Prezident İlham Əliyevin Sərəncamına əsasən hazırlanan «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» adlı sənəddə bu cür möhkəm təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlərin icra mexanizmi elmi əsaslarla təhlil edilir
Qlobal və yerli çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri –neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu «Azərbaycan -2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən ölkəmizi dünyada tanıdan inkişafın Azərbaycan modeli özünü doğrultdu. Konkret, konseptual proqramlar, düşünülmüş, ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demoqrafik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli işlahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.
Dünya Bankının «Doing Business»” hesabatında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Respublikamız 10 ən islahatçı ölkələr sırasındadır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycanın adı bəzi parametrlər üzrə ilk sıralarda çəkilir.
«Ona görə bir daha demək istəyirəm ki, biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq» söyləyən Prezident İlham Əliyevin Sərəncamına əsasən hazırlanan «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» adlı sənəddə bu cür möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib.
Qarşıdakı on ildə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir. Qeyd olunduğu kimi, ötən illərdə mürəkkəb tarixi dövr yaşayan, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yoluna siyasi, iqtisadi, sosial sahələrdə qazandığı uğurları ilə davam edən Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkədir. Ötən illərdə beynəlxalq nüfuzu möhkəmlənən, dövlətçilik ənənələri vətəndaşlar tərəfindən dəstəklənən, maliyyə imkanları güclənən respublikamızın bütün bölgələrində sosial-iqtisadi infrastruktur yenilənmişdir.
Torpaqları 30 ilə yaxın işğal altında qalmasına, müharibə şəraitində yaşamasına baxmayaraq, başqalarına nümunə göstərilən belə uğurlara imza atan, qitələri birləşdirən enerji, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, qlobal əhəmiyyətli təşəbbüsləri ilə dünyanın iqtisadi bazarında mövqeyini möhkəmləndirən Azərbaycan Cənubi Qafqazın lider ölkəsi adını bölgədə sabitliyin qorunması naminə apardığı siyasətlə doğruldur. Ölkəmizin beynəlxalq nüfuzu artır, siyasi müstəvidə mövqeyi möhkəmlənir.
Qarşıdakı illər üçün nəzərdə tutulan quruculuq və abadlıq işlərinin istiqaməti, məqsədi artıq bəllidir. 44 gün davam edən Vətən müharibəsində qazandığımız zəfər hərbi qüdrətimizi təsdiqləməklə görüləcək işlərin prioritetlərini də müəyyənləşdirir. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək. Şərqlə Qərb arasında körpü olan Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsi üçün yeni istiqamətlər artıq bəllidir. Sənəddə qeyd olunduğu kimi, mərhələ üzrə həyata keçiriləcək vəzifələr 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir.
Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olması nəzərə alınmaqla müəyyənləşdirilən prioritetlərdə ölkə vətəndaşlarının rifah səviyyəsinin artırılmasına, yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə əsaslanan yeniliklərə xüsusi diqqət yetirilir. Hazırda dövlətimizin qarşısında duran ən mühüm məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır. Bunun üçün uzunmüddətli, davamlı quruculuq işlərinə artıq start verilib. Ümumi daxili məhsul istehsalında rolu və çəkisi artan özəl sektorun inkişafı üçün nəzərdə tutulan islahatların aparılması, beynəlxaq səviyyədə nümunə göstərilən biznes mühitinin yeni təşəbbüs və təcrübələr əsasında formalaşması ilə ölkə iqtisadiyyatının ümumi inkişafına nail olmağın yolları elmi əsaslarla təhlil edilir. Özəl mülkiyyət institutlarını gücləndirməklə xarici bazarlara çıxışın coğrafiyasını genişləndirmək, bölgələrin inkişafına nail olmaq əsas vəzifədir. Bunun üçün respublikamızın zəngin yeraltı, yerüstü sərvətlərindən, əmək resurslarından istifadə başlıca məqsəd kimi qarşıya qoyulur. Yəni, inkişafın uzunmüddətli «hərəkətverici qüvvələri»”nə, insan kapitalına diqqətin artırılması iqtisadiyyatın müstəqilliyi, fermer təsərrüfatlarının, özəl bölmənin suverenliyinin təmin olunması baxımından gələcək fəaliyyətimizin əsas istiqamətləri hesab edilir. Qarşıdakı on il üçün nəzərdə tutulan əsas milli prioritetlər isə bunlardır: Dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyata, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət formalaşdırmaq, insan kapitalının inkişafı ilə müasir innovasiyalar məkanına çevrilmək, işğaldan azad olunmuş ərazilərdə, təmiz ətraf mühit və «yaşıl enerji»” ölkəsi yaratmaq.
Birləşmiş Millətlər Təşkilatının müəyyənləşdirdiyi «Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik»”dən qaynaqlanan Milli Prioritetlərin tətbiqi ilə ölkəmiz daha da qüdrətlənəcək. Belə iqtisadi artım ölkəmizin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Vətəndaşların həyatına təsir göstərən davamlı və yüksək iqtisadi artım isə daxili və xarici təsirlərə dayanıqlıq prinsiplərinə uyğun iqtisadiyyatın formalaşmasını tələb edir. Ən əsası isə qeyri-neft sənayesində, vətəndaş rəyini əks etdirən özəl sektorda təşəbbüskarlıq, fəallıq artırılmalı, etibarlı maliyyə mənbəyi formalaşmalı, kiçik və orta sahibkarlığın ÜDM-də rolunun artırılması, məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalıdır. Başqa sözlə deyilsə, yeni və şəffaf özəlləşmə strategiyası həyata keçiriləcək, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılacaq, vergi və gömrük siyasəti müasir dövrün tələblərinə uyğunlaşdırılacaq, səmərəli investisiya proqramlarının tətbiqi aktuallaşacaq. Bununla kölgə iqtisadiyyatının qarşısı alınacaq, daxili və xarici təsirlərə dayanıqlılığı təmin ediləcək, dövlətin valyuta ehtiyatlarının artırılması imkanları genişləndiriləcək. İnvestisiya layihələrinin həlli makroiqtisadi sabitliyin təminatına, qiymətlərin tənzimlənməsinə də təsir göstərəcək.
Davamlı və yüksək iqtisadi artımın sosial islahatların həllinə yönəldilməsi istiqamətində Azərbaycanın malik olduğu təcrübənin şaxələndirilməsi qarşıdakı illərdə də davam etdiriləcək. Beynəlxalq aləmdə özünü doğruldan yeniliklərdən ölkə vətəndaşlarının bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyətin formalaşmasına diqqət artırılacaq. Məşğulluqda özəl sektorun payının artması üçün Azərbaycan brendi olan «ASAN xidmət», DOST layihələrinin genişləndirilməsi ilə qeyri-formal məşğulluğun qarşısı alınacaq. Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına ölkədə daim yeniləşən əməkhaqqı , pensiya, müavinət siyasəti dünya təcrübəsinə uyğunlaşdırılmaqla, aşağıgəlirli və həssas təbəqənin həyat səviyyəsinin yüksəldilməsini nəzərdə tutan istiqamətlərə diqqət artırılacaq.
Regionların sosial- iqtisadi inkişafı Dövlət proqramlarında olduğu kimi, 2030-cu ilədək görüləcək işlərin xronologiyasını əks etdirən Milli Prioritetlərdə paytaxtın və regionların tarazlı inkişafı üçün mühüm vəzifələr əksini tapır. Diqqətçəkən perspektivlərdən biri də yeni texnologiyaların aktiv tətbiqi ilə yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bu məqsədə nail olmağın mexanizmi XXI əsrin tələblərinə uyğun təhsilə, yaradıcı və innovativ cəmiyyətə, vətəndaşların sağlam həyat tərzinə nail olmaqdır. Yüksək ixtisaslı orta təbəqənin formalaşması, rəqabətqabiliyyətli elmi innovasiyaların təkmilləşdirilməsi, sağlamlıq və uzunömürlülüyün təminatına xidmət edən müasir texnologiyalara əsaslanan keyfiyyətli səhiyyə sisteminin yaradılması insan amilinə diqqəti müasir tələblər səviyyəsində formalaşdıracaq.
Artıq ölkəmizdə postmüharibə dövrünün quruculuq və abadlıq işlərinə start verilib. İşğaldan azad olunan ərazilərdə yol, nəqliyyat infrastrukturu yenilənir, ən vacib sahələrdə quruculuq işləri aparılır. Doğma torpaqlarından köçkün düşən insanların evlərinə qayıdışının mərhələli həlli üçün tədbirlər müəyyənləşdirilir. Milli Prioritetlərdə görüləcək işlərin əsasında evlərinə qayıdacaq insanların təhlükəsizliyinin təminatına xüsusi diqqət yetirilir. Dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətə reinteqrasiya məsələlərinin təminatı üçün bütün prosedurlar müəyyənləşdirilir. İşğaldan azad edilmiş ərazilərin təbii ehtiyatlarından səmərəli istifadə etməklə bölgələrin sosial-iqtisadi inkişafını təmin edəcək layihələr, genişmiqyaslı yenidənqurma və quruculuq işləri Milli Prioritetlərdə əksini tapıb. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl bölmə tərəfdaşlığının inkişafının vacib amil kimi diqqətdə saxlanılması Böyük Qayıdışın başlıca məqsədlərindəndir.
İllərdən bəri Ermənistanın işğal altında saxladığı ərazilərdə insanların təmiz, ekoloji baxımdan sağlam mühitdə yaşaması mühüm əhəmiyyətə malik məsələ kimi sənəddə də əksini tapır. Erməni vəhşiləri tərəfindən dağıdılmış, viran qoyulmuş evlərin, meşələrin bərpası, yenisi ilə əvəz olunması ilə «yaşıl enerji» məkanına nail olunması indiki və gələcək nəsillərin sağlamlığı, tələbatının ödənilməsi baxımından daha zəruridir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payını artırmaqla iqlim dəyişikliklərinə təsirin azaldılması, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərməsi kimi amillər perspektivlərdəndir.
Xuraman İsmayılqızı, «İki sahil»
Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL