Mənfur niyyətləri naftalin iyi verən antimillilər «Xarıbülbül»ün möhtəşəmliyindən də nəticə çıxarmırlar
AXC- Müsavat hakimiyyəti dövründə səriştəsizlikləri üzündən Azərbaycanı parçalanmaq, vətəndaş müharibəsi həddinə çatdıran, ümumi adları «cəbhəçilər» olan iqtidarsızların dəyişilməyən niyyətləri kresloya sahiblənməkdir. Hər cür xəyanətə əl atan, torpaqları belə ermənilərə satan milli xəyanətkarlar üçün yeganə alınmaz qala isə ulu öndər Heydər Əliyev şəxsiyyəti, bu müdrik insana el məhəbbəti, etimadı idi. Xalqı ağır vəziyyətdən qurtarmaq gücünə, idarəçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyevə fiziki və mənəvi təzyiqlər göstərməkdən belə çəkinməyən satqınlar dəfələrlə təxribatlara əl atsalar da, xalqın iradəsi qarşısında məğlub olmuşlar. O vaxt ölkənin siyasi həyatında, bütün dövlət strukturlarında faktiki olaraq AXC monopoliyası hökm sürürdü. Bütün vəzifələrə təyinat üçün yeganə prinsip AXC-yə mənsubiyyət idi. Səriştəyə, professionallığa, hətta adi savada belə əhəmiyyət verməyən AXC-Müsavat iqtidarının ölkəni uçuruma aparan bu seçimi sonrakı illərdə acı nəticəsini göstərdi. Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi müddətdə «Nezavisimaya qəzeta»ya müsahibəsində belə yarıtmaz üsul –idarədən narahatlığını bildirən ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, adi danışıq tərzi və cəfəng fikirləri ilə dövlətçiliyə ziyan vuranların yol verdikləri səhvlər biri-birindən təhlükəli idi: « Ən xoşagəlməzi budur ki, öz fəaliyyətlərində antidemokratik, bəzən isə terror üsulundan istifadə edənlər özlərini demokrat adlandırırlar. Bu isə demokratiya ideyasının özünü dəyərsizləşdirir və buna görə də xalq arasında demokrat sözünün təhqiramiz səslənməsi təəccüb doğurmur.»
1992-ci ildə Naxçıvan MR Daxili İşlər Nazirliyinin və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binalarının AXC-nin Naxçıvan şöbəsi rəhbərliyinin qeyri-qanuni silahlı dəstələri tərəfindən zəbt edilməsində də məqsəd muxtar respublikada rəhbərliyi ələ keçirmək idi. Həmin vaxt muxtar respublika Ali Məclisinin binasının qarşısına toplaşan naxçıvanlılar AXC-nin hərəkətlərinin qarşısını aldılar. Ən pisi o idi ki, iqtidarda olan AXC-Müsavat cütlüyünün rəhbərləri muxtar respublikada baş verənlərə maraq göstərməmiş, dövlət çevrilişlərinə cəhdləri dəstəkləmişlər. Vəziyyətlə bağlı Naxçıvan MR Ali Məclisininin fövqəladə sessiyasında müzakirələr aparılıb, bəyanat qəbul olunsa da, Bakının bəzi dairələri tərəfindən təlimatlandırılan başıpozuq dəstənin silahlı üzvlərinin blokada şəraitində olan muxtar respublikada sabitliyin pozulmasına yönələn qeyri- qanuni hərəkətləri barədə ciddi tədbir görülmədi. Əksinə, həmin iqtidarda təmsil olunan baş nazir Pənah Hüseynov Naxçıvanın muxtariyyatının ləğvi ilə bağlı xəyanətkar ideya ilə çıxış etdi.
Bütün əməlləri dövlətə xəyanətdən ibarət olan AXC- Müsavat hakimiyyətinin daha təhlükəli hərəkəti Gəncə hadisələri üçün zəmin yaratmaları oldu. Bu cütlüyün hakimiyyətindən cana doyan və Azərbaycanı gözləyən təhlükəni hiss edən bütün xalq çıxış yolu kimi dünya siyasətçiləri arasında sayılıb-seçilən müdrik şəxsiyyət Heydər Əliyevi Bakıya dəvət edib, xilaskarının ətrafında birləşdi.
Bu günlərdə Naxçıvana səfəri zamanı o dövrdə muxtar respublikadakı gərgin, mürəkkəb siyasi vəziyyəti, baş verən hadisələri bir daha xatırladaraq hələ də xəyanətlərini davam etdirən dağıdıcı qüvvələrin mənfur niyyətlərindən söz açan Prezident İlham Əliyevin bildirdiyi kimi, xalqın Ulu Öndərə sonsuz etimadını özlərinin məhvi kimi anlayan AXC-Müsavat cütlüyünün tarixi xəyanətlərini xalq heç vaxt bağışlamır: «Əlavə olaraq deməliyəm, o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, öz marionetlərini gətirsinlər və faktiki olaraq Naxçıvanı da ermənilərə bağışlasınlar. Onlar buna da hazır idilər, təki Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün. Ancaq Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı bütün bu planları – ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir və Naxçıvanı Heydər Əliyev qorumuşdur, necə ki, ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya bildi. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur.»
Sonrakı hadisələr, Ulu Öndərin əsasını qoyduğu siyasətin, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın dünyada qüdrətli dövlət kimi tanınması, 44 davam edən müharibəni Zəfərlə başa vurub, 30 ilə yaxın davam edən işğala son qoyulması da Vətənə xəyanəti özləri üçün peşə hesab edənlərin məcazına uyğun gəlmir. İqtidarda olduqları dövrdə torpaqlarımızın işğalına səbəb olanlar heç olmasa bu günlərdə belə xalqın sevincinə şərik olmağı özlərinə rəva görmürlər. AXC-Müsavat hakimiyyəti dövründə məsul vəzifədə olanlar qazanılmış uğurlarımıza kölgə salmaq üçün erməni təşkilatları ilə əməkdaşlıq edir, ağa qara deyərək xəyanətkar əməllərini təkrarlayırlar.
Şuşanın itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. O vaxt Azərbaycanda hakimiyyət, kreslo, daha çox varidata sahib olmaq uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyü Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. Bu cütlüyün «məsul şəxsi», riyaziyyat müəllimi olsa da, müdafiə naziri işləyən Rəhim Qazıyev demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Lakin Azərbaycanın incisini ermənilərə təhvil verən Rəhim Qazıyevin başına çaxacağı güllənin səsi hələ də eşidilmir.
Şuşadan sonra Kəlbəcəri düşmənə təhvil verən, günahsız, əliyalın insanları başdan ayağa silahlanan ermənilərin qarşısında köməksiz qoyub, çıxış yolunu fərarilik etməkdə görən o dövrdəki Ali Baş Komandan, dövlət katibi, parlamentin sədri qaçıb gizləndilər. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fərarilikdir və bunu heç vaxt bağışlamaq olmaz.
Bəla burasındadır ki, vaxtılə torpaqları ermənilərə təhvil verənlər hələ də günahlarını etiraf etmək niyyətində deyillər. Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Milli Ordumuzun torpaqlarımızı işğaldan azad etmələrinə nəinki sevinmirlər, hətta bu Zəfərimizə qara eynək arxasından baxaraq böhtanlar yağdırırlar. AXCP sədri Əli Kərimlinin trolları, okeanın o tayında ermənilərlə əlbir olub Azərbaycan əleyhinə təxribatlar aparan Sevinc Osmanqızı kimi digər milli satqınlar da Şuşada keçirilən «Xarıbülbül» festivalına, Azərbaycanın mədəniyyət paytaxtında, işğaldan azad olunmuş digər ərazilərdə aparılan abadlıq- quruculuq işlərinə qara yaxırlar. Türk dünyasının birlik və həmrəyliyi üçün «yaşıl işıq» yandıracaq Zəngəzur dəhlizinin bərpasına belə erməni mövqeyindən yanaşırlar. Anlaşılan budur ki, əqidəsi, məramı ermənilərə xidmətdən ibarət olan antimillilərin illərdən bəri sadiq qaldıqları pula hərislik xüsusiyyətləri dəyişilməzdir. Görünür ataların «qozbeli qəbir düzəldər» məsəli milli xəyanətkarların boyuna biçilib.
Xuraman İsmayılqızı, «İki sahil»
Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL