19 aprel 2021 17:46
1336

İqtisadiyyatın kiçilməsi tempi azalıb: Bərpa prosesi başlayıb?

Dövlət Statistika Komitəsinin açıqladığı 2021-ci ilin yanvar-mart ayları üzrə makroiqtisadi göstəricilərdən belə məlum olur ki, ölkə iqtisadiyyatının kiçilməsi tempi azalıb. Belə ki, ölkədə ümumi daxili məhsul istehsalı cari ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz, yanvar-fevral aylarında 3,2 faiz azalsa da, yanvar-mart ayları üzrə azalma 1,3 faiz təşkil edib. Neft-qaz sektorunda əlavə dəyər yanvarda 6,2 faiz, yanvar-fevral aylarında 7,5 faiz azalmışdısa, rüblük azalma 7,3 faiz olub. Qeyri neft-qaz sektorunda isə yanvarda 0,1 faiz artım qeydə alınsa da, fevralda 0,4 faiz azalma olmuşdu. Lakin rüb ərzində bu sektorda 2,1 faizlik artım qeydə alınıb.

Buradan belə bir sual yaranır: İqtisadiyyatın bərpası prosesi başlayıbmı?  

Əvvəlcə ondan başlayaq ki, COVID-19-un iqtisadiyyata təsiri ötən ilin mart ayında hiss edilməyə başlamışdı. Belə ki, yanvar ayında 2,4 faizə, yanvar-fevral aylarında 2,8 faizə çatan iqtisadi artım martda 1,1 faizə enmişdi. Neft-qaz sektorunda azalma hələ yanvar ayında başlamışdı. Lakin yanvarda 0,7 faiz olan azalma yanvar-fevral aylarında, həmçinin rüb ərzində 2,1 faizə çatmışdı. İqtisadiyyatın qeyri neft-qaz sektorunda isə əlavə dəyər yanvarda 4,9 faiz, yanvar-fevral ayları üzrə 6,7 faiz artsa da, mart ayının hesabına rüblük göstərici 3,5 faizə enmişdi.

Məlum məsələdir ki, “OPEC plus” razılaşması çərçivəsində neft hasilatının azadılması ötən ilin birinci rübü ilə müqayisədə bu ilin eyni dövründə neft-qaz sektorunda ÜDM-in azalmasını şərtləndirib. Lakin ötən ilin birinci rübündə də əvvəlki ilə nisbətən azalmanın qeydə alınması cari ilin birinci rübünün göstəricisinə öz təsirini göstərib. Əks təqdirdə, azalma göstəricisi daha böyük ola bilərdi.

Qeyri-neft sektorunda da vəziyyət eynidir. 2020-ci ilin yanvar-fevral ayları üzrə bu sektorda 6,7 faizlik artımın qeydə alınması fonunda  cari ilin eyni dövrünün müqayisəsində özünü göstərib. Həmçinin pandemiyanın iqtisadiyyata, o cümlədən qeyri-neft sektoruna təsirinin 2020-ci ilin mart ayından başlaması və bunun rüblük nəticəyə təsir etməsi cari ilin eyni dövrü üçün artımın qeydə alınmasına imkan verib.

2021-ci ilin növbəti dövrünün də bu cür davam edəcəyi gözləniləndir. Nəticədə “OPEC plus” üzrə yeni “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycanın gündəlik xam neft istehsalını may ayından etibarən artırması, Cənub Qaz Dəhlizi çərçivəsində təbii qaz hasilatının artması, peyvəndləmə prosesinin pandemiyanın idarə olunmasına imkan verəcəyi ilə bağlı gözləntilər, eyni zamanda, ötən il iqtisadiyyatın 4 faizdən çox kiçilməsi iqtisadi artımla bağlı nikbin proqnozları dəstəkləyir.

Bununla belə, söhbət heç də iqtisadiyyatın qısa zamanda pandemiyadan əvvəlki dövrə qayıdacağından getmir. Böhranın miqyası və əvvəlki böhranlarla müqayisəsi də onun tez bir zamanda aradan qaldırılmasını təsəvvür etməyə belə imkaan vermir. Lakin ÜDM-dəki azalmanın yanvar-fevral aylarındakı 3,2 faizlə müqayisədə yanvar-mart aylarında 1,3 faizə enməsi iqtisadiyyatın azalması prosesinin artıq arxada qalmasından xəbər verir. Elə beynəlxalq maliyyə qurumlarının Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını yaxşılaşdırmaları da bu niyyətdən irəli gəlir.    

      Ceyhun Piriyev, “İki sahil”