23 aprel 2020 10:28
2236

Ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb

Azərbaycanın istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə həmrəyliyin gücləndirilməsi üçün atdığı addımlar təqdir edilir

Dövlətimizin başçısı İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə vidobağlantı formatında keçirdiyi iclasda bu gün ölkəmizdə milli həmrəyliyin müşahidə edilməyən dərəcədə artdığını böyük inamla vurğulamışdır: “Bu bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstəririk. Təbii ki, ilk növbədə, dövlət, eyni zamanda, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər - biz xalqımıza xas olan ən ülvi xüsusiyyətləri bir daha nümayiş etdiririk.”

Koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən ölkə Prezidentinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çıxışlarında, xalqa müraciətlərində birliyin, həmrəyliyin pandemiyadan uğurla çıxmağımızda əsas amillərdən biri olduğu xüsusi qeyd edilir.

Azərbaycan hökumətinin atdığı addımlar silsilə xarakter daşıyır. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması sonrakı tədbirlərin təqdimatında əhəmiyyətli rol onayır. Qərargah mütəmadi olaraq görülən işlər, xəstəliyə yoluxanların sayı, ən əsası karantin rejiminin sərtləşdirilməsini zəruri edən səbəblər barədə məlumat verir. Dövlətimizin başçısı bildirir: “Dövlət bütün işləri görür... Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına... Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir.” Növbəti mərhələdə fonda ayrı-ayrı qurumlar, müəssisələr, sahibkarlar, eyni zamanda, sadə vətəndaş tərəfindən inanələr verildi. Cənab İlham Əliyev bu məqamı xüsusi önə çəkir ki, elə adam var ki, bir manat köçürür: “Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.”

Qeyd etdiyimiz kimi, istənilən məsələnin həllində başlanğıc mərhələ önəmli rol oynayır. Bütün dünyanı bürüyən, ayrı-ayrı ölkələrdə yoluxma və ölüm hallarının artmasına səbəb olan koronavirus təhlükəsi ilə mübarizə ilk olaraq vətəndaş məsuliyyətinin artırılmasını aktuallaşdırdı. Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri görülən işləri yüksək dəyərləndirərək Azərbaycanın bu çətinliklərdən az itki ilə çıxacağını böyük inamla qeyd edirlər. Dünya miqyasında müqayisə apardıqda Azərbaycanda vəziyyətin daha yaxşı olduğu diqqətdən kənarda qalmır. Ölkəmizdə yoluxma və ölüm halları əhalinin sayına görə çox aşağı səviyyədədir. Cənab İlham Əliyev bildirir ki, ancaq bu, yenə də əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə lazımi işlər görülüb və görüləcək.

Karantin rejiminin qaydalarında yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın evdə qalmasına xüsusi çağırışların edilməsi, hətta bu yaşda tənha yaşayanlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən sosial xidmətlərin göstərilməsi də birliyimizə, həmrəylimizə işarədir. Hər bir halda məqsəd hər kəsin evdə qalaraq həm özünü, həm ətrafındakıları qorumaq, dövlətinə dəstək olmaqdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində bu inamı ifadə etmişdir ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Həmin müraciətdə bu mühüm məqam da öz əksini tapmışdır ki, biz azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq: “Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir.”

İstər pandemiyadan əvvəlki, istər pandemiya dövründə insanların sabit, təhlükəsiz şəraitdə yaşayışının təmin olunması, onların qayğılarının həlli dövlət siyasətinin ana xətti kimi öndə dayanıb. Vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində atılan addımların davamlılığı da deyilənlərin bariz nümunəsidir. İnsanların vaxt itirmədən hər hansı bir sənədi əldə etmələri üçün “ASAN xidmət”in, məşğulluqlarını təmin etmək üçün ABAD mərkəzlərinin, sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi üçün DOST mərkəzlərinin dəstəyindən istifadə olunması da dövlətimizin vətəndaş amilinə verdiyi önəmin, onların qayğıları ilə yaşamasının, rahatlıqlarının təminatında nə dərəcədə maraqlı olduğunun göstəricisidir. Dövlətimizin vətəndaşlarını koronavirus pandemiyasından etibarlı müdafiəsini təşkil etmək istiqamətində atdığı addımlar bir daha dövlət-vətəndaş birliyinin önəminə işıq saldı. Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin qaydalarını sərtləşdirməsi də vətəndaşların sağlamlığının təminatında əhəmiyyətli, ən əsası vacib amil olan “evdə qalaq” prinsipinin qorunmasına xilmət edir.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan həm ölkə daxilində, həm də xaricində həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, ölkə Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi də deyilənlərin təsdiqidir. “Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir” söyləyən dövlətimizin başçısı qeyd etmişdir ki, bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür: “Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır.”

Göründüyü kimi, Azərbaycan hökumətinin atdığı addımlar həm ölkə, həm də dünya miqyasında yüksək dəyərləndirilir. Bu fikir beynəlxalq səviyyədə xüsusi vurğulanır ki, Azərbaycan güclü dövlətdir, vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Ümumdünya Səhiyyə Təşkilatı rəsmilərinin mütəmadi olaraq açıqlamalarında da Azərbaycanın istər insanların sağlamlığının qorunması, istərsə də iqtisadi və sosial fəsadların aradan qaldırılması təcrübəsi önə çəkilir və təqdir edilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hazırda əksər ölkələr Azərbaycanın tətbiq etdiyi karantin qaydalarından istifadə edirlər. Özünütəcrid qaydalarına riayət etmək koronavirus infeksiyasına qarşı mübarizədə əsas amillərdən biridir.

Cənab İlham Əliyevin qeyd olunan videobağlantı formatında iclasda söylədiyi “Son günlər ərzində mənə ünvanlanan minlərlə məktub göstərir ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə çox böyük qiymət verir. Əlbəttə ki, bu bizi daha da ruhlandırır. Bu onu göstərir ki, baxmayaraq insanların həyatı çətinləşib, normal həyata müdaxilə edən karantin rejimi bir çoxları üçün problemlər yaradıb, yenə də xalqımızın böyük əksəriyyəti bu vəziyyəti dərk edərək dövlətə öz dəstəyini göstərməkdədir. Biz isə bundan sonra da bu bəla ilə mübarizədə fəal olmalıyıq, qabaqlayıcı tədbirlər görməliyik və elə etməliyik ki, bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək” fikirləri pandemiyadan uğurla çıxmağın vacib amillərinə, o cümlədən görülən işlərin vətəndaşlarda böyük ruh yüksəkliyi yaratmasına və hökumətin bundan böyük güc, dəstək almasına işıq salmaqla yanaşı, pandemiyadan sonrakı dövrdə ölkəmizin uğurlu inkişafı üçün atılacaq addımların aydın mənzərəsini yaradır.

Yeganə Əliyeva, “İki sahil”