Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Qələbə ilə hər bir azərbaycanlının qəlbində abidə ucaltdı
2020-ci ilin dünya, o cümlədən ölkəmiz üçün koronavirusla mübarizə dövrü kimi xarkterizə olunsa da Qələbə sevincimiz, Zəfər Günümüz çoxəsrlik tariximizə ən yaddaqalan səhifə kimi yazıldı. Hər bir mühüm hadisə keçilən yolu, onu şərtləndirən amilləri bir daha nəzərdən keçirməyi zərurət kimi ortaya qoyur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 2003-cü ildə böyük inam və qətiyyətlə söylədiyi bu fikirləri xalqımız qürur hissi ilə xatırlayır: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”.
Dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə gördüyü işlərin miqyasına diqqət yetirmək kifayətdir ki, onun hər bir vədini konkret əməli işi ilə təsdiqlədiyini görək. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyi vədini vermişdi. Son 17 ilin uğurları bunu bir daha təsdiqlədi.
Cənab İlham Əliyev ilk gündən hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək neft-qaz gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsini, iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoydu. Bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensial imkandan səmərəli istifadə istiqamətində atılan addımlar 3 Dövlət Proqramının icrasının başa çatmasını, dördüncü proqramın icrasının davam etdirildiyini xüsusi qeyd eməliyik. Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün islahatların zamana və məkana görə təkmilləşdirilməsi, kadr islahatları uğurla həyata keçirildi. Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer aldı.
Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artması digər sahələrdə davamlı addımların atılmasını şərtləndirdi. Hər bir ölkənin inkişafından bəhs edərkən iqtisadi tərəqqi ilə yanaşı, müdafiə gücü daim önə çəkilir. Ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan ordu quruculuğu dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə daha geniş miqyası əhatə etdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb.
İqtisadi müstəqillik siyasi uğurların əldə olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan yeni-yeni dostlar, tərəfdaşlar qazanır. Azərbaycanın mövqeyi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Dağlıq Qarabağ münaqişəsinin ədaləti həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu da Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticəsidir.
Qısa təhlil əsasında bu məqamı xüsusi qeyd etməliyik ki. məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı. 30 ilə yaxın müddətdə sülh danışıqlarına önəm verən Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, hərb variantı da istisna edilmir.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları Bəyanatla Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinin yeni zəfər səhifəsini yazdı. Bu Qələbəmizin qazanılmasında görülən işləri tarixçilər hələ çox tədqiq edəcəklər. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində də bu məqamı xüsusi qeyd edirdi ki, tarixçilər istər müharibə dövrünün, istərsə də müharibədən sonraı vaxtın reallıqlarını tədqiq edəcəklər.
Böyük qürur hiss ilə qeyd edirik ki, məhz möhtərəm Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində Qələbəmizi rəsmiləşdirən bu Bəyanatın imzalanması mümkün oldu. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev bir neçə istiqamətdə yorulmadan mübarizə apardı. Orduya rəhbərliyi, siyasi və diplomatik fəaliyyəti və informasiya cəbhəsində gördüyü işlər bugünkü Qələbəmizin reallaşması yolunda həlledici amillərdən oldu. Ali Baş Komandanın bu misilsiz xidmətləri öz bəhrəsini vermiş oldu. Ona görə də bu Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi uğurudur.
10 noyabr üçtərəfli razılaşmasından öncə noyabrın 8-də Qarabağın ürəyi Şuşamızın, noyabrın 9-da 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsi Ermənistanı diz çökdürdü, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Torpaqlarımızın işğaldan azad edilməsi üçün aparılan haqq müharibəsində bütün xalqın bir yumruq kimi öz Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi Qələbəmizi təmin etdi. Bu haqq yolunda aparılan mübarizədə qazanılan Zəfər şəhidlərimizin ruhunu şad etdi, onların valideynlərinə və yaxınlarına təsəlli oldu, xalqımızın 30 illik nisgilinə, ağrılarına son qoydu. Önəmli hadisələr, bayram tədbirlərində hər zaman səsləndirilən arzu bu olurdu: Bayramlarımızı işğaldan azad edilən torpaqlarımızda, Qarabağda qeyd edək, müqəddəs üçrəngli bayrağımız bu torpaqlarımızda dalğalansın. Artıq bu, reallıqdır.
Qeyd etdiyimiz kimi, bütün bu uğurlara xalq-iqtidar birliyi, dövlətimizin başçısının siyasi və hərbi bacarığı, ölkəmizin iqtisadi gücü, respublikamızda hökm sürən daxili sabitlik və ən başlıcası isə xalqın öz liderinə, Müzəffər Ali Baş Komandana olan sonsuz inamı və məhəbbəti nəticəsində nail olundu. Qarşıdakı illərdə Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.
Bu gün daha çox səslənən fikirlərdən biri də Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımızın milli qürurunu özünə qaytarmasıdır. Azərbaycan bu Qələbəsi ilə dünyaya sübut etdi ki, onun uğrunda ölməyi bacaran, azadlığı uğrunda qanını tökməyə hazır olan övladları var. Döyüşlərdə oğlunu, qardaşını, atasını, həyat yoldaşını itirən Azərbaycan qadını Müzəffər Ali Baş Komandana “Dayanmayın, arxanızdayıq!” şüarı ilə dəstək verdi. Başına düşmən silahları yağan mülki Azərbaycan vətəndaşı “Biz yağı düşməndən qorxub, öz doğma yurdumuzu tərk etməyəcəyik, ölsək də Vətən uğrunda şəhid gedəcəyik. Amma biz qorxmuruq, ordumuza və rəhbərimizə inanaraq, bir addım da geri çəkilməyəcəyik” deyib birlik, həmrəylik göstərdilər. Şəhid valideynləri “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Vətən sağ olsun!” dedilər. Budur, Azərbaycan xalqının məğrurluğu, yenilməzliyi, birliyi, həmrəyliyi, dəmir yumruq kimi birləşməsi.
Qeyd etdiyimiz kimi, Azərbaycan tarixinə bu parlaq səhifələri yazmaq heç də asan olmadı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq məqsədilə Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyev yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqləri qəyiyyətlə cavablandırdı. Dövlətimizin başçısı İlham Əliyevin 44 gündə 30-a yaxın müsahibəsinin hər biri Azərbaycanın ədalətli mövqeyinin təqdimatı, erməni yalanlarının ifşası, diplomatiya, siyasi müstəvidə göstərilən səylərin ümumiləşdirilmiş ifadəsi idi.
Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi 17 ildən artıq bir dövrdə ölkəmizin hərtərəfli inkişaf etdirilməsi və beynəlxalq aləmdə layiqli yer tutması üçün əsl liderlik missiyasını dönmədən həyata keçirib. Müstəqil Azərbaycan dövlətinin böyük addımlarla irəliyə doğru getməsi və ölkəmizdə xalq-iqtidar birliyinin təmin olunması, dünyada rolumuzun və nüfuzumuzun artması Prezident İlham Əliyevin böyük liderlik missiyasını yüksək səviyyədə və dönmədən yerinə yetirdiyini beynəlxalq aləmin gözü qarşısında aydın surətdə nümayiş etdirir. Qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın Vətən müharibəsində xalqa müraciətləri və xarici ölkələrin müxtəlif televiziya kanallarına, informasiya agentliklərinə verdiyi müsahibələr özünün siyasi mahiyyəti, hərbi-strateji hədəfləri və səfərbərlik ruhu etibarilə ordulara bərabər güclü təsiredici imkanlara malik idi. Ölkə Prezidentinin Azərbaycan xalqına sentyabrın 27-də müraciəti Dağlıq Qarabağ və ətraf torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda ədalətli müharibədə vətənpərvərlik və birlik nümayiş etdirməyə çağırışın ifadəsi idi. Prezident İlham Əliyev bu müraciəti ilə
dövlətimizin və xalqımızın qarşısında duran vəzifələrin strategiyasını və taktikasını müəyyən edən siyasi-hərbi tezisləri açıqladı. 44 gündə xalqa hər bir müraciət birlik, vətənpərvərlik və səfərbərlik dərsləri idi. Bir sözlə, Vətən müharibəsində qazanılan Böyük Qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda zəfərlərinin salnaməsidir, parlaq səhifəsidir. Böyük Zəfər dövlətimizin başçısı İlham Əliyevin simasında Azərbaycanda yaranmış dəmir yumruq kimi möhkəm xalq-iqtidar birliyinin həlledici uğurudur. Bu, Müzəffər Ali Baş Komandanın vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə edib yetişdirdiyi, ən müasir hərbi texnika ilə silahlandırdığı qəhrəman Azərbaycan Ordusunun zəfəridir. Müzəffər Ali Baş Komandan İlham Əliyev memarı olduğu Böyük Qələbə ilə hər bir azərbaycanlının qəlbində özünə abidə ucaltdı.
Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı bir daha Azərbaycanın gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. «Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, son 17 ildə dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik: «Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.»
Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd etmişdir ki, biz bu Qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq: «Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik.»
Artıq bizim üçün yeni dövr- quruculuq dövrü başlayır. Dövlətimizin başçısı İlham Əliyevin Qələbə sevincini paylaşmaq üçün işğaldan azad edilmiş torpaqlarımıza səfəri, insanlarla görüşməsi də qürurverici amillər sırasındandır. Cənab İlham Əliyev bu ərazilərimizdə yeni həyatın başlanması ilə əlaqədar bir sıra Fərman və sərəncamlar imzalayıb. Hər bir çıxışında artıq «Dağlıq Qarabağ münaqişəsi» ifadəsinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, Qarabağ bölgəsi sanki yenidən doğulacaq, canlanacaq, dirçələcək: «Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var.»
«Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var» söyləyən cənab İlham Əliyev bildirmişdir ki,
paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək: «Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.»
Daim, o cümlədən 44 günlük müharibə dövründə Azərbaycanın yanında olan, dünyaya ölkəmizin tək olmadığı mesajını verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi uğurda ən böyük paylardan birinin cənab Prezident İlham Əliyevə aid olduğunu önə çəkərək qeyd etmişdir ki, qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək.
Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində bildirmişdir ki, Qarabağın işğaldan azad olunması ilə Qafqazda yeni dövrün qapıları açıldı.
Azərbaycanın, dövlətimizin başçısı İlham Əliyevin ünvanına beynəlxalq səviyyədə, eyni zamanda, dost, qardaş ölkənin rəsmiləri, sıravi vətəndaşları tərəfindən səsləndirilən bu xoş fikirləri xeyli sayda qeyd edə bilərik. Bu təşəkkür və minnətdarlıq dolu fikirlərə əsas verən təbii ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın davamlı uğurlara imza atması, eyni zamanda, Prezidentimizin qətiyyəti, dövlət maraqlarını atdığı hər bir addımında öndə saxlaması, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları dəmir yumruq kimi birləşdirmək bacarığı, dövlətə, xalqa xidmət missiyasını layiqincə yerinə yetirməsidir. Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan xalqına! Ölkə vtəndaşlarının cənab İlham Əliyevə ünvanladıqları təşəkkür və minnətdarlıq məktublarında da bildirilir ki, Sizin uzaqgörən və müdrik siyasətiniz, Ali Baş Komandan kimi mahir sərkərdəliyiniz sayəsində xalqımız bu Zəfəri yaşadı. Siz müasir ordu quruculuğunun ən mükəmməl modelinin müəllifisiniz. Göstərdiyiniz qətiyyətə, apardığınız uzaqgörən siyasətə, düşmən üzərində
qazandığınız Qələbəyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Bu kimi fikirlər bir daha belə bir reallığı təsdiqləyir ki, xalqına güvənən, ondan güc alan Prezidentə milyonların sevgisi şəksizdir.
Yeganə Əliyeva, «İki sahil»
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir