Bu gün erməni işğalından azad edilmiş ərazilərimizdə ən böyük təhlükəyə çevrilmiş mina adlı qurğunun ilk dəfə nə vaxt istifadə edildiyini dəqiqliklə müəyyənləşdirmək hələ ki, mümkün olmayıb. Yalnız ilk dəfə bu cür sursatın eramızın üçüncü əsrində Çində istifadə olunduğu məlumdur. 1277-ci ildə Çin imperatorluğunun generallarının ölkələrini ələ keçirməyə çalışan monqol ordularına qarşı mina istifadə etmələri də təsdiqlənib. Ümumiyyətlə, minaların tarixini əsasən üç əsas mərhələyə bölmək olar: İlk mərhələ partlayıcılardan əvvəl olan mərhələdir. Roma İmperiyasındakı bəzi istehkamlar torpağa basdırılmış bir sıra təhlükələrlə əhatə olunmuşdu. Bunlara əsasən əkinçilikdə istifadə edilən, iti uclu çubuq növləri, uclarında dəmir qarmaq taxılan taxta parçaları, lilia (ucu itilənmiş şalbanların yerləşdirildiyi çuxurlar), abatilər (budaqları iti və yuxarı çevrilən ağaclar) daxildir. Müasir minalarda olduğu kimi qədimdə də bu funksiyanı yerinə yetirən tələ “qurban tərəfindən aktivləşdirilir”, adətən gizlədilir və düşmənin kənardan zərərsizləşdirə bilməyəcəyi qədər geniş zonalar yaradır, zərərsizləşdirməyə çalışsalar tələyə düşürdülər (əsasən zərərsizləşdirməyə çalışanda nizə atışları başlayırdı).
Bu vasitələrdən Yuli Sezar Alesia müharibəsində (e.ə. 52-ci ildə Qay Yuli Sezarın başçılıq etdiyi Roma ordusu ilə Versinqetorikin rəhbərliyi alyındakı Qalliya ordularının toqquşması) diqqətəlayiq miqyasda istifadə edib. Sezarın qüvvələri Qalliyalıların lideri Versinqetoriki mühasirəyə almışdılar, lakin Versinqetorik əlavə qüvvələr cəlb etməyi bacardı. Mühasirəni davam etdirmək və əlavə qüvvələrə qarşı müdafiə etmək üçün Sezar hər iki tərəfdən də istehkam xətti yaratdı və bunlar onun qələbə qazanmasında mühüm rol oynadılar. 1314-cü ildə Bannokbörn döyüşündə şotlandlar tərədindən ingislərə qarşı və Birinci Dünya müharibəsi ərəfində isə almanlar tərəfindən lilialardan istifadə edilib.
Romalılar tərəfindən istifadə edilən və daha asanlıqla quraşdırılan minaya bənzər qurğulardan biri də dəmir tikanlar idi. Təxminən 12-15 sm arasında, ucu yuxarı dörd iti tikan olan silah müasir personal əleyhinə minalarda olduğu kimi, əsgərləri öldürmək üçün yox, onları yaralamaq üçün hazırlanmışdı. Bunlar atdıqları hər addımı diqqətlə nəzərdən keçirə bilməyən qüvvələrin hücumunun qarşısını almaqda olduqca təsirli idilər (bunların digər bir faydası bu idi ki, qüvvələr bu tikanlara basmasalar da, yerə basdırılan tikanları axtarır, onlara diqqət edir, bu isə onların ləngidir və yorurdu).
Bu tikanlar, həmçinin Çində Böyük Çin sülaləsi (1115-1234) tərəfindən Jongdu döyüşündə Çingiz xanın ordusunun irəliləməsinin qarşısını almaq üçün istifadə edilib. Janna d'Ark Orlean mühasirəsində bu tikanlardan birinə basaraq yaralanmışdı; Yaponiyada bunlar “tetsu-bişu” kimi tanınır və on dördüncü əsrdən etibarən nindzalar tərəfindən istifadə olunurdu. Dəmir tikanlar hələ də bəzi müasir münaqişələrdə istifadə olunur.
Qeyd edək ki, yerüstü minalarla yanaşı, dəniz bombalarının da müəllifi çinlilərdir. İlk dəfə bununla bağlı məlumat çinli artillerist Çzyao Yunun traktatında qeyd olunub. Bu silah 16-cı əsrdə yapon dəniz quldurlarına qarşı istifadə edilib. Silah içi partlayıcı maddə ilə doldurulmuş taxta qutudan ibarət olub. Çinlilər ilk təzyiq nəticəsində işləyən mina icad etdikdən üç əsr sonra 1573-cü ildə Auqsburqda Samuel Zimmermann adlı alman hərbi mühəndisi “Fladdermine” (uçan mina) adlı qurğu icad etdi. Bu qurğu torpağın altına basdırılan bir neçə kilo qara tozdan ibarət idi və üstünə basaraq və ya üzərinə basmaqla və ya çaxmağı aktivləşdirən məftilin hərəkət etdirilməsi ilə işə salınırdı. Bu cür mina qala qarşısında yamacda yerləşdirilirdi. Bunlar Fransa-Prussiya müharibəsi zamanı istifadə edilmişdi, lakin çox təsirli deyildilər, çünki çaxmaq tez-tez nəzarət edilməkdikdə uzun müddət işləmirdi.
Başqa bir cihaz isə fuqas adlanırdı, bunlar qurban tərəfindən aktivləşdirilmirdi və kütləvi istehsalı olmayıb. Müasir qəlpəli və “Claymore” adlanan minaların sələfləri hesab olunurlar. Bunlar daşlar və qırıntılar (daşlı fuqas), ya da iri qara barıtlı əl bombalarına bənzəyən minaatan qəlpələri ilə (qəlpəli fuqas) örtülmüş, dibində barıt olan konus şəklində çuxurdan ibarət olur. Üzərində olan 3 məftilə birləşdirilmiş çaxmaq kilidi ilə işə salınırdı. Bəzən ağır itkilərə səbəb ola bilərdi, lakin qara barıt nəmə həssas olması səbəbindən ciddi nəzarət tələb edir. Nəticə etibarilə, bu fuqaslar əsasən XVIII əsrin bir sıra Avropa müharibələrində və Amerika inqilabında istifadə etdiyi əsas istehkamların müdafiəsində istifadə olunurdu.
İlk minaların ən böyük məhdudiyyətlərindən biri keyfiyyətsiz fitillər və onların nəmə həssas olması idi. Vəziyyət təhlükəsizlik fitilinin icadı ilə dəyişdi. Komanda (əmr) ilə işə salma fitilin yanıb bitməsini bir neçə dəqiqə gözləmək əvəzinə dərhal partlatma qabiliyyəti elektrikin inkişafından sonra mümkün oldu.
XIX əsrdən başlayaraq Alp və Qayalı dağlarında qatar tünellərinin partladılması kimi qeyri-hərbi səbəblərə görə barıtdan daha güclü partlayıcılar hazırlandı. Barıtdan dörd qat daha güclü olan nitrosellüloz 1846-cı ildə Kristian Şonbeyn tərəfindən icad edilib. Frederik Auqustus Abelin 1865-ci ildə etibarlı metod hazırlamasına qədər bu maddə təhlükəli idi. 1870-ci illərdən Birinci Dünya Müharibəsinə qədər bu, Britaniya hərbçiləri tərəfindən istifadə edilən standart partlayıcı maddə idi.
1847-ci ildə Askanio Sobrero stenokardiya adlı ürək xəstəliyini müalicə etmək üçün nitroqliserini icad etdi və bunun nitrosellülozdan daha güclü partlayıcı olduğu ortaya çıxdı. Alfred Nobel onu dinamit adlı qatı qarışığa qatmağın yolunu tapana və etibarlı detonator hazırlayana qədər istifadə etmək çox təhlükəli idi. O zaman da dinamitin ehtiyatla saxlanılması lazım idi, bu, asanlıqla partlayan kristallar meydana gətirə bilər. Buna görə, nitrosellüloz hərbçilər tərəfindən hələ də üstünlük verilən maddədir.
Sevinc Azadi, “İki sahil”
Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL