İqtisadiyyat naziri Mikayıl Cabbarov bu ayın əvvəlində “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib ki, Azərbaycan biznesi koronavirus (COVID-19) pandemiyasından sonrakı bərpa dövrünə daxil olur."İlin 2 ayının yekunları ürəkaçandır. İlkin məlumata əsasən, vergi daxilolmaları proqnoza nisbətən 118,7 faiz icra olunub. Qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon manat təşkil edib", - nazir qeyd edib.
“İki sahil”in məlumatına görə, Dövlət Statistika Komitəsi isə bəyan edib ki, yanvar-fevral aylarında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz az ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,5 faiz, qeyri neft-qaz sektorunda isə 0,4 faiz azalıb. Yanvarda isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz az ümumi daxili məhsul istehsal olunmuşdu. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 0,1 faiz artmışdı.
Maraqlıdır, ümumi daxili məhsul istehsalı azaldığı halda vergidaxilolmaları necə artıb?
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində bildirib ki, bu ilin iki ayında dövlət büdcəsinin gəlirlərində proqnozdan əlavə təqribən 200, ya 300 milyon artım olduğuna, bu göstəricinin böyük hissəsinin vergi orqanlarının, bir hissəsinin də gömrük orqanlarının hesabına olmasına diqqəti çəkərək bunun vergitutma bazasının genişləndirilməsi, biznesin kölgədən çıxmasından irəli gəldiyini vurğulayıb: “Sahibkarlara düzgün istiqamət verilir. Davranış qaydaları müəyyəndir. Bunu camaat da görür, sahibkarlar da görür. Beləliklə, hətta böhranlı pandemiya dövründə biz maliyyə baxımdan çox özümüzü rahat hiss edirik, büdcənin icrası ilə heç bir problem görmürük”.
Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 faiz əməl edərək nəzərdə tutulan proqnozdan əlavə 77,74 milyon manat gömrük ödənişi toplayaraq dövlət büdcəsinə köçürüb.
Biznesin kölgədən çıxması özünü dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalarda da göstərməkdədir. M.Cabbarov sosial şəbəkə hesabında yazıb ki, cari ilin iki ayında məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıb, proqnozdan əlavə daxilolma 65,4 milyon manat təşkil edib. ÜDM-də azalmanın olmasını nəzərə alanda, bunun qeyri-formal məşğulluqla mübarizədən irəli gəldiyi aydın olur.
Dövlət Statistika Komitəsinin digər məlumatına görə, yanvar ayında ötən ilin eyni ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,8 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 1,8 faiz artsa da, eyni ayda inflyasiya 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,5 faiz təşkil edib.
Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL