KÖŞƏ

Vəli İlyasov

Ermənistan dövlətdir, yoxsa..?

12 mart 2021 23:41
1624

İrəvanda bir vur-çatlasın var ki, gəl görəsən. Adına dövlət deyilən bu yığnaqda sonu görünməyən bir mərəkə qopub ki, baxan deyər yarımqaranlıq mağarada qanıb-qandırmayan ibtidai insanların çomaq davası gedir.

Baş nazir Nikol Paşinyanla erməni generalların görüşündən sonra keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın səlahiyyətlərini müvəqqəti icra edəcək şəxsin adı bəlli olub. Bu vəzifəni hələlik Onik Qasparyanın müavini, general-leytenant Stepan Qalstyan icra edəcək.

General-leytenant Stepan Qalstyan Ermənistan ordusunda uzun illər əsas söz sahibi olan generallardandır. Bununla bərabər, onun adı mafiya və korrupsiya əməllərində də hallanır. Erməni general 2007-ci ildə Rusiyada Hərbi Hava Qüvvələru Akademiyasını bitirib.  Həmin ildə Ermənistan silahlı qüvvələrinin hərbi aviasiyasına rəhbərlik edib, 2009-cu ildə isə Baş Qərargah rəisinə müavin gətirilib. Burada Qalstyanın kurasiyasına əvvəl rəhbərlik etdiyi sahə - aviasiya verilib. Qalstyan Baş Qərargah rəisləri, müdafiə nazirləri və hətta dövlət başçıları dəyişsə belə, son on iki il ərzində postunu qoruyub saxlaya bilib.

Qalstyanın dövründə ölkənin mülki aviasiyası ilə bərabər, hərbi aviasiyası da çöküş yaşayıb. Ermənistan Hərbi Hava Qüvvələrində vəziyyət elə bir hala gətirilib ki, o, tamamilə Rusiyanın de-fakto nəzarətinə keçib. Görünür, Qalstyanın Baş Qərargah rəisi vəzifəsində qalması həm də Rusiyaya sərf edir. Bəlkə də buna görədir ki, baş nazir Nikol Paşinyan özünün kadrını tezliklə oraya göndərməyə çalışır. Paşinyanın Baş Qərargah rəisi vəzifəsində görmək istədiyi bu adam general-leytenant Artak Davtyandır. Ancaq Ermənistan prezidenti Armen Sarkisyan Paşinyanın qərarlarına əks mövqe tutduğu üçün baş nazirin “işi daşdan” çıxır. Onik Qasparyanla əlaqədar çəkişmələr qurtarmamış Artak Davtyan mübahisəsi düşüb. Prezident baş nazirlə qətiyyən yola getmir.

Qeyd edək ki, Nikol Paşinyan Artak Davtyanın Baş Qərargah rəisi təyin olunması ilə bağlı qərarı imzalaması üçün prezident Armen Sarkisyana göndərmişdi. Lakin prezident qərarı imzlamayıb və qeyd etdiyi bir neçə iradla birgə Nikol Paşinyana geri qaytarıb. Konstitusiyaya uyğun olaraq, Paşinyan qərarı yenidən Sarkisyana göndərmək hüququndan istifadə edib. Ancaq məsələ bununla bitmir, necə deyərlər, “işin içindən iş çıxır.” Qərbpərəst kadr kimi qələmə verilən prezident Armen Sarkisyan Paşinyana qarşı çıxmaqla saxta görüntü yaratmaq, Rusiyanın xoşuna gəlmək üçün bu cür jestlər edir, axı qarşıdan baş nazir seçkiləri gəlir.  Qeyzlənən baş nazir artıq onun qərarlarını bəyənməyən və hər dəfə rədd edən prezidentlə vidalaşmağa qərar verib. Belə görünür ki, ölkənin iki rəhbərinin-prezidentlə baş nazirin dartışması Ermənistanın bir nömrəli  problemidir.

Qondarma dövlətə başçılıq edənlər ölkəni cənginə almış iqtisadi-siyasi-hərbi böhranları, bir tikə çörəyə möhtac qalan vətəndaşlarını sanki görmürlər. Onlar nə yolla olursa-olsun yalnız öz postlarını qoruyub saxlamağa çalışırlar. Bu iki rəhbər şəxsin didişməsi “İtin dişi, tülkünün dərisi” məsəlini yada salır.