Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin
Dövlətimizin başçısı İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan iclasında ölkəmizin uğurlarında həyata keçirilən struktur islahatlarının rolunu xüsusi qeyd etmişdir:
“Struktur islahatları aparılıb və hesab edirəm ki, struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxmalıyıq. Siyasi islahatlar göz qabağındadır, kadr islahatları aparılıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin. Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə biz onu da təmin edirik.”
Bu reallıq da xüsusi olaraq qeyd edilmişdir ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə, eyni zamanda, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır: “Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq.”
Zamanın və dövrün tələbinə uyğun təkmilləşmə yeni-yeni hədəflərə yol açır ki, bu da öz növbəsində kadr hazırlığını və islahatları bir tələb kimi ortaya qoyur. Ölkəmizdə həyata keçirilən təkmil islahatlar, yeni iqtisadi və sosial inkişaf modeli beynəlxalq aləmdə də yüksək dəyərləndirilir, maliyyə qurumlarının hesabatlarında birinciliyin əldə olunmasını şərtləndirir. Son 16 ildə Azərbaycanın iqtisadi tərəqqisi möcüzə kimi xarakterizə olunur. Bu inkişaf tendensiyasının qorunub saxlanılmasında dövlətimizin başçısı İlham Əliyevin iradəsi, qətiyyəti, eyni zamanda, inkişafla vəhdət təşkil edən kadr islahatları əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, istənilən sahəni inkişaf etdirmək üçün konkret planlarımız, proqramlarımız vardır. İqtisadi islahatların əsas istiqamətlərindən biri enerji resurslarından asılılığın azaldılmasıdır ki, bu gün gün ümumi daxili məhsulda özəl bölmənin payının 85 faiz təşkil etməsi bu məqsədə lazımi səviyyədə nail olduğumuzun göstəricisidir. Regionların sosial-iqtisadi inkişafında dair 3 Dövlət proqramının uğurlu icrası, dördüncü Dövlət Proqramının icrasının artıq bir ilinin tamam olması və sair bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadəyə geniş imkanlar açıb. Son 16 ildə 2 milyondan artıq yeni iş yerinin yaradılması, bunların böyük əksəriyyətinin bölgələrin payına düşməsi də deyilənlərin təsdiqidir. IV Dövlət Proqramının icrasının bir ilində 98 min yeni iş yeri açılıb. Yeni iş yerlərinin bir hissəsi regionlarda açılan çoxsaylı istehsal, emal, sənaye, xidmət və sosial obyektlərin payına düşür. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı istehsalın artımı ilə bərabər, eyni zamanda, yeni iş yerlərinin yaradılması, bölgələrin inkişafı deməkdir.
Məhz bu kimi amilləri önə çəkərək dövlətimizin başçısı İlham Əliyev pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi dövrdə əhalinin sağlamlığının təminatı ilə yanaşı, məşğulluq və sosial müdafiəyə dəstək tədbirlərinə xüsusi diqqət yönəldir, ən əsası iş yerlərinin azaldılmamasını qarşıya ən ümdə məqsəd kimi qoyur. İşsizlər və karantin dövründə iş yerlərini müvəqqəti itirmiş insanlar üçün maliyyə yardımının göstərilməsi də deyilənlərin bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyevin qərarı ilə birdəfəlik ödəmə, yəni 190 manat 600 min şəxsə ödəniləcək. Bu ödəmə aprel-may aylarını əhatə edəcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. İşsizlikdə sığorta ödənişlərinin əhatə dairəsi genişləndiriləcək. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdə sığorta ödənişi şamil ediləcək. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur.
Göründüyü kimi, dövlət bütün hallarda vətəndaşların yanındadır, onların sosial müdafiəsini gücləndirmək üçün ciddi tədbirlər həyata keçirilir. Ölkənin hərtərəfli inkişafında sahibkarların rolu daim önə çəkilərək, bu sahənin inkişafı üçün zəruri olan bütün addımlar atılır. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışındakı nitqində də bu vacib məqama diqqəti yönəltmişdir ki, sahibkarlığın inkişafını şərtləndirən əsas amillər enerji, qaz və su təminatı üçün infrastrukturun yenilənməsi, beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, o cümlədən kənd yollarının tikintisi istiqamətində əhəmiyyətli işlər görülüb, yüz minlərlə sakinin və sahibkarlıq subyektlərinin yol infrastrukturuna çıxış imkanları yaxşılaşıb. Ölkə Prezidentinin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Həmçinin cənab İlham Əliyevin hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Tədbirlər Planı təsdiqlənib, Prezidentin ehtiyat fondundan vəsaitlər ayrılıb. Bu mühüm addımın bölgələrin inkişafına nə kimi təsir göstərdiyi əldə olunan sosial-iqtisadi göstəricilərdən daha aydın görünür. Dövlətimizin başçısı daim bildirir ki, hər bir şəhər, bölgə, kənd və qəsəbə bu inkişafı, tərəqqini öz həyatında hiss etməlidir. Bu məqsədə nail olmaq üçün birgə səylərin göstərilməsi, icra strukturlarının öz səlahiyyətlərini yüksək səviyyədə yerinə yetirmələri bir tələb kimi qarşıya qoyulur. Ölkə Prezidentinin son təyinatlarına, onlarla keçirdiyi görüşlərdə qarşılarına qoyduğu məqsəd və vəzifələrə diqqət yetirsək, insan amilinə verilən dəyər özünü qabarıq şəkildə büruzə verir. Cənab İlham Əliyev bildirir: “Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə, burada oturan bütün icra başçılarına. Hamısını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmurlar. Hər birinə demişəm ki, gedin, insanlara arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm.”
Qeyd etdiyimiz kimi, dördüncü Dövlət Proqramının icrasına uyğun olaraq bölgələrdə sahibkarlığı inkişaf etdirmək məqsədilə işlər davam etdirilir. Hədəf kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılmasıdır. ABAD mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi, DOST Agentliyinin fəaliyyətə başlaması və iki DOST mərkəzinin istifadəyə verilməsi sahibkarlığın inkişafına, ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsinə, ən əsası vətəndaş məmnunluğunun artırılmasına geniş imkanlar yaradıb. Eyni zamanda, iqtisadiyyata yerli və xarici maliyyə resurslarının cəlb edilməsi üçün dövlətin təşviq mexanizmlərindən biri olan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir.
Dövlətimizin başçısı cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə aidiyyəti qurumlara tapşırıqlarını verərkən bildirmişdir ki, həm investisiya, həm də cari xərclərə yenidən baxılmalıdır. Şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması hesabına iqtisadi-maliyyə vəziyyət sabit saxlanacaq.
Digər mühüm hədəf ölkədə müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və istehsal sahəsində əhalinin məşğulluğunun artırılmasıdır. Buna nail olmaq üçün cari ildə də sənaye parkları və məhəllələrinin tikintisi, onların fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir.
Aqrar sektorun inkişafı da bu gün prioritet məsələ kimi öndədir. Dövlət kiçik və orta fermer təsərrüfatlarını dəstəkləməklə yanaşı, iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasına xüsusi diqqət göstərir. Ümumiyyətlə, aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində qabaqcıl texnologiyalardan istifadə edən aqrar müəssisələrin yaradılmasına ehtiyac var.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ölkədə müasir və şəffaf idarəetmə ilə bağlı uğurlu addımlar atılıb, o cümlədən təşəbbüskar və bilikli gənc kadrlar önə çəkilib. Beləliklə, 2018-ci ilin prezident seçkilərindən sonra başlanan islahatlar Azərbaycanda keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Yeni islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır.
Yeganə Əliyeva, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir