Dövlətimizin başçısı İlham Əliyev bugünlərdə Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən prioritetlər sırasında Azərbaycanda minatəmizləmə əməliyyatları üzrə milli standartların hazırlanması xüsusi qeyd edilmişdir
“Böyük Qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.” Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə Azərbaycan xalqına müraciətlərində bu məqama da diqqət yönəldirdi ki, düşmənə yumruq göstərmişdim: «Demişdim ki, bu yumruq elə belə yumruq deyil... Bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.»
Artıq Dağlıq Qarabağ münaqişəsi arxada qalıb. İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri bugünümüzün əsas tələbləri sırasındadır. 2021-ci il məhz tariximizdə Böyük Qayıdışın reallaşdığı il kimi xarakterizə ediləcək. “Artıq mən qaçqın deyiləm” söyləyən soydaşlarımız torpaqlarımız işğaldan azad edildiyi gündən öz doğma yurd-yuvalarına qayıtmağa tələsir və o günü səbirsizliklə gözləyirlər. Hətta həmin ərazilərə gedib, evlərini, uşaqlıq illərini xatırlamaq üçün hər bir kəndi, məhləni qarış-qarış gəzmək istəyini gerçəkləşdirənlər də var. Bu isə bədbəxt hadisələrin baş verməsi ilə nəticələnir. Unutmayaq ki, mənfur düşmən işğaldan sonra nəinki bütün evləri, infrastrukturu, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb. Quruculuq və bərpa işlərindən öncə bu ərazilərin minalardan təmizlənməsi əsasdır, ilkin mərhələdir. Bu ərazilərdə işlərə başlanılan sahələr minalardan təmizlənib. Təhlükəsizliyi təmin etmədən bərpa işlərinə başlanılması qeyri-mümkündür.
Dövlətimizin başçısı İlham Əliyev bugünlərdə Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu məsələlərə xüsusi diqqət göstərmişdir. “Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir” söyləyən ölkə Prezidenti bildirmişdir ki, bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Bu ərazilərdə istənilən fəallıq, inkişaf minalardan təmizləmə işindən asılıdır: “Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın.”
Cənab İlham Əliyev bunun üçün işin düzgün təşkil olunmasının vacibliyini bildirir. Təşkilatlanma işi düzgün həll edilməlidir. İşin keyfiyyəti təbii ki, ilk növbədə yüksək ixtisaslı kadrlardan asılıdır. Dövlətimizin başçısı İlham Əliyev inkişafa, tərəqqiyə yol açan islahatlardan bəhs edərkən daim kadr potensialının yaradılmasının gərəkliyini diqqətə çatdırır. Müasir texnologiyaların həyatımıza yol açdığı dövrdə bu məsələnin aktuallığı daha aydın şəkildə özünü büruzə verir. Cənab İlham Əliyev Vüqar Süleymanovu videoformatda qəbul edərkən də yeni yaradılan Minatəmizləmə Agentliyinə peşəkar kadrların cəlb edilməsinin prioritetliyini açıqlamışdır. Çünki işğaldan azad edilmiş torpaqlarda işlərin sürətlə, keyfiyyətlə aparılması üçün Agentliyin daha da böyük işçi qüvvəsi olmalıdır.
Yeni texnikanın alınması da vacib məsələlərdən biridir. Cənab İlham Əliyev son illərdə bu sahədə texnoloji inkişafın özünü daha aydın şəkildə göstərdiyini vurğulayır. Mövcud mexanizmlər, texnika işin sürətini, eyni zamanda, keyfiyyətini artırmağa geniş imkanlar yaradır. Hər dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə yeni texnologiyaların da həyatımızın bütün sahələrində tətbiqini aktuallaşdırır. Əsas çağırış budur ki, Böyük Qayıdış tezliklə reallığa çevrilsin. Çünki 30 ilə yaxın müddətdə torpaq həsrəti ilə yaşayan qaçqın və məcburi köçkünlərimiz dövlətimizin onlar üçün lazımi şəraiti yaratmasına baxmayaraq, öz doğma yurd-yuvalarına qayıtmağı, orada həyatı canlandırmağı istəyirlər. Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva daim qaçqın və məcburi köçkünlərlə görüşlərində bu fikri xüsusi qeyd edirdilər ki, yaradılan bu şərait müvəqqəti xarakter daşıyır. Tezliklə torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, yeni həyat başlayacaq.
Dövlətimizin başçısı Vüqar Süleymanovu videoformatda qəbul edərkən də bu məqamı xüsusi qeyd etmişdir ki, keçmiş köçkünlərimiz 30 il Vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər. Birinci dərəcəli vəzifə minalardan təmizləmə işləridir. Sonra ziyanın qiymətləndirilməsi, ondan sonra artıq bərpa işləri aparılacaq.
Peyk görüntülərindən də səmərəli istifadə etməliyik. Həm müharibə dövründə, həm də müharibədən sonra təbii ki, bərpa işlərində peyk məlumatlarından istifadə edilir. Ermənilər tərəfindən qırılmış meşələrin həcmi məhz peyklərdən müəyyən edilib. Bu statistika da açıqlanır ki, meşələrimizin 54 min hektarı Ermənistan rəhbərliyi tərəfindən qırılıb, talan edilib və satılıb. Peyk görüntüləri, həmçinin minalarla daha çox çirklənmiş yerləri də təsbit edir. Ona görə bu imkanlardan da səmərəli istifadə etməliyik.
Nəzərdə tutulan işlərin vaxtında başa çatması üçün xarici şirkətlərin cəlbi də əsas məsələlər sırasındadır. Hazırda xarici şirkətlərlə danışıqlar gedir: “Hesab edirəm ki, bununla paralel olaraq, yerli şirkətlər də yarana bilər. Çünki bizdə bu vaxta qədər belə təcrübə olmamışdır. Ancaq işin həcmini nəzərə alaraq, mən hesab edirəm ki, özəl şirkətlər yarana bilər, Azərbaycanın biznes dairələri burada öz sözünü deyə bilər və beləliklə, biz bu işləri daha qısa müddət ərzində görə bilərik. Əlbəttə ki, bu özəl şirkətlər müvafiq texnika ilə təmin edilməlidir.”
Pioritetlər sırasında Azərbaycanda minatəmizləmə əməliyyatları üzrə milli standartların hazırlanması da dayanır. Hər sahədə təcrübəsi nümunə olan Azərbaycan bu sahədə də təkmil standartını ortaya qoyacaq: “Dövlət Minatəmizləmə Agentliyimiz ölkə daxilində bütün işləri başa çatdırandan sonra bu təcrübədən istifadə edərək, xarici ölkələrdə də fəaliyyət göstərə, podratçı kimi işləyə bilər. Beynəlxalq təşkilatlar tərəfindən də bizim bu agentliyin xidmətindən istifadə oluna bilər. Bax, strategiyanı belə qurun. Yəni, bu, agentliyin gələcək fəaliyyəti üçün uzunmüddətli strategiya olmalıdır.”
Ümumiyyətlə, işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Bu istiqamətdə dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. Bu məsələyə kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Artıq idarəetmə istiqamətində dövlətimizin başçısı İlham Əliyev ilk Sərəncamını imzalayıb. İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi ilə bağlı ilk addım qeyd etdiyimiz kimi, Qarabağın ürəyi Şuşada oldu.
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün maliyyə təminatı yaradılıb. Azərbaycan Ordusunun təchizatı, Azərbaycan sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu işlərə 4,6 milyard manat maliyyə təminatı göstərilib. Sahibkarlara güzəştli əsaslarla kreditlərin ayrılması üçün müəyyən dövlət zəmanətlərinin verilməsi, həmin zəmanətli kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması, ipoteka proqramlarının həyata keçirilməsi, sosial mənzillərin tikintisi və digər məqsədlər üçün 152 milyon manat vəsait nəzərdə tutulub. İlkin mərhələnin, ərazilərin minalardan təmizlənməsi işinin tezliklə başa çatması işğaldan azad edilmiş ərazilərin bərpası və quruculuq işləri ilə bağlı konsepsiyanın icrasını sürətləndirəcək, Qarabağ cənnət məkan kimi dünyanın diqqətində olacaq.
Yeganə Əliyeva, «İki sahil»
Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL