KÖŞƏ

Vəli İlyasov

18 fevral 2021 17:19
1820

Dağıdıcı müxalifətin örtülü pıqqıldayan qazanları...

Başqalarına “ağıl” verən radikal müxalifətin beş-on nəfər “ağıllısı” bir-birləri ilə yola gedə bilmirlər. Təbii ki, hər zaman iddialı olan adamların bir araya gəlib birləşməyi heç vaxt mümkün ola bilməz. Bunu dağıdıcı müxalifət düşərgəsindəkilərin iyirmi səkkiz illik təcrübəsi də təsdiq edir.

Bu günlərdə jurnalist Sevinc Osmanqızı öz efirindən səs-küy doğuracaq bir müəllif verilişi yayımlayıb. “Səni çökdürəcəyik! – Mənə hücumlar və mənim cavabım” adlı verilişində həyəcanlı şəkildə açıqlamalar verən xanım jurnalist onun özünə və kanalına qarşı aparılan hücum kampaniyasından gen-bol danışıb. Bildirib ki, bu günlərdə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunu efirə qonaq çağırdığı üçün müxalifdəki dostlarından ona hücumlar başlanıb. Həmin şəxslər S.Osmanqızını hədələyərək “bu kanala necə gəlmişdik, elə də gedəcəyik”, “ancaq səni çökdürəcəyik” deyiblər.

Osmanqızı verilişində cavab verdiyi şəxslərin-etibarsız dostlarının adlarını çəkməsə də, aydın görünür ki, söhbət onun Azərbaycandakı tərəfdaşları AXCP sədri Əli Kərimli, antimilli şuranın təmsilçiləri, Gültəkin Hacıbəyli və onların tərəfdarlarından gedir. Veriliş zamanı bir çox tamaşaçılar da şərh hissəsinə məhz bu şəxslərin adlarını yazaraq, jurnalistə dəstək verdilər. Bu nəticəyə gəlməyə əsas verən səbəb isə odur ki, Əli Kərimli və tərəfdarları məhz Ə.Əliyev və M.Mirəlioğlu ilə kəskin ziddiyyətlər içərisindədirlər və bu kanalı da özlərinin şəxsi mülkiyyətləri hesab edirlər. Məhz özlərinin hesab etdikləri üçün S.Osmanqızına təzyiq edərək, arzulamadıqları şəxslər bu kanala qonaq olacağı halda Osmanqızı TV-sini boykot edəcəklərini və onu çökdürəcəklərini bildiriblər. Bu sözləri həzm etməyən müəllif  “Sizdə kim elə təəssürat yaradıb ki, mənə “efirə onu çağır, bunu çağırma deyə bilərsiz” sualını israrla, xüsusi intonasiya ilə bir neçə dəfə təkrarlayan aparıcı ad çəkməsə də Ə.Kərimli cəbhəsi üçün etdiyi yaxşılıqlardan, yəni kərimçilərə hər zaman efir vaxtı ayırmasından, onlara yandırdığı “yaşıl işıqlardan” danışıb.

Yazının bu hissəsində aparıcı xanımın bəzi sitatlarını sizin nəzərinizə çatdırmaqla söhbətin kimdən getdiyinə əmin olmağınıza yardım edəcəyik:  “Mən sizə daha çox xeyir vermişəm”, “Öz ayağınıza güllə atmayın”,  “Budurmu sizi qonaq etməkdən sonra mənə qoyduğunuz hörmət?”, “Kanala bir daha çıxmamaq qərarı verirsizsə, bu, sizin qərarınızdır.”

Beləliklə, görünən budur ki, Azərbaycan müxalifətinin radikal qisminin Əli Kərimli cinahının ən böyük informasiya dəstəkçisi Sevinc Osmanqızı ilə Bakıdakı tərəf müqabillərinin arası əsaslı şəkildə dəyib. İş o yerə çatıb ki,  kərimçilər və həsənçilər Sevinc Osmanqızına qarşı ciddi ittihamlar irəli sürüblər.

Ona görə də aparıcı xanım verilişinin sonunda tamaşaçılarına müraciət edərək onlardan yardım istəyib: “Sizə o scrınları göndərirlər ki, guya Sevinc Osmanqızı satqındır.”

Ancaq Sevinc xanım bu fikrin düz və ya səhv olduğunu deməyib. Nə desin axı?