22 may 2021 01:55
1503

Yeni reallıqlar Azərbaycanın siyasi iradəsinin, hərbi qüdrətinin təcəssümüdür

Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı videoformatda keçirilən müzakirələrdə iştirak edən tanınmış siyasətçilərin, dövlət xadimlərinin Azərbaycanla bağlı söylədikləri xoş sözlər ölkəmizin beynəxalq aləmdə möhkəmlənən mövqeyinin ifadəsidir

Dünya ədəbiyyatına «Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl», «İsgəndərnamə» kimi biri-birindən qiymətli incilər bəxş edən dahi Nizami Gəncəvinin söz xəzinəsini bəzəyən, humanist duyğuların təsirindən yaranan ədəbi-fəlsəfi görüşləri zəngin irsə malik bir dühanın həyata baxışının məhsuludur. Yaradıcılığının məna və mahiyyətini insanlara, cəmiyyətə məntiqi yanaşma təşkil edən, təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, bəşəri ideyaları tərənnüm edən şairin əsərləri sözün ölməzliyinin təsdiqidir. Müasiri olduğu zamanın hadisələrini sözün qüdrəti ilə ifadə edən şairin təfəkkür tərzindən qaynaqlanan hikmətin əsərlərinin əsas motivini təşkil etməsi əbəs deyil. Ədalətin daim qalib gəldiyini tarixi hadisələr fonunda təsvir edən şairin məqsədi insanın bütün varlıqlardan uca, müqəddəs olduğunu göstərməkdir. Bu baxımdan Yaxın və Orta Şərq ədəbiyyatlarında epik ənənənin əsasını qoyan Nizaminin bütün dövrlər üçün böyük əhəmiyyətə malik irsinin öyrənilməsi bu ədəbi məktəbin əbədiliyi baxımından zəruridir. İnsanı ucaldan, adını əbədiləşdirən ülvi məhəbbəti bütün əsərlərində ön planda təsvir edən şairin qəhrəmanlarının obrazında təbiətə, bütün canlılara həyatın davamı kimi baxması bütünlükdə bəşəriyyətin varlığına sonsuz inamın ifadəsidir.

Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri»” adlı videoformatda keçirilən müzakirələrdə qeyd olunduğu kimi, dahi şairin adını daşıyan Mərkəzin yaradılmasında məqsəd qarışıq dünyamızda Nizami irsini təbliğ etmək, insanlara dəyər verrməyin daha vacib olduğunu göstərməkdir.

Dünya Bankının sabiq vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldinin vurğuladığı kimi, səkkiz il öncə, Nizami Gəncəvi irsinin beynəlxalq səviyyədə tanıdılması üçün yaradılan Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə çox işlər görülüb. Dünyanın tanınmış şəxsiyyətlərinin təmsil olunduqları Mərkəzin təşəbbüsü ilə keçirilən tədbirlərin fəaliyyət coğrafiyasının genişlənməsi, dünya ictimaiyyətini maraqlandıran məsələlərin müzakirəsi bu təşkilata marağı artırıb. «Balkanları, Cənubi Qafqazı və Avropanı müzakirəyə çıxartdı. Daha sonra, təşkilatımız beynəlxalq fəaliyyətini genişləndirərək, ABŞ və BMT ilə əlaqələr qurmaq strategiyasını qəbul etdi və daha da inkişaf edən Çinə də diqqət yetirməyə başladı» söyləyən İsmayıl Seragəldinin vurğuladığ kimi, Nizami irsinin və zəngin mədəniyyətə malik Azərbaycanın geniş miqyasda təbliği beynəlxalq platformaya çevrilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dialoq və anlaşma ünvanı kimi tanıtmışdır.

Pandemiya dövründə belə qoyulan məhdudiyyətlərə baxmayaraq
yeni texnologiyalardan istifadə etməklə fəaliyyətini davam etdirən Mərkəz 28 konfransa, 90 sessiyaya ev sahibliyi etmiş, pandemiyaya və onun fəsadlarına qarşı mübarizədə həmrəylik təşəbbüsləri ilə də fərqlənmişdir. Mərkəzin digər həmsədri xanım Vayra Vike-Freyberqa da bütün dünya xalqlarının COVID-19-la üzləşdiyi çətin günlərdə Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən bəhs etmiş, ölkəmizin humanitar təşəbbüslərini bütün xalqların və dövlətlərin birlik və həmrəyliyə çağırışı kimi dəyərləndirmişdir. Dahi şairin 880 illik yubileyinin qeyd olunduğu 2021-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi konfrans xüsusilə əhəmiyyətlidir. Konfransda günümüzün, dünya siyasətinin qlobal problemlərinə həsr olunan «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı müzakirənin keçirilməsi, regionda baş verən kəskin dəyişikliklərin diqqətə çatdırılması, yaranan yeni vəziyyət hadisələrə zamanın tələblərinə uyğun yanaşmalar tələb edir. Mərkəzin beynəlxalq təsisata çevrilməsini Nizami irsinə maraq adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edən məşhur siyasətçilərin, tanınmış xadimlərin Mərkəzin fəaliyyətində iştirakı nadir hadisə, maraq doğuran təcrübədir.

«Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur» söyləyən, müzakirə olunan məsələnin aktuallığını, İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə başa çatmasından sonra Cənubi Qafqazda yaranan yeni reallıqları diqqətə çatdıran Prezident İlham Əliyev 30 il davam edən işğal faktından, 44 gün davam edən müharibədə ölkəmizin siyasi, iqtisadi, hərbi üstünlüklərindən bəhs etməklə Ermənistanın regionda sabitliyin pozulmasına yönələn və illərdən bəri davam etdirdiyi separatçılıq siyasətindən söz açmış, Dağlıq Qarabağ münaqişəsinə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın əhəmiyyətini, regiona sabitlik gətirəcək yeni reallıqları diqqətə çatdırmışdır.

Fikirlərini «Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq» sözləri ilə ifadə edən dövlət başçımız təkcə Cənubi Qafqaz üçün deyil, bütünlükdə qitə dövlətlərinin iqtisadi inkişafı, əməkdaşlığın daha da möhkəmlənməsi üçün böyük əhəmiyyətə malik enerji, nəqliyyat layihələrinin perspektivlərindən də söz açmışdır: «Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik.»

Cənubi Qafqazda sabitliyin yaranmasına mane olmağa çalışan maraqlı qüvvələrin, hadisələrin gərginləşməsinə yönələn emosiyaların, təxribatların qarşısının birgə səylərlə alınacağını da bildirən dövlət başçımız 44 gün davam edən İkinci Qarabağ müharibəsini haqqın, ədalətin təntənəsi adlandırdı. Ali Baş Komandan kimi Azərbaycana Zəfər qazandıran, hədəfə yönəlmiş məntiqli çıxışları, açıqlamaları, qərəzli sualları belə səbrlə dinləməklə informasiya müharibəsində də düşmən üzərində Qələbəmizi təmin edən Prezident İlham Əliyev siyasi hazırlığı, qətiyyəti, hadisələrə obyektiv baxışı ilə də diqqət cəlb etmişdir. Artıq müharibə Azərbaycanın Qələbəsi ilə başa çatdı. İndi regional sabitliyə ciddi şəkildə töhfə verəcək perspektivlər barədə danışmağın vaxtıdır. Qitələri birləşdirən enerji və nəqliyyat layihələrinin müəllifi olan Azərbaycanın regionda tamamilə yeni bir vəziyyətin yaranması üçün göstərdiyi səylər ölkəmizin çoxformatlı əməkdaşlıq prisipinə sadiqliyinin və dövlət başçımız İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür. «Bu gün Cənubi Qafqazda əlimizdə olanların təməli bizim birgə səylərimiz sayəsində qoyulub. hazırda üzərində işlədiymiz layihələrdən biri Qərbi Balkan ölkələrinin infrastrukturuna qoşulmaqla, Avropanın enerji bazarında iştirakımızın genişləndirilməsindən ibarətdir» sözləri ilə müharibədən sonra yalnız quruculuq işlərinə diqqət yetiriləcəyini bildirən Prezident İlham Əliyev Rusiya ordusunun baş qərargah rəisi və NATO-nun hərbi komandanı arasında Bakıda keçirilən görüşləri xatırladaraq bildirmişdir ki, ölkəmizə olan bu inam və etimad xarici siyasətimizin uğuru , Azərbaycanın siyasi sabitlik baxımından nadir ölkələrdən olması ilə bağlıdır. İşğaldan azad olunan ərazilərimizdə aparlan quruculuq və abadlıq işlərində iştirak etmək üçün Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirən ölkələrin sayının artması da beynəlxalq aləmdə möhkəmlənən nüfuzumuzun siyasi müstəvidə təsdiqidir.

Ermənistan üzərindəki Zəfərimiz beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi. Əfsuslar olsun ki, Ermənistan siyasi dairələrində məğlubiyyətlərini etiraf etməkdən qorxan revanşist qüvvələr hələ də gərginiliyi artırmaqda maraqlıdırlar. Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində işğalçı ölkədə vəziyyətin mürəkkəbləşməsi, azərbaycanofobiyanın güclənməsi, təhdidlərin səslənməsi göstərir ki, məğlubiyyətlərindən dərs almayan ermənilər faşizm mahiyyətlərindən əl çəkmirlər. Bölgə ölkələri arasında infrastrukturun yaranmasında mühüm əhəmiyyətə malik məsələ olan Zəngəzur dəhlizinin bərpasını istəməyən tərəflərin təxribatları gərginliyi artırır.

Ancaq torpaqlarını işğaldan azad edən Azərbaycanın nəyə qadir olduğunu ordusu tamamilə məhv edilən, iqtisadiyyatı çökən Ermənistan daha yaxşı bilir. Ona görə də imzalanan bəyanatlarda nəzərdə tutulan vəzifələrin vəd olunduğu vaxtda həlli ilk növbədə Ermənistan üçün zəruridir. Prezident İlham Əliyevin «Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmaqla vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionun br hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır» sözləri yeni reallıqların bələdçisidir.
 

Xuraman İsmayılqızı, «İki sahil»