KÖŞƏ

Vəli İlyasov

Ermənistanın iyrənc «B» planı

06 aprel 2021 23:57
1455

Ərazilərimizin işğaldan azad edilməsindən beş ay keçməsinə baxmayaraq o yerlərə getmək hələ də təhlükəlidir. Ermənistan hərbçilərinin mina basdırdıqları sahələr barıt çəlləyini xatırladır. Verilən məlumata görə indiyədək yurd-yuvasını görməyə tələsən və vəzifəsini icra edən 40-dan çox soydaşımız mina partlayışı nəticəsində həlak  və ya şikəst olmuşlar. Ancaq namərd ermənilər hətta məğlub durumda da öz xəbis niyyətlərindən əl çəkmirlər. Onlar minalanmış sahələrin xəritələrinin guya Baş Qərargahda itdiyini iddia edirlər. Lakin bu, yalandır, xəritələr heç cür itə bilməz. Çünki iyirmi yeddi ildir ki, o xəritələrdə qeyd olunmuş məxfi yerlərə Ermənistan dövləti yüz milyonlarla dollar pul xərcləyib və müharibəni davam etdirmək üçün silah-sursat və ərzaq ehtiyatları gizlədib.

Məlumdur ki, ermənilərin minalanmış ərazilərin xəritələrini verməməsi təkcə qatı düçmənçilik və ya namərdlik deyil, həm də Azərbaycana qarşı  hazırlanmış növbəti məkrli planın tərkib hissəsidir. Rəsmi İrəvan elə düşünür ki, minalanmış ərazilərin xəritələrini verməməklə işğaldan azad edilən Qarabağa yerli  əhalinin qayıdışını əngəlləyəcək, bərpa prosesini uzun zaman ləngidəcək və bu müddət ərzində hazırlaşıb yenidən işğala cəhd edə biləcək. Təbii ki, bu, yeni bir plan deyil. Bu, ermənilərin hər zaman aktual saxladığı "B planı"dır. Bu mənfur plan bir neçə il əvvəl tərtib edilərək ehtiyatda saxlanılıb. Mənfur ermənilər bu planla terroru davam etdirirlər.

Qeyd edək ki, ermənilər əvvəllər “B planı”nı heç də gizlətmir, lazım gələndə istifadə edəcəklərini bildirirdilər.  Belə bir nəticəyə gəlmək olar ki, rəsmi İrəvan gec-tez Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyini bilib və belə bir məkrli plan hazırlayıb. Lakin ermənilər bu dəfə yanılıblar. Məsələ ondadır ki, ermənilər minalanmış ərazilərin xəritəsini versə də, verməsə də, bərpa prosesi sürətlə gedir. Bu gün Şuşada aparılan abadlıq işləri, Füzuli aeroportunun salınması, yolların, kommunikasiya əlaqələrinin bərpası bundan xəbər verir. O zaman sual yarana bilər ki, rəsmi Bakı niyə israrla minalanmış ərazilərin xəritəsini istəyir?

Birincisi, gedən prosesi sürətləndirmək üçün. Çünki 44 günlük müharibədən sonra hamı tezliklə öz yurd-yuvasına qayıtmaq,  doğulduğu torpağını, ata-babalarının, əzizlərinin bərbad hala salınmış qəbirlərini ziyarət etmək istəyir.

İkinci məsələ təkcə minalanmış ərazilərlə bağlı deyil. İyirmi yeddi il ərzində ermənilər təkcə əraziləri minalamaqla kifayətlənməyiblər, həm də Qarabağda betonlaşdırılmış böyük gizli yeraltı bunkerlər, anbarlar və sığınacaqlar tikərək orada müxtəlif atıcı silahlar, zirehli texnika, raket və artilleriya qurğuları, partlayıcı maddələr, sursatlar və konservləşdirilmiş ərzaqlar gizlədiblər. Rəsmi Bakı həm də bu ehtimal və təhlillərə əsaslanaraq xəritələri əldə etmək istəyir.

Üçüncüsü, müharibədən sonra Qarabağa rəsmilərin, xarici nümayəndələrin, diplomatların, qəzet və televiziya jurnalistlərinin səfərləri təşkil edilir. 27 illik işğalın dəhşətli nəticələri, bünövrəsinə qədər dağıdılıb xarabaya döndərilən şəhər və kəndlərimiz, məscidlərimiz, xəstəxanalarımız, məktəb və uşaq bağçalarımız, bunları törədən erməni vandalizmi dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Lakin hələ də çox yerlər var ki, bu gün oralara sadə vətəndaşların, rəsmilərin, jurnalistlərin getməsi mümkün deyil. Həmin ərazilər indiki halda da təhlükəlidir. Rəsmi Bakı həm də Qarabağda daha genişmiqyaslı təbliğat üçün ərazinin tez bir zamanda təhlükəsizliyini təmin etməkdə qərarlıdır. Ərazilərin minalardan təmizlənməsi ilə bərabər, həm də artıq yeni yollar çəkilir, elektrikləşmə aparılır, kənd təsərrüfatı və digər işlər görülür. Düşmənin yaratdığı maneələrə baxmayaraq işğaldan azad olunmuş bölgəmiz çox keçməyəcək ki, abadlaşacaq, infrastruktur yaradılacaq və əvvəlki sabit həyata qayıdacaqdır.