24 may 2021 23:16
1395

Səhifə çevrilsin, yeni fəsil başlasın, gələcək haqqında danışılsın

Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr Azərbaycana bütün sahələrdən baxış keçirməyə geniş imkanlar açdı

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizin yaratdığı reallıqlar fonunda Azərbaycanın bu gün regionda və dünyada mövqeyi daha aydın görünür. Müharibə bir daha kimin kim olduğunu göstərdi. Ermənistan məğlub edilmiş, Azərbaycan zəfər çalmış ölkədir. Günümüzün əsas çağırışlarından biri yeni reallıqlara uyğun olaraq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. 10 noyabr üçtərəfli Bəyanatının müddəlarında, həmçinin bu sənədə uyğun olaraq yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin görüşü zamanı imzalanan sənəddə iqtisadi əlaqələrin qurulması məsələsi ön planda dayanır. Dövlətimizin başçısı İlham Əliyev istər fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfrasında, istərsə də qeyd etdiyimiz müzakirələrdə müharibənin artıq tarixə qovuşduğunu önə çəkir, yeni səhifənin açılmasından bəhs edərək gələcəyə baxmağa cağırışlar edir.

Dövlətimizin başçısı İlham Əliyev müxtəlif ölkələrin sabiq prezidentlərinin, baş nazirlərinin, yüksək vəzifəli şəxslərin, tanınmış ictimai-siyasi xadimlərin, diplomatların, politoloqların iştirakı ilə mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə bu məqamı xüsusi qeyd etmişdir ki, barışıq vaxt tələb edəcək, çünki yaralar hələ ki, sağalmayıb. Xüsusən də təcavüzdən, ədalətsizlikdən əziyyət çəkmiş Azərbaycan xalqı üçün bu, belədir: «İşğal zamanı biz təsəvvür edə bilərdik ki, vəziyyət həmin vaxt işğal altında olmuş ərazilərdə necədir, çünki jurnalistlər və qonaqlar vaxtaşırı həmin ərazilərdə olurdular. Bizdə müəyyən dərəcədə məlumat var idi, lakin biz təsəvvür edə bilmirdik ki, dağıntıların miqyası və ədavət nə qədər böyükdür. Birinci Qarabağ müharibəsində Ermənistan bizə hücum edirdi. Ermənistan Xocalı soyqırımını törədib. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib və onlar 1 milyon azərbaycanlını didərgin salıblar. Biz bu cür addım atmamışıq. Buna görə mənim üçün başa düşmək çox çətin idi ki, onlar bunu nəyə görə ediblər? Heç bir zərər vurmamış insanlara qarşı onların nəyə görə bu qədər böyük nifrəti var?»

Hazırkı durumda Ermənistandan əməkdaşlıq üçün hansısa addımı gözləmək sadəlövlük olar. İyunda keçiriləcək növbədənkənar parlament seçkiləri yeni realıqlara uyğun olaraq hansı addımların atılacağının təqdimatı olacaq. Əsas olan bu seçkilərdən sonra hansı məfkurənin üstünlük təşkil edəcəyi məsələsidir. Çünki bu vaxta qədər azərbaycanofobiya məfkurəsi, nifrət Ermənistan cəmiyyətini məhv olmağa sürükləyən meyarlara çevrilib. İndi ermənilərin düşdüyü vəziyyətə görə özləri və liderləri günahkardır. 30 il yalan tarixlə yaşayıb, işğal etdikləri torpaqları geri qaytarmamaq üçün işğalçılıq siyasətini davam etdirən Ermənistana dünya dövlətləri, beynəlxalq təşkilatlar zamanında təzyiqlər göstərsəydilər hadisələr bu vəziyyətə gəlib çıxmazdı. Bu gün Ermənistan hər baxımdan çöküb. 10 noyabr üçtərəfli Bəyanatı imzalanmasaydı işğalçı dövlət indikindən də ağır vəziyyətdə olacaqdı. Müstəqilliyi formal xarakter daşıyan Ermənistan daim bu və ya digər dövlətlərin maraqlarının ifadəçisi qismində çıxış edib. Bunun ağır nəticəsi isə hazırda yaşadıqlarıdır. 6 aydır bu ölkədə siyasi böhran hökm sürür. Azərbaycanın tarixi qQləbəsini həzm etməyən dövlətlərin dəstəyinə arxalanan bəzi revaşist qüvvələr sərsəm bəyanatlar səsləndirib ictimai, eyni zamanda beynəlxalq rəyi çaşdırmağa çalışsalar da, Azərbaycan bu qüvvələrə daim 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyimiz dəmir yumruğu xatırladır. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə paytaxt Bakıda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkı, həmçinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada iki gün davam edən, musiqinin dili ilə dünyaya mesajlar ünvanlayan «Xarıbülbül» musiqi festivalı yeni reallıqlarla barışmaq istəməyən qüvvələrə ciddi mesaj oldu. Azərbaycanın tarixi Zəfərinin təqdimatı olan bu təşəbbüslərin gerçəkliyə çevrilməsi, həmçinin ölkəmizin gücünün, qüdrətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyinin, kimin haqlı, kimin haqsız olduğunun nümayişi oldu.

«Əgər onlar düzgün seçim etsələr, bu, müəyyən irəliləyişi əldə etmək üçün vaxt tələb edəcək» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, lakin biz hazırıq. Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, biz hazırıq: «Mən dəfələrlə demişəm ki, səhifə çevrilsin və yeni fəsil başlasın, gələcək haqqında danışılsın, keçmiş haqqında danışılmasın.»

Müzakirələrdə heç bir sualdan yayınmayaraq, bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirən, onlara sistemli yanaşma nümayiş etdirib məntiqlə və əhatəli şəkildə təhlil aparan dövlətimizin başçısı İlham Əliyev bu reallığı da diqqətə çatdırmışdır ki, Ermənistan hökumətinin ən böyük səhvi və problemi yalnız keçmiş haqqında danışmalarıdır. Bir çox hallarda onlar bu keçmişlə oyun oynayır, siyasi məqsədlər üçün istifadə edir, siyasi dividend qazanmaq üçün özlərini təcavüz qurbanı kimi göstərməyə çalışırlar. Əslində, ermənilər əksər hallarda sıfırdan yaratdıqları tarixdən sui-istifadə edirlər. Onlar gələcək haqqında düşünmürlər.

Azərbaycanla işğalçı dövləti fərqləndirən cəhətlərdən biri də məhz budur. Ermənistan keçmişdə qalıb, Azərbaycan gələcəyə baxaraq inamla addımlayır. Azərbaycan müharibə şəraitində yaşayan ölkə olsa da 30 ilə yaxın dövrün təhlili onu göstərir ki, ölkəmiz bütün sahələrdə davamlı uğurlara imza atıb, təcrübəsi nümunə göstərilir. Cənab İlham Əliyev həmişə bu tezisi səsləndirirdi ki, biz daim irəli baxmalıyıq. Əldə olunan uğurlarla kifayətlənməməliyik. 30 ilə yaxın dövrdə torpaq həsrəti ilə yaşasaq da bir gün də olsun ümidimizi itirmədik. Xalqımız tam əmin idi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində işğal altında olan torpaqlarımız azad ediləcək, üçrəngli bayrağımız bu ərazilərdə dalğalanacaq. Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 gündə 300-ə yaxın yaşayış məntəqəsinin, 6 şəhərin, 5 qəsəbənin işğaldan azad edilməsi Azərbaycanın daim irəliyə baxdığını, ərazi bütövlüyümüzün bərpa olunacağı günə əminliyinin təsdiqidir. Alınmaz qalamız-Şuşa azad edildi. Şuşa əməliyyatı tarixə böyük hərflərlə yazıldı. Dünyanın inkişaf etmiş ölkələri bu əməliyyatı, ümumilikdə 44 günlük Vətən müharibəsində Azərbaycanın nümayiş etdirdiyi təcrübəni öyrənir. Hələ bu müharibə ilə bağlı çox danışılacaq, dərsliklərə salınacaq, digər nəsillər də məlumatlandırılacaq. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, biz nəyi nə zaman etmək lazım olduğunu bilirik. Azərbaycan gücləndi, beynəlxalq hüquq normalarına əsaslanan mövqeyimiz beynəlxalq dəstək qazandı.

Daim doğma torpaqlarımıza, Qarabağa qayıdacağımız haqqında düşündüyümüzü önə çəkən cənab İlham Əliyev müzakirələr zamanı bu məqamı da beynəlxalq auditoriyaya çatdırdı ki, bunun üçün hər şey etdik. Müharibədə məhz bu cür qalib gəldik. Əsas amil bu idi. İndi ermənilər gələcək haqqında düşünməlidirlər:
«Bir sözlə, yekun olaraq, Ermənistan nümayəndələrinin də bəzi tədbirlərdə necə iştirak edəcəyi və öz mövqeyini müdafiə etmək üçün fikir söyləyəcəyi barədə düşünməliyik və mən bu düşüncələri dəyərləndirərdim. Hesab edirəm ki, bu, çox faydalı olardı.»

Dövlətimizin başçısı İlham Əliyev daim sülh modelini təqdim edir. Qeyd etdiyimiz kimi, torpaqları 30 ilə yaxın dövrdə işğal altında olan, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olsa da yenə humanistlik, tolerantlıq modelini ortaya qoyaraq birgə yaşayışın mümkünlüyünü, əməkdaşlıq üçün qarşı tərəfdən addımlar gözlədiyini bildirir. Yeri gəlmişkən bu məqamı xüsusi qeyd etməliyik ki, müasir dünyanın əsas demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və örnək olan xarakterik xüsusiyyətidir. Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. “Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır” söyləyən ulu öndər Heydər Əliyev, eyni zamanda, bildirmişdir ki, dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdirmişlər. Ümummilli Lider bu mühüm məqamı da vurğulamışdır ki, İslam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməmişdir. Biz sülhsevər millətik. Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərmişdir. Biz həmişə bu yolla getmişik.

Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tolerantlıq təcrübəsini, multikultural dəyərlərə töhfələrini imzaladığı sərəncamlar və onların uğurlu icrası ilə təsdiqləyir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi deyilənlərin təsdiqidir. Cənab İlham Əliyev bildirir ki, Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri dini bayramları eyni masa arxasında qeyd edirlər. Buna görə də multikulturalizm bizim üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq bir ideya deyil. Multikulturalizm bizim adət-ənənəmizdir. Bu fikirlər Azərbaycanın tolerant ölkə, multikulturalizmin dövlət siyasəti olduğuna işıq salmaqla yanaşı, “Biz Azərbaycanda qitələri, sivilizasiyaları bir araya gətirmək üçün üzərimizə düşən vəzifəni yerinə yetiririk” tezisinin reallığa əsaslandığının təsdiqidir.

Azərbaycan bütün dünyada islamofobiyaya, İslamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı ən kəskin şəkildə öz səsini ucaldan dövlətdir. Cənab İlham Əliyev dünyanın ən yüksək tribunlarından, xüsusilə BMT Baş Assambleyasının 72-ci sessiyasında bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir. Ölkəmizin ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında cənab İlham Əliyev daim bu tezisi də səsləndirir ki, biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin: «Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir.”

Müasir dövrdə qoballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında münasibətlərin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 21 may - Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü münasibətilə paylaşımında da bu məqamı xüsusi qeyd etmişdir ki, bu gün dünya xalqlarına bir-birini daha yaxşı anlamağı və başqa millətlərin dəyərlərinə hörmət etməyi öyrənmək imkanı verir. Məhz humanitar əməkdaşlıq, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, onu anlamaq, mahiyyətinə varmaq, kömək etmək cəhdləri müasir dünyamızın tez-tez üzləşdiyi ksenofobiya və terrorizm kimi neqativ hallara qarşı mübarizədə çox mühüm silahdır: «Mən dünyanın bütün xalqlarına səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, bütün ölkələrə firavanlıq, sülh, əmin-amanlıq və təhlükəsizlik arzulayıram!»

Dünyaya səs salan, Azərbaycan mədəniyyətini Şuşaya qaytaran «Xarıbülbül» musiqi festivalı da Azərbaycanın tolerant ölkə olduğunu, multikultural dəyərlərin inkişafına töhfələrinin davamlı olması üçün səylər göstərdiyini bir daha nümayiş etdirdi. Azərbaycanda yaşayan müxtəlif millətlərin, dinlərin nümayəndələrinin musiqi yaradıcılığının təqdimatı, onların bir araya gətirilməsi beynəlxalq səviyyədə yüksək dəyərləndirildi. Dünyanın tanınmış mətbu orqanlarında, xəbər portallarında «Xarıbülbül» musiqi festivalı Azərbaycanın multikultural dəyərlərə sadiqliyinin və onların inkişafına dəstəyinin təcəssümü kimi dəyərləndirilir. Bu festival Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin davamı olan daha bir uğur hekayəsi kimi səciyyələndirilir. Bu möhtəşəm tədbir Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrini bir araya gətirərək ölkəmizin multikultural dəyərlərə sadiqliyinin daha bir parlaq nümayişi olmaqla yanaşı, qədim Şuşadan dünyaya musiqinin dili ilə verilən önəmli mənəvi-siyasi mesajların da təqdimatı oldu.

Ədalətin, beynəlxalq hüququn təqdimatı olan İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni vəziyyət bugünədək reallaşdırılması mümkün olmayan addımların gerçəkləşməsinə stimuldur.

Yeganə Əliyeva, «İki sahil»