23 aprel 2021 17:32
1467

Aqroparklar: Kənd təsərrüfatında yüksək məhsuldarlığın yeni texnologiyası

Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində aqroparkların yaradılmasından bəhs edib bunun kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsi olduğunu bildirib. Ölkə başçısı vurğulayıb ki, böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur.

Qeyd edək ki, aqropark kənd təsərrüfatı istehsalının qeyri–kənd təsərrüfatı fəaliyyətləri ilə bir yerdə, vahid istehsal məkanında qruplaşdırılması və həmin fəaliyyətlərin qarşılıqlı əlaqələndirilməsidir. Aqropark kənd təsərrüfatı məhsullarının istehsalı və emal proseslərinin aqrotexniki, logistika, marketinq, satış və digər xidmətlərin vahid məkanda elə bir formada birgə fəaliyyətidir ki, nəticədə həm xammal istehsalı, həm də emal prosesləri yüksək rentabelliliyə gətirib çıxarmalıdır. Onlardan ixtisaslaşmış aqropark - hər hansı bir növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, onların marketinqi və satışı ilə əlaqədar fəaliyyətlərin bir yerdə qruplaşdığı təsərrüfatçılıq subyektidir. Qarışıq aqropark  isə  bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, marketinqi, satışı və ixracı ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinasiya olunmuş təsərrüfatçılıq subyektidir.

Azərbaycanda aqroparkların yaradılmasına 2014-cü ildən başlanılıb və 33 rayonda üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 yaradılması nəzərdə tutulub ki, onlardan əksəriyyəti artıq fəaliyyətdədirlər. Aqropark və iri fermer təsərrüfatlarına dövlət dəstəyi tədbirləri çərçivəsində 535 milyon manat, o cümlədən zəruri infrastruktur işlərinə 339 milyon manat dövlət əsaslı vəsaiti qoyulub və ümumi dəyəri 780 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 196 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb. Bununla yanaşı, əksər aqroparka investisiya təşviqi sənədi verilib.

Prezident İlham Əliyev müsahibəsində deyib ki, bütün ölkə üzrə aqroparklarda çalışanların sayı yeddi mini ötüb. Bu, aqroparkların regionlarda yaşayan əhalinin məşğulluğunun təmin edilməsindəki rolunun göstəricisidir.

Ölkə başçısı həmçinin bildirib ki, Hacıqabulda yeni istifadəyə verilmiş iki aqroparkda taxılçılıqdan məhsuldarlıq hektardan 60 sentnerdir. Bu, ölkə, o cümlədən Hacıqabul rayonu üzrə olan göstəricidən iki dəfə yüksəkdir. Eyni zamanda, “Azərsun Şamaxı Aqropark”ının heyvandarlıq kompleksində 2000 baş südçülük istiqamətli olmaqla, 5000 baş iribuynuzlu heyvan saxlanılır. Gündəlik süd istehsalı 50 tondur. Müəssisə gələn ildən etibarən 1000 baş damazlıq düyə yetişdirməyi hədəfləyir. Kompleksdə Azərbaycanda ilk dəfə embrion köçürülməsi həyata keçirilib. “Agro Dairy” MMC-nin Hacıqabuldakı aqroparkında isə növbəli əkin sistemi, intensiv aqrotexnologiyalar tətbiq edilir, təkrar əkin həyata keçirilir. Nəticədə ildə iki dəfə yüksək keyfiyyətli məhsul almaq mümkün olur. Müəssisə, həmçinin toxumçuluqla məşğul olur və bu sahədə fəaliyyətini “seleksiyaçı-toxumçu-əmtəəlik məhsul istehsalçısı” prinsipinə əsaslanaraq həyata keçirir.

Aqroparkların kənd təsərrüfatı sahəsində istehsalında payı məlum olmasa da, bu iki aqroparkın timsalında onu demək mümkündür ki, belə müəssisələrin yaradılması ilə kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlığa nail olunması ölkənin ərzaq təhükəsizliyinin təmin edilməsi istiqamətində bir nömrəli məsələdir. Bu baxımdan aqroparkların yaradılması yeni biznes texnologiyası olmaqla kənd təsərrüfatı sahəsində aparılan islahatların mühüm tərkib hissəsi olmaqda davam edəcəyi şübhəsizdir.

       

       Ceyhun Piriyev, “İki sahil”