz budur və onların arasında bir-biri ilə yaxşı əlaqələri olmayan yeganə ölkələr Rusiya və ABŞ deyil. Zənnimcə, ABŞ və Rusiyanın Azərbaycanla bağlı siyasəti sabit olmağa davam edəcək və mənim yüksək rütbəli rəsmilər, Rusiya Prezidenti, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri, eyni zamanda, Rusiyanın xarici işlər naziri ilə son təmaslarım onu göstərir ki, biz həqiqətən də əməkdaşlığımızı genişləndirmək istəyirik və hər iki tərəf bu əlaqələri strateji əhəmiyyət kəsb edən münasibətlər hesab edir.»
Günümüzün reallığı budur ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra gələcəyi planlaşdırmaq daha asan olacaq. Çünki münaqişə Azərbaycanın çox fəal əməkdaşlıq formatına sahib ola biləcəyi, lakin bu və ya digər səbəbdən sahib ola bilmədiyi bəzi əməkdaşlıq sahələri üçün müəyyən mənada əngəl törədirdi. Dağlıq Qarabağ münaqişəsinin həlli tamamilə yeni mühit yaradır. Yeni reallıqlar yeni əməkdaşlıq formatlarını zərurətə çevirir.
Cənab İlham Əliyev müzakirələrdə bu məsələyə də diqqəti yönlədib ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması üçün ABŞ-ın hansı addımlar ata biləcəyinə gəlincə, ABŞ çox iş görə bilər. O, ilk növbədə, dünyada aparıcı ölkədir. Eyni zamanda, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Hazırda ATƏT bir növ yeni fəaliyyət formatı axtarışındadır. Bu da təbiidir. Qeyd etdiyimiz kimi, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Belə olan təqdirdə vasitəçiyə zərurət duyulmur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bildirir ki, bərpa-quruculuq işləri ilə bağlı ATƏT-in Minsk qrupundan konkret təkliflər gözləyirik.
ABŞ Prezidenti Cozef Bayden Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda da bildirir ki, ABŞ münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiqdir. O da qeyd edilir ki, Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən keçən 30 il ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar: “Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq.»
Məlum olduğu kimi, Azərbaycan-ABŞ münasibətləri üç istiqamətdə - demokratiya, energetika və təhlükəsizlik sahəsində uğurla inkişaf edir. Aydın məsələdir ki, bir ölkə iqtisadi əlaqələr qurmaq istədiyi dövlətdə ilk olaraq sabitliyə, demokratiyanın inkişafına diqqət yetirir. Azərbaycanda iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasının uğurlu addım olması beynəlxalq təşkilatların, o cümlədən ABŞ Dövlət Departamentinin hesabatlarında da qeyd olunur. Demokratikləşmə prosesinin sürətlənməsi ölkəmizin hərtərəfli inkişafına xidmət edən addımdır. Azərbaycan dövləti demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə sübut edib. Bu gün ölkəmizdə söz, mətbuat azadlığının yüksək səviyyədə təmin olunması, insan hüquqlarının lazımi səviyyədə qorunması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokatikliyinin, azad və şəffaflığının təmin edilməsi üçün təkmil seçki qanunvericiliyinin mövcudluğu, vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarının rolunun artırılmasına xidmət edən tədbirlər və sair kimi addımlar demokratiyanın inkişafına yönəlib.
ABŞ regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində daim Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək istəyini ortaya qoyub və bu istiqamətdə addımlar atıb. Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin reallığa çevrilməsi ölkəmizi regional inkişafının aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin 2018-ci ildə rəsmi açılışı oldu. Həmin ilin iyununda layihənin əsas seqmentlərindən olan TANAP istifadəyə verildi. Ötən ilin sonunda, dekabrın 31-də Azərbaycan enerji sektorunda mühüm uğura imza atdı. Belə ki, Cənub Qaz Dəhlizinin son tərkib hissəsi olan TAP istifadəyə verildi. Dövlətimizin başçısının hər zaman çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan bu layihələri reallığa çevirməklə dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmizin bu uğurları gələcəklə bağlı planların hazırlanmasında stimulverici amil rolunu oynayır.
Azərbaycanın uğurlu siyasəti etibarlı tərəfdaş kimi imicinin möhkəmlənməsində, nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olunaraq əməkdaşlıq əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi ölkəmizin hər bir sahədə qazandığı uğurların, artan nüfuzunun, ən əsası ədalətli mövqeyinin təsdiqidir.
Azərbaycanın dünyanı cənginə almış COVID-19-la mübarizəyə verdiyi töhfələr də ölkəmizin artan nüfuzunun göstəricisidir. Azərbaycan qlobal problemə qarşı qlobal tədbirlərin görülməsinə çağırışlar edərək birgə addımların atılmasının əhəmiyyətini vurğuladı. Bu məqsədlə Azərbaycanın təşəbbüsü əsasında Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Azərbaycan 30-dan artıq ölkəyə humanitar yardım etdi. Bu gün isə dünyaya ünvanladığı əsas mesaj vaksinlərin paylanmasında ədalət meyarının qorunmasıdır.
Xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın mövqeyi daim ölkəmiz üçün maraqlı olub. Nəzərə alsaq ki, ABŞ erməni diasporunun güclü olduğu ölkələrdəndir, bu baxımdan Birləşmiş Ştatların hər hansı bir məsələyə yanaşması diqqətdən kənarda qalmır. Erməni diasporu daim səy göstərirdi ki, ABŞ hökuməti qondarma «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyini, həmçinin «erməni soyqırımı»nı tanısın. ABŞ Prezidenti Co Bayden aprelin 24-də qondarma «erməni soyqırımı» ifadəsini dilə gətirməsinə dövlətimizin başçısı İlham Əliyev öz sərt mövqeyini ortaya qoyaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi zamanı bunu tarixi səhv adlandırmışdır.
Bir faktı da qeyd edək ki, ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq etməsində, həmçinin demokratiyaya dəstək adı ilə hər il işğalçı Ermənistana və qondarma rejimə yardımların həcmini artırmasında erməni diasporunun rolu böyük olub. Amma artıq erməni yalanlarının ayaq tutub yeridiyi dövr arxada qalıb. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə işğalçı Ermənistana və ona havadarlıq edənlərə lazım olan mesajlarını çatdırdı, həmçinin bu müharibə ermənilərə tarix boyu unutmayacaqları bir dərs verdi.
Əvvəldə də qeyd etdiyimiz kimi, demokratik inkişaf Azərbaycan dövlətinin siyasətində əsas yer tutur. “Biz demokratik inkişafa sadiqik. Azərbaycanda bütün demokratik institutlar fəaliyyət göstərir. Hüquqi dövlət quruculuğu sahəsində böyük uğurlar vardır. Demokratiyanın inkişafı bizim vəzifəmizdir, borcumuzdur. Bu, ilk növbədə, Azərbaycan xalqına lazımdır. Biz bu sahədəki fəaliyyətimizi kiminsə xoşuna gəlmək üçün yox, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və bütün azadlıqları təmin etmək üçün edirik. Biz bundan sonra da bu siyasətə sadiq olacağıq” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, üzv olduğumuz beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında isə bizim heç bir öhdəliyimiz yoxdur, ola da bilməz: “Çünki sadəcə, məntiq onu göstərir ki, bir halda sən bu təşkilatın üzvü deyilsən, deməli, bu təşkilat qarşısında heç bir öhdəlik daşımırsan.” O da bildirilir ki, siyasi islahatlar iqtisadi islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və uğurlarımızın əsas səbəbi məhz bundan ibarətdir. Siyasi islahatlar çox güclü iqtisadi təməl üzərində qurulub. Demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə diqqət yetiriləndə aydın şəkildə görünür ki, onların əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir, dünyada inkişaf etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun. Bunun üçün bütün imkanlar mövcuddur: şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli coğrafi məkan.
Amerika Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrikində də ABŞ-Azərbaycan münasibətlərinin bu gününə işıq salınaraq perspektivlərdən bəhs olunmuşdur. ABŞ Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla əməkdaşlığını bundan sonrakı dövrdə də davam etdirməyə sadiqliyini ifadə etmişdir. Məktubda təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində ABŞ Administrasiyasının bundan sonra da Azərbaycanla birgə çalışmaq niyyəti ifadə edilmişdir. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağı bəyan edilir. ABŞ Prezidenti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətə və islahatlara dəstəyini ifadə edərək Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı Azərbaycanın səylərini, həyata keçirdiyi nəhəng enerji layihələrini dəstəklədiyini bəyan etmişdir. O, həmçinin ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusunda olduğunu bildirmişdir.
Təhlillər bir daha bu ümumiləşdirməyə əsas verir ki, regionda və dünyada yeni reallıqlar yaradan Azərbaycan xarici siyasətində dəyişiklik etmədən bütün dövlətlərlə münasibətlərini beynəlxalq hüquq normaları çərçivəsində qurur və inkişaf etdirir. Ölkəmiz müstəqilliyinin 30-cu ildönümünə artıq regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olub. Əvvəldə də qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasət uğurlarının zirvəsi olmaqla yanaşı, yeni əməkdaşlıqlara stimul verir ki, bu da öz növbəsində ölkəmizin artan roluna, siyasi çəkisinə yeni əlavələr edir.
Yeganə Əliyeva, «İki sahil»
Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL