18 may 2021 22:09
1323

Yollar həm insanların rahatlığını təmin edir, həm də iqtisadiyyatın hərtərəfli inkişafında mühüm rol oynayır

Dövlətimizin başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi bunun təsdiqidir

Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, dünyaya səs salan yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb.

Reallıq budur ki, 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görür, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir ki, hər kəs bu sahədə çox ciddi islahatlar aparıldığını, Azərbaycanın reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayandığını görsün. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni vəziyyət yaradıb. «Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz: «Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq.”

Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib. Bu proses bu gün də davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına start verilib. Bu işlər planlı şəkildə görülür. Cənab İlham Əliyev bildirir ki, Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik.

Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində də önəmli layihələr icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Azərbaycanla tərəfdaş ölkələr hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz artıb. Bizim dəmir yolu infrastrukturumuzdan bir çox ölkələr istifadə edir.

Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Hava Aeroportu beşulduzlu hava limanıdır və dünyada belə hava limanlarının sayı 10-a yaxındır. Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev bildirir ki, son illərdə 7 hava limanı inşa edilib. Onlardan 6-sı beynəlxalq statusa malikdir və bütün növ, o cümlədən ən ağır yük təyyarələrini qəbul edə bilir. Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib. Azad edilmiş torpaqlarda - ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək.

Göründüyü kimi, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət bu reallığı yaratmışdır. Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub.

Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu «Azərbaycan -2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü doğrultdu. Konkret, konseptual proqramlar, düşünülmüş, ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demoqrafik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli işlahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.

Dünya Bankının «Doing Business» hesabatında Azərbaycan öz liderliyini qoruyur. Azərbaycan ən islahatçı 10 ölkə sırasındadır. «Ona görə bir daha demək istəyirəm ki, biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq» söyləyən Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı on ildə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir.

Qarşıdakı illər üçün nəzərdə tutulan quruculuq və abadlıq işlərinin istiqaməti, məqsədi artıq bəllidir. 44 gün davam edən Vətən müharibəsində qazandığımız zəfər hərbi qüdrətimizi təsdiqləməklə görüləcək işlərin prioritetlərini də müəyyənləşdirir. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək. Şərqlə Qərb arasında körpü olan Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsi üçün yeni istiqamətlər artıq bəllidir. Sənəddə qeyd olunduğu kimi, mərhələ üzrə həyata keçiriləcək vəzifələr 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olması nəzərə alınmaqla müəyyənləşdirilən prioritetlərdə ölkə vətəndaşlarının rifah səviyyəsinin artırılmasına, yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə əsaslanan yeniliklərə xüsusi diqqət yetirilir. Hazırda dövlətimizin qarşısında duran ən mühüm məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır. Bunun üçün uzunmüddətli, davamlı quruculuq işlərinə artıq start verilib. Dövlətimizin başçısı İlham Əliyevin quruculuq və bərpa işlərinin əsas tərkib hissəsi kimi öncə yol-nəqliyyat infrastukturunun bərpasına xüsusi diqqət göstərməsi diqqətdən yayınmır. Füzulidə "Zəfər yolu"nun və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti bunun bariz nümunəsidir. İşğaldan azad olunmuş rayonlar üzrə hazırda Horadiz-Ağbənd dəmir yolu istiqamətində infrastruktur işlərinə başlanılıb. Dövlətimizin başçısının Qarabağın ürəyi Şuşaya gerçəkləşdirdiyi üç səfərə diqqət yetirmək kifayətdir. Həmin bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək
 üçün yol infrastrukturunun bərpası prioritetdir. Davamlı və yüksək iqtisadi artımın sosial islahatların həllinə yönəldilməsi istiqamətində Azərbaycanın malik olduğu təcrübənin şaxələndirilməsi qarşıdakı illərdə də davam etdiriləcək. Beynəlxalq aləmdə özünü doğruldan yeniliklərdən ölkə vətəndaşlarının bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyətin formalaşmasına diqqət artırılacaq. Regionların sosial- iqtisadi inkişafı Dövlət proqramlarında olduğu kimi, 2030-cu ilədək görüləcək işlərin xronologiyasını əks etdirən Milli Prioritetlərdə də paytaxtın və regionların tarazlı inkişafı üçün mühüm vəzifələr əksini tapır. Cənab İlham Əliyevin bu günlərdə Qəbələ rayonuna səfəri zamanı açılışında iştirak etdiyi sosial obyektlərə, eyni zamanda, səfərdən sonra imzaladığı sərəncamlara diqqət yetirmək kifayətdir. Əsas diqqət göstərilən məsələ yenə də yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsidir. «Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında» Prezident Sərəncamı bunun təsdiqidir.

Təhlil bu ümumiləşdirməyə əsas verir ki, dayanıqlı inkişafın təmin olunması bütün istiqamətlərdə nəzərdə tutulan planlarının, müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə stimul verir.

Yeganə Əliyeva, «İki sahil»