Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında bir daha tarixi paralellər fonunda təhlil apararaq bu fikri xüsusi qeyd etmişdir ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz
Daim yeniləşməyə, təkmilləşməyə diqqət göstərən və bunu irəli sürdüyü təşəbbüsləri, icra etdiyi layihələri ilə təsdiqləyən Yeni Azərbaycan Partiyasının bu günlərdə keçirilən VII qurultayında dövrün, zamanın tələblərinə uyğun təkmilləşmənin yol açdığı uğurlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik.
Bu fakt inkaredilməzdir ki, 2018-ci ilin prezident seçkilərindən sonra başlanan islahatlar Azərbaycanda keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Dövlətimizin başçısı İlham Əliyev daim bu fikri önə çəkir ki, dünyanın qabaqcıl ölkələrinin praktikasına nəzər salsaq görərik ki, onu inkişaf etdirən bilikdir, elmdir, yeni texnologiyalardır. Məhz müasir dünyagörüşə, savada, biliyə malik gənclərin idarəçilik sistemində irəli çəkilməsi bu hədəflərə geniş yol açır. 2019-cu ildə Yeni Azərbaycan Partiyasının islahatların qanunverici orqanda da öz əksini tapması üçün parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünə uyğun olaraq aparılan prosedur qaydaları əsasında cənab İlham Əliyevin Sərəncamı ilə növbədənkənar parlament seçkilərinin keçirildi və yeni parlament formalaşdı. Yeni formalaşmış qanunverici orqanda təmsil olunan deputatların xeyli hissəsini gənclər təşkil edir. Eyni fikirləri bu günlərdə partiyanın VII qurultayında qəbul olunan qərarlarla da bağlı deyə bilərik. Belə ki, aparılan struktur islahatlarına, yeni tərkib diqqət yetirsək gəncləşmə siyasətini daha aydın şəkildə görə bilərik. Bununla yanaşı, yaşlı nəslin təcrübəsindən bəhrələnmək də əsas çağırışlardandır. Cənab İlham Əliyev daim bildirir ki, təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. İnnovasiyalara meyilli olan gənclərimiz müasir dövrün tələblərinə daha tez uyğunlaşmaq və yüksək səviyyədə cavablandırmaq imkanındadırlar. Təbii ki, dövr, zaman dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Bu vəzifələr öz növbəsində birliyimizi, həmrəyliyimizi daha da daha möhkəmləndirməyi, ümumi mövqe ortaya qoymağı bir tələbə çevirir.
Bir mühüm məqamı da unutmayaq ki, cəmiyyəti idarə edən qanunlardır. Onların təkmilliyi, dövrün çağırışlarını yüksək səviyyədə cavablandırılması inkişafa geniş imkanlar yaradır. Ən əsası hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıdığını dərk etməklə, həm qanunverici orqanın işinin yeniləşməsinə, müasirləşməsinə, günümüz üçün vacib qanunları qəbul etməsinə, həm də bu qanunların icrasına, tələblərinə əməl edilməsinə öz töhfəsini verə bilər.
Qeyd etdiyimiz kimi, yeni dövrün, zamanın tələblərinə uyğun olaraq qarşıya yeni vəzifələr qoyulur ki, onların da icrası təkmil Dövlət proqramlarının qəbulunu, onların icra mexanizminin müəyyənləşdirilməsini tələb edir. Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin müəyyənləşdirdiyi yeni iqtisadi və sosial inkişaf modeli də bu məqamları özündə ehtiva edir. Son illərin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, təkmil sosial xidmətin əhatə dairəsinin genişləndirilməsi, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, ictimai həyatın bütün sahələrində şəffaflığın təmin edilməsi fonunda ölkənin hərtərəfli inkişafını təmin etməkdir. Şəffaflıq dayanıqlı inkişafın əsas amillərindən biri kimi bütün dövrlərdə öz aktuallığını qoruyur ki, bu da öz növbəsində nəzarətin gücləndirilməsini gündəmə gətirir.
Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, nəzarət funksiyasının yerinə yetirilməsinin o qədər də çətin olmadığını söyləyə bilərik. Əsas olan hər kəsin öz missiyasını layiqincə yerinə yetirməsi, dövlət maraqlarının qorunması, insan amilinə dəyərdən irəli gələn addımların atılması, vətəndaş-məmur münasibətlərinin inkişaf etdirilməsi, imzalanan Fərman və sərəncamların, təsdiqlənən Dövlət proqramlarının, inkişaf strategiyalarının, qəbul olunan qanunların icrasına nəzarətin gücləndirilməsidir. Ölkə Prezidenti İlham Əliyevin bu “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında Fərmanına əsasən Prezident Administrasiyasında Prezidentin Fərman, Sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində də bu məsələyə xüsusi diqqət yönəldərək əminliyini ifadə etmişdir ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək. «Deputatlar qarşısında qanunvericilik sahəsində böyük vəzifələr dayanır» söyləyən ölkə Prezidenti qeyd etmişdir ki, tövsiyəm nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilməsidir: «Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir.” Həmin nitqində cənab İlham Əliyev onu da vurğulamışdır ki, qanunvericilik bazamızı təftiş etməliyik. Əgər lazım olarsa, onları qarşımızda duran mövcud hədəflərlə uzlaşdırmalıyıq. Çünki həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir.
Bu fikirlərin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında «Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik» söyləyərək qeyd etmişdir ki, bu prosesə müharibədən əvvəl start verildi. Özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərdilər. Təşəbbüsümüz alqışlandı və artıq bu dialoq baş tutub. Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Cənab İlham Əliyev bu məqamı da xüsusi vurğulamışdır ki, antimilli ünsürlərlə heç vaxt bir masa arxasında otura bilmərik. Çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar.
Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərdən biri təbii ki, çoxpartiyalı sistemin yaradılmasıdır. Ölkəmizdə 60-a yaxın siyasi partiyanın qeydiyyatdan keçməsi, onların normal fəaliyyəti üçün lazımi şəraitin yaradılması göz önündədir. 1992-ci ildə qəbul olunan «Siyasi partiyalar haqqında» Qanunun dövrün, zamanın tələblərinə cavab vermədiyini nəzərə alaraq yeni «Siyasi partiyalar haqqında» Qanunun qəbul olunması da deyilənlərin bariz nümünəsidir. Ölkəmizdə keçirilən seçki proseslərində müxtəlif siyasi partiyaların iştirakı, həmçinin onları təmsil edən namizədlərin qatılması, heç bir ayrı-seçkiliyə yol vermədən seçkilərin bütün mərhələrində eyni şəraitin yaradılması da günümüzün reallıqları sırasındadır. Məlum olduğu kimi, 9 fevral növbədənkənar parlament seçkilərində 20-yə yaxın siyasi partiya iştirak etmişdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Bu, demokratiyanın inkişafında önəmli addımdır.
Əvvəldə də qeyd etdiyimiz kimi, ölkədə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması davamlı inkişafın əsasıdır. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmizin iqtisadi inkişaf modeli hazırda bütün dünyada təqdir olunur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyası ölkəmiz qarşısında böyük perspektivlər açır. Ölkə Prezidenti İlham Əliyev keyfiyyətcə yeni mərhələdə vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin möhkəmlənməsini Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt kimi dəyərləndirərək bildirir ki, siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik: «Bu işdə həm dövlətin üzərinə böyük vəzifələr düşür, eyni zamanda, Milli Məclisin üzərinə də böyük məsuliyyət düşür. Biz birlikdə buna nail olmalıyıq.»
Siyasi sistemin dünya standartları səviyyəsinə yüksəlməsi, ölkənin iqtisadi qüdrətinin artması və demokratik proseslərin dərinləşməsi məqsədilə yeni qanunların qəbulu daim öz aktuallığını qoruyur. Milli Məclis üzərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarını qətiyyətlə müdafiə etməyə, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara layiqli töhfəsini verməyə səy göstərir.
Martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda keçirilən konfrans da bir çox məqamlara işıq salır. Milli Məclisin sədri Sahibə Qafarovanın, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələrinin, Milli Məclisin 80-dək deputatının qatıldıqları konfransda bir daha qeyd edilmişdir ki, tariximizin ən parlaq səhifələrindən birini təşkil edən Vətən müharibəsi dövründə vahid mövqe nümayiş etdirən 50 siyasi partiya Prezident İlham Əliyevi dəstəklədiyini bəyan edərək Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy olduğunu hər kəsə göstərib. Prezident İlham Əliyev də martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində ölkəmizdə aparılan siyasi dialoqu təqdir edərək, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyətini qeyd etmişdir. O da vurğulanmışdır ki, parlamentin qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycanda siyasi dialoqun, siyasi islahatların dərinləşməsinə və uğurlu nəticələrlə müşayiət olunmasına dəstək və töhfə verməkdən ibarətdir. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, 2020-ci ilin əvvəllərindən etibarən siyasi islahatların yeni mərhələyə qədəm qoyduğunu, sağlam rəqabətə söykənən siyasi dialoqun formalaşdığını, siyasi partiyalarla fərdi, eləcə də birgə görüşlər təşkil edildiyini, 9 illik fasilədən sonra 7 siyasi partiyanın dövlət qeydiyyatına alındığını, qərargahı olmayan siyasi partiyalar üçün müvafiq yerlər ayrıldığını, habelə aidiyyəti istiqamətdə görülmüş işlər nəticəsində 25 siyasi partiyanın qurultay keçirdiyini diqqətə çatdırmışdır.
Son illərin ümumi təhlili əsasında bu fikri söyləyə bilərik ki, ölkəmizdə çoxpartiyalı sistemin təkmilləşdirilməsi istiqamətində atılan addımlar milli birliyin, həmrəyliyin möhkəmləndirilməsinə geniş imkanlar açıb. Siyasi partiyalar arasında əməkdaşlığın inkişaf etdirilməsi fonunda ölkənin dayanıqlı inkişafı ilə bağlı təkliflər, ideyalar ortaya qoymaq, onların reallığa çevrilməsi üçün səyləri birləşdirmək mümkündür. Hazırda inkişafın yeni mərhələsini yaşayan Azərbaycanda Böyük Qayıdış proqramına hazırlıq işləri görülür. Milli birliyimizi, həmrəyliyimizi möhkəmləndirməklə bu istəyimizi də hər kəsdə qürur doğuracaq şəkildə reallaşdıra bilərik.
Yeganə Əliyeva, «İki sahil»
Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL