Ötən il fevralın 18-də Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən bildirmişdi ki, paxtaxtda prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər.
Bəs BNA ötən il bu istiqamətdə nə iş görə bilib?
Ondan başlayaq ki, 2020-ci ildə BNA sərnişindaşıma fəaliyyəti göstərən subyektlərin sayını 37-dən 29-a endirib. Qeyd edək ki, bu qurum fəaliyyətə başladığı dövrdə paytaxtda 65 belə subyekt olub.
BNA-nın rəsmi saytında yerləşdirilmiş məlumata görə, fəaliyyətdə olan 166 marşrut xəttinin 74-ü və ya 45 faizi şəhərdaxili, 92-si və ya 55 faizi şəhərətrafı ərazilərin payına düşür. Müqayisə üçün deyək ki, 1 il əvvəl Bakıda fəaliyyətdə olan 150 marşrut xəttinin 43 faizini və ya 65-ni şəhərdaxili, 57 faizini və ya 85-ni isə şəhərətrafı xətlər təşkil edirdi. Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatından belə məlum olur ki, ötən il koronavirus (COVID-19) pandemiyası ilə bağlı 12 ekspress və 5 müntəzəm marşrut xətti təşkil edilib.
Maraqlı məqam ondan ibarətdir ki, bir il əvvəllə müqayisədə paytaxtda marşrut xətlərinin sayında artım olsa da, avtobusların sayı azalıb. Ötən ilin əvvəlində Bakıda marşrut şəbəkəsində 2046 avtobus olsa da, metronun bağlı olduğu hazırkı dövrdə bu göstərici 114 ədəd azalaraq 1932-yə enib. Metronu “əvəz edən” 12 ekspres marşrut xəttinin yaradılması fonunda şəhərdaxili fəaliyyət göstərən avtobusların sayı 51 ədəd artaraq 1115-ə çatsa da, şəhərətrafı xətlərdə bu göstərici 155 ədəd azalaraq 827-yə enib. Bir əvvəllə müqayisədə orta hesabla hər şəhərdaxili marşrut xəttində avtobus sayı 16-dan 15-ə, şəhərətrafında isə 11-dən 9-a enib.
Bu amil paytaxtdakı əksər marşrut xətlərində müşahidə olunan böyük sərnişin sıxlığının BNA-nın qeyd etdiyi kimi, təkcə tıxaclarla bağlı olmadığını üzə çıxarır. "Gün ərzində xüsusilə pik saatlarında nəqliyyatın hərəkətində yaranan sıxlıqlar avtobuslararası hərəkət intervalının pozulmasına, avtobusların uzun müddət tıxacda qalmasına səbəb olur. Bu isə öz növbəsində dayanacaq məntəqələrində gözləyən sərnişin sayının artmasına və avtobuslarda sərnişin sıxlığının yaranmasını qaçılmaz edir", deyə qurumun açıqlamalarının birində deyilir.
BNA, bundan başqa, ölkəyə hər il yüzlərlə avtobusun gətirildiyi bəyan edir.
Qeyd edilənlər öz növbəsində nəinki avtomobili olan şəxslərin ictimai nəqliyyatdan istifadəsinə imkan vermir, əksinə, avtobuslardakı yüksək səviyyədə olan sərnişin sıxlığı ictimai nəqliyyatı şəxsi minik vasitəsinə dəyişməyə sövq etməkdədir. Söhbət ondan gedir ki, ölkəyə ildən-ilə artmaqda minik avtomobil idxalına heç pandemiya da əngəl ola bilməyib.
BNA-nın 2015-ci ilin sonunda yarandığını nəzərə alsaq, 2016-cı ildə ölkəyə idxal olunan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 4 991 olunduğu halda, 2017-ci ildə 11 610, 2018-ci ildə 26 147, 2019-cu ildə 43 156, 2020-ci ildə 49 692 olub. Göründüyü kimi, avtomobillərin idxalına tətbiq edilən gömrük rüsumu və aksiz vergisinin son illərdə artırılmasına rəğmən, bu, nəinki ölkəyə gətirilmiş avtomobillərin sayına təsir etməyib, hər il əvvəlki illə müqayisədə 2 dəfədən, 2019-cu ildə 65 faizdən, 2020-ci ildə isə 15 faizdən çox artım qeydə alınıb. Buraya avtomobillərin yerli istehsalını da əlavə etsək, nəinki paytaxtda, ölkə üzrə xeyli sayda insanın ictimai nəqliyyatı şəxsi nəqliyyat vasitəsilə əvəz etməsi ortaya çıxır.
Bakının marşrut şəbəkəsinin acı mənzərəsi, həmçinin virusa yoluxma sayının artmasına öz “töhfə”sini verməklə pandemiya ilə mübarizəyə aydınlıq gətirir. Hərçənd ki, pandemiya ilə effektiv mübarizə ictimai nəqliyyatda sıxlığın azaldılmasını tələb edir, nəinki avtobusların sayını.
Yeri gəlmişkən BNA hələ ilin avqust ayında müntəzəm marşrutlar üzrə avtobusların sərnişin tələbatına uyğun tənzimlənməsi barədə verdiyi tapşırığın icrasına nəzarət məqsədilə bir qrup daşıyıcı şirkətin istehsalat bazalarına baxış zamanı saz vəziyyətdə olan avtobusların saxlanılaraq xətlərə buraxılmaması hallarının müşahidə edildiyini açıqlamışdı. Qurum bildirmişdi ki, xəttə müəyyən olunan saydan az avtobus çıxaran daşıyıcıya qarşı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcək.
Görünən odur ki, qurum bu istiqamətdə heç bir tədbir görmədiyindən ölkədə bütün sahələrin fəaliyyəti xüsusi karantin rejiminin tələblərinə uyğunlaşdırılmasına və buna nəzarət edilməsinə baxmayaraq, hətta metronun bağlı olması halında belə paytaxtın marşrut şəbəkəsindəki avtobusların sayı azaldılıb.
Ceyhun Piriyev, “İki sahil”
Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL