19 may 2021 22:36
1333

Multikulturalizm xalqımızın alternativi olmayan həyat tərzinə çevrilib

Vətən müharibəsində qazanılan Zəfər, «Xarıbülbül» festivalı Azərbaycanda yaşayan müxtəlif dinlərə, dillərə məxsus xalqların birlik və həmrəylik nümunəsidir

Multikulturalizmin Azərbaycanın dövlət siyasəti olması beynəlxalq aləmdə təsdiqlənən reallıqdır. Əsrlərlə müxtəlif dinlərin və etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycan qonşularla münasibətində də qarşılıqlı etimada əsaslanan siyasət həyata keçirir. Ölkəmizdə məskunlaşan müxtəlif xalqları, millətləri təmsil edən vətəndaşların ikinci Vətən adlandırdıqları tolerant ölkə olan Azərbaycan əsrlərdir qardaşlıq diyarı kimi tanınır. Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda, Bakı Humanitar forumları kimi başqa beynəlxalq tədbirlərdə əsas diqqətin multikulturalizmin təbliğinə yönəldilməsi, bir neçə ölkədə Azərbaycanın tolerantlıq təcrübəsinin öyrənilməsi respublikamıza marağı artırır. Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsində, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rola malik tolerantlıq milli sərvətimizdir. Tarixi İpək Yolu üzərində yerləşən ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə müasir dövrdə ölkəmizdə gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə sadiqliyinin nümunəsidir. Azərbaycanın dünyada nadir çoxmillətli və çoxkonfessiyalı ölkə olması təsdiqlənmiş reallıqdır. Respublikamızda müxtəlif dinlərin, etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşaması, mənəvi dəyərlərinə bağlılığı nümunə göstərilir. Dünyanın ən qədim məscidi Şamaxıda, 743-cü ildə inşa edilib. Ən qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycandadır. Prezident İlham Əliyevin «Bizim üçün multikulturalizm dövlət siyasətidir. Biz bu vacib məsələlərin müzakirə edilməsi üçün müxtəlif tədbirlər təşkil edirik. Biz hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunu təşkil edirik. Mütəmadi olaraq biz Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edirik. Burada da əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir» sözlərini ölkəmizdə keçirilən Dünya Dini Liderlərinin Zirvə toplantıları da təsdiqləyir.

44 gün davam edən İkinci Qarabağ müharibəsində respublikamızda yaşayan müxtəlif millətlərin nümayəndələrinin Ermənistanın işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda birgə vuruşması da göstərdi ki, bölünməz Azərbaycan dinindən, dilindən asılı olmayaraq bütün ölkə vətəndaşları üçün müqəddəsdir, doğmadır. Milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqların dini bayramlarının, ayinlərinin keçirilməsi də ölkəmizdə multikultural dəyərlərə göstərilən diqqətdir.

Şad gündə də, çətinlikdə də bir olmağı bacaran xalqlarımız işğaldan azad olunan Şuşada keçirilən «Xarıbülbül» festivalında da əsrlərə söykənən milli birlik və həmrəyliklərini nümayiş etdirdilər. «Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır» söyləyən Prezident İlham Əliyevin sözləri Azərbaycanda multikultural dəyərlərin musiqi dili ilə təcəssümüdür. Mədəniyyətimizin paytaxtı Şuşada təşkil olunan festivalda ölkəmizdə məskunlaşan müxtəlif xalqların milli rəqslərinin nümayişi tolerantlıq nümunəsidir.

İşğaldan azad olunan ərazilərimizə səfərləri zamanı ermənilər tərəfindən dağıdılan, viran qoyulan dini abidələrin bərpa olunacağını bildirən Prezident İlham Əliyevin alban, udi xalqlarına məxsus kilsələrin də təmirinə diqqət göstərməsi Azərbaycanın multikultural siyasətindən qaynaqlanan humanizmdir.

Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Qəbələnin Nic qəsəbəsində yerləşən, Heydər Əliyev Fondu tərəfindən təmir olunan Müqəddəs Məryəm Ana Alban kilsəsini ziyarət etmələri azsaylı xalqların mənəvi dəyərlərinə diqqətdir. 2020-ci ilin noyabr ayında, 44 günlük müharibə davam etdiyi müddətdə bərpa işləri başa çatdırılan kilsənin tikintisində kərpiclərin daşla əvəz olunması bu müqəddəs məbədə əbədi yaşam haqqı qazandırmışdır. Kilsənin tavanının, döşəməsinin dəyişdirilməsi, bərpa işlərinin Afina memarlığına uyğun aparılması bəşəri dəyərlərin ölkəmizdə tətbiqinin nümunəsidir.
«Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz» söyləyən Prezident İlham Əliyevin vurğuladığ kimi,
Şuşada «Xarıbülbül”» festivalında udi xalqının sənətkarlarının çıxış etməsi göstərdi ki, müxtəlif xalqların mədəniyyətlərinin və mənəvi dəyərlərinin qorunması milli zənginliyimizdir. Ermənilərin özününküləşdirdikləri Kiş kəndindəki ən birinci, qədim kilsənin alban simvollarına uyğun yenilənməsi, alban dilinin öyrədilməsi üçün göstərilən diqqət, yararsız halda olan məktəblərin təmiri üçün vəsaitlərin ayrılması azsaylı xalqların milli dəyərlərinin qorunmasına göstərilən qayğıdır. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Müqəddəs Yelisey adına Cotari kilsəsində şam yandırmaları multikultural dəyərlərə sadiqlikdir.

Nic qəsəbəsində hazırda 3 kilsənin, 2 məscidin olması, dünyadakı 10 minə yaxın udinin 4 minə yaxınının Nicdə yaşaması Arəbaycanda konfessiyalararası münasibətlərin qarşılıqlı hörmət və etimad əsasında təşəkkülünə nümunədir.

Xuraman İsmayılqızı, «İki sahil»