15 fevral 2021 15:18
1202

Ölkəmizdə sərmayə mühiti olduqca münbitdir     

İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar qarşıdakı onillik üçün nəzərdə tutulan Milli Prioritetlərin uğurlu icrasına,  Azərbaycanın dayanıqlı inkişaıfının təmin edilməsinə  yeni imkanlar yaradacaq

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən  VII iclasında “Azərbaycanın sərmayə mühiti olduqca münbitdir. Dünya Bankının hesabatına görə, Azərbaycan biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasındadır. Bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur” söyləyən dövlətimizin başçısı İlham Əliyev onu da bildirmişdir ki,  işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranmışdır. Bu baxımdan həmin  ölkələrin şirkətləri  tərəfdaşlığa  dəvət edildi: “Mən artıq rəsmi olaraq azad edilmiş əraziləri “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik.”

O da məlumdur ki,  bütün azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası ilə bağlı   hazırlıq işlərinə başlanılıb. “İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır” bildirən ölkə Prezidenti  bunun öhdəsindən qısa müddət ərzində gəlmək və keçmiş köçkünlərimizi doğma torpaqlarına qaytarmaq məsələsinə sadiqliyimizi diqqətə çatdırmışdır. Bu layihələrlə  ölkəmizin  imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətindəyik: “Hesab edirəm ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Biz məhz bununla məşğuluq. Bununla bağlı planlarımı bölüşdüm və əminəm ki, onlar həyata keçiriləcəkdir. Sadəcə olaraq, tərəfdaş və dostlarımızı məlumatlandırmaq istədim ki, belə imkanlar da mövcuddur.”

Artıq  işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə başlanılıb. Azərbaycana dost ölkələrin şirkətləri bu prosesə dəvət edilir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans şəklində keçirilən VII iclasında da bu tərəfdaşlıqla bağlı fikir mübadiləsi  aparılmışdır. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında iqtisadi gücün hər bir ölkənin dayanıqlı inkişafında, beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində əhəmiyyətini önə çəkir. Bugünümüzün reallığı budur ki, artan iqtisadi gücümüz Azərbaycana regionda və dünyada reallıqları dəyişmək imkanlarına malik  böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Bu faktı da xüsusi qeyd etməliyik ki, Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. Ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü beynəlxalq səviyyədə etiraf edilən reallıqlardandır. Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində  nazirlərin ənənəvi keçirilən topalantılarında da bu məqam daim önə çəkilir ki, hər il Azərbaycanın enerji tarixində mühüm hadisələrlə yadda qalır. 2020-ci ilin ən mühüm hadislərindən biri, enerji diplomatiyamızın növbəti təzahürü olan TAP istifadəyə verildi. Artıq Cənub Qaz Dəhlizinin ümuilikdə perspektivləri müzakirə edilməkdədir. Bütün bu uğurlarımız Azərbaycanın siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qələbəsini şərtləndirən amillərdən bəhs edərkən iqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olmasını və bunun da öz növbəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirməsini xüsusi qeyd emişdir.

Ölkəmizin malik olduğu iqtisadi imkanlar bütün sahələrdə, xüsusilə hərbi quruculuq sahəsində də mühüm addımların atılmasını təmin etdi. Azərbaycan Ordusunun yazdığı yeni tarix ölkəmizin həyatında yeni dövrün başlanğıcını qoydu. Belə ki, qarşıdakı dövrdə işğaldan azad edilmiş ərazilərimizdə qurculuq və bərpa işlərinin uğurla həyata keçirlməsi və soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsi artıq bölgələrimizin malik olduğu potensial imkanlardan maksimum istifadə eməyə imkanlar yaradacaq.

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsini aparmaqla yanaşı,  qlobal bəlaya çevrilmiş koronavirus pandemiyasına qarşı  mübarizə tədbirlərini də gücləndirdi və bu gün də  davam edir. Koronavirus infeksiyası ilə mübarizə tədbirləri, eyni zamanda, Azərbaycanın bu müddətdə 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi ölkəmizin iqtisadi tərəqqiyə əsaslanan maliyyə imkanlarının nümayişidir.

Azərbaycan postpandemiya və postmüharibə  dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Priortietlər» proqramı da bu məqsəd və vəzifələri, onların yerinə yetirilməsi mexanizmlərini özündə ehtiva edir. Azərbaycanın gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilən  Milli Prioritetlər  dövlətimizin daha da qüdrətlənməsinə, yüksək rifahın təmin edilməsinə hədəflənib. Aparılacaq iqtisadi islahatlar vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılmasını təmin edəcək. Milli Prioritetlər, eyni zamanda, BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”ndən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyətə malikdir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri sistemli şəkildə həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə ardıcıl  reallaşdırdığı   səfərləri bu torpaqların öz sahibinə qayıtdığının dünyaya təqdimatı idisə, bu gün artıq ölkə Prezidenti bu ərazilərdə aparılan bərpa işləri ilə yaxından tanış olmaq üçün səfərlər edir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri də bunun bariz nümunəsidir. Əsas hədəf nəzərdə tutulan işlərin qısa zamanda başa çatdırılmasıdır. O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında həmin ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin ediləcək. Atıq ilk addım Qarabağın döyünən  ürəyi olan Şuşamızda atılıb. İdarəçilik sistemində bu kimi təkmilləşmələr sözsüz ki, bərpa mərhələsinin uğurla həyata keçirilməsinə və Böyük Qayıdışın reallaşmasına yol açacaq. Milli Priortietlərdə də bu məqamlar da öz əksini tapıb ki, tarixi Zəfərimiz nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək.  Böyük Qayıdışa uyğun proqramların hazırlanması və icrası Milli Priortietlərin əsas hədəflərindəndir. Bu hədəf üzrə işlər tamamilə yeni reallıqlar əsasında Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanması deməkdir. Bu baxımdan ki, 30 il işğalan altında olan ərazilərimizin malik olduğu resurslar Azərbaycan iqtisadiyyatına əlavə imkanlar gətirəcək, bu isə öz növbəsində bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını təmin edəcək.

Ölkəmizdə sahibkarlığın inkişafı prioritet məslələrdəndir. Eyni zamanda, öiznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar Azərbaycanın investisiya cəlbediciliyinin qorunmasını təmin edir. Milli Prioritetlər növbəti onillikdə Azərbaycanda investsiya mühütinin daha da yaxışlaşdırılmasında, bütün bölgələrimizin, xüsusilə işğaldan azad edilmiş ərazilərimizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayacaq.

Hər zaman qeyd olunduğu kimi, Azərbaycan yalnız neft-qaz deyil, qeyri-neft sektoru sahəsində mövud imkanlarla da dünyanın diqqətindədir. Bu, dövlətimizin uğurla həyata keçirdiyi şaxələndirmə siyasətinin nəticəsidir. qarşıdakı 10 ildə iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini təmin etmək baxımından da  yeni imkanlar yaranır. Bir sözlə,  Milli Prioritetlər regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, qeyri-neft sektorunun prioritetliyini qoruyacaq,  iqtisadiyyatın neftdən asılılığını azaltmaqla bölgələrdə sahibkarlıq fəaliyyətini daha da genişləndirəcək. Özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsi üçün yeni imkanlar yaranacaq.

Yeganə Əliyeva, «İki sahil»