Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə olacaq
«Ölkəmizin inkişafı üçün indi yeni imkanlar açılıb» söyləyən dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan özünü dünyada güclü, məsuliyyətli ölkə kimi təqdim edir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın potensialının nədən ibarət olduğunu nümayiş etdirdi. Azərbaycan döyüş meydanında qələbə qazandı. Əgər güclü iqtisadiyyat yaratmasaydıq, güclü ordu da qura bilməzdik. Ona görə bütün amillərin sintezi həm qələbəni şərtləndirdi, həm də bundan sonra bizim inkişaf dinamikamızı da şərtləndirəcək: «Hətta pandemiya dövründə də bizim qeyri-neft sənayemiz artmışdır, özü də böyük dərəcədə. Keçən il qeyri-neft sənayemiz 12,5 faiz artmışdır. Nəyə görə? Texnoloji inkişaf, sənayeləşmə, investisiyalar, güzəştli şərtlərlə kreditlərin verilməsi, dövlət-özəl sektor tərəfdaşlığı - bütün bu amillər öz rolunu oynayıb. Texnologiyalar, telekommunikasiya sahələrində artıq bir çox yerli şirkətlər yaranmışdır və həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərir. Biz onlara da dəstək verməliyik. Onların xaricdəki fəaliyyətlərini dəstəkləməliyik və burada da dövlət-özəl sektor tərəfdaşlığı bir nümunə olmalıdır. Bu sahə hər bir ölkə üçün, deyə bilərəm ki, hər bir ölkənin gələcəyi üçün həlledici sahədir.»
Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alan dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürərkən bu məqamı xüsusi qeyd etmişdir ki, inkişaf etmiş ölkələrə diqqət yetirsək onları irəli aparan bilikdir, savaddır, yeni texnologiyalardır. Azərbaycan da bu yolla irəliləyəcək. Ölkə Prezidenti bu günlərdə Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir daha bildirmişdir ki, texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaq: «İndi sirr deyil, elə peşələr var ki, 5 ildən sonra bu peşələr sıradan çıxacaq, yəni olmayacaq. Yeni peşələr meydana çıxacaq və biz hazır olmalıyıq ki, bu peşələrə yiyələnək. Hazır olmalıyıq, kadr potensialımız imkan versin ki, dünyada gedən sənayeləşmə, xüsusilə Dördüncü Sənaye İnqilabı ilə bağlı proseslər daim Azərbaycanın inkişafını təmin etsin. Təsadüfi deyil ki, Davos Ümumdünya Forumu məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçdi. Məhz onların təşəbbüsü ilə bu baş verdi və müvafiq sənəd də imzalandı.»
Hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr dayanır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Dünyanın, o cümlədən Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə apardığı dövrdə hər bir ölkə malik olduğu imkanları ortaya qoydu. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir çətinliyin öhdəsindən layiqincə gəlməsinə əsas yaradır. Dövlətimizin başçısı İlham Əliyev mübarizə tədbirlərinə başlandığı gündən insanların sağlamlığının təmin olunması ilə yanaşı, dayanıqlı inkişafı qorumaq, yüksək rifahı təmin etmək istiqamətində də əhəmiyyətli addımları ilə diqqət çəkdi. İlk gündən bildirildi ki, heç bir sosial layihə təxirə salınmayacaq, islahatlar daha da dərinləşdiriləcək. Özünüməşğulluq proqramına minlərlə insanın cəlb olunması təmin edildi. Bu məqsədlə beynəlxalq maliyyə qurumları, xüsusilə Dünya Bankı ilə birgə tədbirlərə start verildi. Azərbaycanın pandemiyaya qarşı mübarizə dövründə 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi də ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı.
Qeyd etdiyimiz kimi, 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlətimizin başçısı İlham Əliyevin bu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə yol açan regional inkişaf proqramlarını təsdiqləməsi və uğurlu icrasına xüsusi diqqət göstərməsi bugünkü inkişafı şərtləndirən əsas amillərdəndir. Təkmil islahatların şərtləndirdiyi iqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsini təmin edir. Minimum əmək haqqının, minimum pensiyanın artırılması, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra dövlətimizin başçısı İlham Əliyevin şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edənr addımları da sosial siyasətin prioritetliyini önə çəkir. Dövlətimizin başçısı İlham Əliyev daim vətəndaşının yanında olduğunu, həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayandığını nümayiş etdirir. Bunun üçün təbii ki, ilk növbədə iqtisadi tərəqqinin təmin oluması əsasdır. Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəsi neft gəlirlərinin artmasında, bu isə öz növbəsində ölkəmizin hərtəfli inkişafı üçün mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində aydın ifadəsini tapır. 2003-cü ildə cənab İlham Əliyevin vədləri sırasında yoxsulluq kimi sosial bəlanın aradan qaldırılacağı xüsusi qeyd edilmişdi. Son 17 ildə ölkəmizdə yoxsulluq 5, işsizlik 4,8 faiz səviyyəsindədir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, “qara qızıl”ın insan kapitalına çevrildiyini göstərir: “Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək.” Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı da qeyd edir ki, hər şeyi Azərbaycan vətəndaşı üçün edirik: “Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar.”
Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində idarəçilik sisteminin təkmilləşdirilməsi də əhəmiyyətli rol oynayır. Təkcə cari ilin ilk aylarında təkmilləşmə istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında «Dövlət Nəzarəti İnformasiya Sistemi» yaradılır ki, burada da məqsəd ölkə Prezidentinin Fərman və sərəncamlarının, tapşırıqlarının icrasına, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasına nəzarətin təmin edilməsidir. Yeni texnologiyaların inkişaf etdiyi, daha dəqiq desək, bütün reallıqların ictimaiyyətə çatdırılmasında dəstək missiyasını yerinə yetirən yeni texnologiyalardan istifadə etməklə bu nəzarəti vaxt itkisi olmadan həyata keçirmək və hədəfə qısa zamanda nail olmaq mümkündür. Azərbaycan hər bir yeniliyin ölkəmizdə tətbiqinə maraq göstərir. Necə ki, «ASAN xidmət», DOST kimi layihələrimiz insanlara rahat, səmərəli xidməti həyata keçirir, süründürməçilik halları ilə üzləşmədən hər kəs bu mərkəzlərin yaratdığı imkanlardan bəhrələnir. Aparılan sorğular əsasında vətəndaş məmnunluğunun 100 faiz olması bu yeniliklərin həyatımızda xoş ab-hava yaratdığının nümayişidir.
Hər bir yenilik, islahatların dərinləşməsi öz növbəsində kadr tələbatını aktuallaşdırır. Çünki yeni texnologiyaların tətbiqi öncə bunları dərindən bilən və tətbiq etməyi bacaran kadrların olmasını tələb edir.
Bir mühüm məqamı da nəzərə alaq ki, artıq Dağlıq Qarabağ münaqişəsi arxada qalıb. Zəfərimiz Böyük Qayıdışı şərtləndirdi. Bu qayıdışı təmin etmək üçün işğaldan azad edilmiş torpaqlarımızda lazım olan işlərin görülməsi zəruridir. Quruculuq və bərpa işləri üçün həmin ərazilərin minalardan təmizlənməsi əsas tələblər sırasındandır ki, dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirmişdir ki, Agentliyin qarşısında böyük vəzifələr durur: «İlk növbədə, işin düzgün təşkil edilməsi məsələsinə diqqət yetirməlisiniz. Təşkilatlanma işi düzgün həll edilməlidir. Yaradılan yeni agentlik dövlət agentliyidir. Əlbəttə ki, ilk növbədə, peşəkar kadrlar seçilib agentliyin işinə cəlb edilməlidir. Təbii ki, keçmiş ANAMA qurumunun kadrlarından istifadə edilməlidir, eyni zamanda, agentliyin say tərkibi də müəyyən olunmalıdır. Çünki azad edilmiş torpaqlarda işləri sürətlə, keyfiyyətlə qurmaq və aparmaq üçün əlbəttə ki, agentliyin daha da böyük işçi qüvvəsi olmalıdır.»
Göründüyü kimi, postmüharibə dövrünün prioritetləri islahatların daha da dərinləşdirilməsini, kadr potensialının artırılmasını bir zərurət kimi ortaya qoyur. Əvvəldə də qeyd etdiyimiz kimi, bütün imkanların səfərbər edilməsi fonunda hədəflərə qısa zamanda nail olacaq, 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə yerlə-yeksan edilən torpaqlarımızda həyat bərpa ediləcək, Azərbaycan dayanıqlı inkişafı, cənnətməkana çevriləcək Qarabağımızla dünyanın diqqətində olacaq.
Yeganə Əliyeva, «İki sahil»
Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL