KÖŞƏ

Vəli İlyasov

Ermənistanı vahiməyə salan bir kəlmə

05 aprel 2021 22:27
1431

Onsuz da böhran içində boğulan Ermənistanda gərginlik yenə də artıb. Buna səbəb Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı olub. Məlum olduğu kimi, bu günlərdə Prezident Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng edib.  Tərəflər vəziyyətin, ümumiyyətlə, sabit olduğunu, atəşkəs rejiminin qorunub saxlanıldığını məmnuniyyətlə qeyd ediblər.

Bundan bir qədər əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Bakıda apardığı danışıqlarda Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının normallaşması prosesi müzakirə edilmişdi. Bu çərçivədə üç ölkənin Baş nazir müavinlərinin həmsədr olduğu İşçi Qrupun fəaliyyətinə müsbət qiymət verilib. İkitərəfli gündəmi əhatə edən aktual məsələlər də müzakirə edilib.
Prosesləri diqqətlə izləyən erməni mətbuatı vahimə içərisində  yazır ki, Prezident  İlham Əliyev bir daha Zəngəzuru xatırlayaraq, Zəngəzurun Azərbaycan torpağı olduğunu açıqlamışdı: “Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün”.  Xatırladaq ki,  dövlətimizin başçısı bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi zirvəsində bildirib və  hazırda Zəngəzur dəhlizində  işlərin fəal getdiyini vurğulayıb.

Erməni mətbuatı təlaşla yazır ki, İlham Əliyev artıq Rusiyanın da üzv olduğu ATƏT-in Minsk qrupunu tənqid edib. Bu qurumun fəaliyyətinin Qarabağ münaqişəsinin həllində sıfır nəticələr verdiyini bildirib.

Prezident İlham Əliyev bu müddətdə Minsk qrupunun yalnız münaqişənin dondurulması istiqamətində addımlar atdığını diqqətə çatdırıb.

 Hətta həddini aşmış Ermənistan rəhbərləri “Yeni müharibə, yeni ərazilər” kimi sərsəm fikirlər səsləndirdilər, ardınca Tovuz təxribatını törətdilər. Dövlətimizin başçısı həmin hadisələrə işarə edərək deyib: “Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdi. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi. Ermənistan rəhbəri iki il bundan əvvəl bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Təbii ki, bizim buna cavabımız oldu və ən ciddi cavab döyüş meydanında verildi. Ancaq bu, özlüyündə göstərir ki, Ermənistan rəhbərliyi məsələni həll etmiş hesab edirdi və torpaqları geri qaytarmaq istəmirdi.
Məhz münaqişənin dinc yolla həll olunması şansının tamamilə itdiyini görən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev müzəffər Azərbaycan Ordusuna “İrəli!” əmri verdi və cəmi 44 gün ərzində ərazilərimiz işğaldan azad edildi. Ermənilər gözlənilməz ağır məğlubiyyətdən sarsılaraq məcburən  bununla barışmalı oldular.
Artıq yüzillik iddiaları məhv edilmiş Ermənistanda indi Zəngəzur vahiməsi var. Çünki oradan açılan dəhliz Azərbaycanı türk dünyası ilə birləşdirəcək və faktik olaraq Ermənistanın bölgədəki dərəbəyliyinə son qoyulacaq. Necə deyərlər, Ermənistan at axtarırdı, çulu da getdi...