2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinin icrasına dair məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə 2 milyard 513,7 milyon manat vəsait transfert edilib ki, bu, proqnoza nisbətən 536,3 milyon manat və yaxud 17,6 faiz azdır. Maliyyə Nazirliyi bəyan edib ki, proqnozun tam yerinə yetirilməməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin büdcə proqnozunu artıqlaması ilə icra etməsi və büdcə kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması ilə bağlıdır.
Qeyd edək ki, cari ilin birinci rübündə dövlət büdcəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə 2 milyard 85,7 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 363,8 milyon manat və ya 21,1 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə 943,6 milyon manat vəsait daxil edilib ki, bu da proqnoza nisbətən 158,6 milyon manat və ya 20,2 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən mədaxil isə 115 milyon manat vəsait təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon manat və ya 5 faiz çoxdur. Sair daxilolmalar üzrə dövlət büdcəsinə 78,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 48,4 milyon manat və ya 2,6 dəfə çoxdur. Başqa sözlə, bu mənbələrdən dövlət büdcəsinə 576,3 milyon manat əlavə vəsait daxil olub ki, bu da Dövlət Neft Fondundan proqnoz olunandan daha az vəsait transfert olunmasına imkan verib. Dövlət Neft Fondundan transfertin azalmasına baxmayaraq cari ilin birinci rübündə dövlət büdcəsində 212,7 milyon manat məbləğində profisit yaranıb.
Hərçənd ki, Neft Fondundan bu il ərzində büdcəyə transfertin məbləği ötən illə eynidir. Eyni zamanda, cari ilin dövlət büdcəsinin xərclərinin 28 milyard 543 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da ötən ildəkindən 1 milyard 50 milyon 800 min manat və ya 3,8 faiz çoxdur. Maliyyə Nazirliyinin məlumatından belə məlum olur ki, 1-ci rübdə dövlət büdcəsinin xərcləri 5 milyard 523,7 milyon manat bu da ötən ilin eyni dövrünə nisbətən 269,1 milyon manat və ya 5,1 faiz çoxdur.
Həmçinin o da məlumdur ki, bu ilin birinci rübündə Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilmiş hərraclarda 1 milyard 479,9 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirə bilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46,6 faiz azdır. Satılan valyutanın manatla ifadədə 2 milyard 515,83 milyon manat edir ki, bu da Fondun rüb ərzində dövlət büdcəsinə köçürdüyü vəsaitə bərabərdir.
Bu mənada Fond təkcə büdcə qarşısında rüblük öhdəliyini yerinə yetirmək üçün valyuta hərraclarında 1 milyard 794 milyon 117,65 min ABŞ dolları satmalı idi. Ancaq göründüyü kimi, rüb ərzində satılmış valyutanın məbləği 314 milyon 217,65 dollar və ya 534 milyon 170 min manat az olmaqla büdcəyə transfert planının 82,5 faizidir. Xatırladaq ki, 2019-cu ilin ilin birinci yarısında Neft Fondu büdcəyə transfert planının 50 faizini icra etməli olsa da, xarici valyutaya tələbin azalması səbəbindən bu göstərici 39 faiz olmuşdu.
Digər tərəfdən, Neft Fondu 2021-ci ilin yanvar-mart ayları ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 953 milyon 498 min ABŞ dolları, “Şahdəniz” yatağından isə (qaz və kondensat da daxil) 29 milyon 166 min ABŞ dolları gəlir əldə edib. Ötən ilin eyni dövrdə mənfəət neftinin və qazın satışından əldən olunan gəlir 2 milyard 997,9 milyon dollar olmuşdu.
Bununla belə, büdcəyə transfert proqnozu illik əsasda təsdiq olunduğundan onun icra səviyyəsi ilin müəyyən dövrlərində müxtəlif ola bilir. Yəni, rüblük transfert planı ilin növbəti rüblərində icra edilməsi mümkündür və bu, Fondun öhdəliyidir.
İstənilən halda dövlət büdcəsinə digər mənbələrdən proqnozdan əlavə vəsaitin daxil edilməsi fonunda Neft Fondunun rüblük transfert planını tam icra etməsinə ehtiyacın yaranmaması həmin mənbələrin büdcənin formalaşmasındakı imkanlarından xəbər verir.
Ceyhun Piriyev, “İki sahil”
Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL