22 aprel 2020 10:24
1765

Bu gün dünya miqyasında ən səmərəli enerji sistemindən biri məhz Azərbaycandadır

Dövlətimizin başçısı İlham Əliyev “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışındakı nitqində enerji təminatının hər bir ölkənin döyünən ürəyi olduğunu əsaslı şəkildə diqqətə çatdırmışdır

Koronavirus pandemiyasına qarşı mübarizənin aparıldığı bu çətin zamanda Prezident İlham Əliyevin mütəmadi olaraq bu və ya digər müəssisənin açılışında iştirakı öncə bu reallığa işıq salır ki, hansı vəziyyətin yaranmasından asılı olmayaraq dövlətimizin başçısı vətəndaşlarının yanındadır, onların qayğıları ilə yaxından tanış olmaq, eyni zamanda, ölkəmizin iqtisadi və sosial inkişafına töhfə olan bu kimi müəssisələrin bugünümüz və gələcəyimiz üçün nələri vəd etdiyini ictimaiyyət nümayəndələri ilə bölüşmək istəyir. Bu isə öz növbəsində xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığını bir daha nümayiş etdirir.

“Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışındakı nitqində enerji təminatının hər bir ölkənin döyünən ürəyi olduğunu əsaslı şəkildə diqqətə çatdıran cənab İlham Əliyev bildirmişdir ki, əlbəttə, enerji olmasa, heç nə olmayacaq. O olmasa, sənaye, kənd təsərrüfatı inkişaf etməyəcək, suvarma işləri təmin edilə bilməyəcək, ictimai nəqliyyat işləməyəcək. Ümumiyyətlə, həyat iflic vəziyyətə düşəcək. Ona görə də əsas məqsəd müstəqil enerji sistemi yaratmaq, xaricdən asılılığı aradan götürmək idi.

Müstəqillik tarixinin 29-cu ilini yaşayan Azərbaycanın bu sahədə gördüyü işlərin və qazanılan uğurların qısa xronologiyasına diqqət yetirsək, enerji potensialının artırılması istiqamətində atılan addımların davamlılığını və qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunduğunu görərik. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan artıq enerji ixracatçısına çevrilib. Özünün enerjiyə olan tələbatını ödəyən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınır və nüfuz qazanır. Ölkəmiz daim malik olduğu imkanlardan səmərəli istifadə etməklə iqtisadi qüdrətini artırır, bu isə öz növbəsində güclü sosial islahatların həyata keçirilməsini təmin edir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan nitqində də bu məqamı xüsusi qeyd etmişdir ki, regional inkişaf proqramlarının icrasında infrastruktur layihələrinin yerinə yetirilməsi, beynəlxalq satandartlara cavab verməsi əsas yer tutur. Təkcə bu statistikaya diqqət yetirmək kifayətdir. Son 16 ildə bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilmişdir: “Digər elektrik stansiyalarında da bərpa işləri aparılır və əminəm ki, biz bu istiqamətdə öz hədəfimizə çatacağıq. Bütün bu işlər, o cümlədən ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, iqtisadi inkişaf, sənaye potensialımızın artması, eyni zamanda, qonşu ölkələrlə enerji xətlərinin təmin edilməsi, inşası ona gətirib çıxarıb ki, xarici investorlar artıq bu sahəyə böyük maraq göstərirlər. Biz bunu həmişə arzulamışıq. Ancaq görəndə ki, xarici investor bu sahəyə maraq göstərmir, bütün işləri biz özümüz görürük, öz pulumuzla. Müəyyən hissəni biz borc kimi götürdük, amma əsas hissəni öz pulumuzla həll etdik və bu gün dünya miqyasında ən səmərəli enerji sistemindən biri məhz Azərbaycandadır və bunu təsdiqləyən Davos Ümumdünya İqtisadi Forumunun hesabatıdır.”

Cənab İlham Əliyev çıxışlarında Azərbaycanın reytinqini müəyyənləşdirən hesabatlardan bəhs edərkən bildirir ki, biz bu reytinqlər üçün çalışmırıq. Amma onlar, eyni zamanda, bir siqnaldır.

Təbii ki, bir maliyyə qurumunun hesabatı digəri üçün müəyyən mənada baza rolunu oynayır. Bu baxımdan ki, hansısa bir sahədə görülən işlərin qiymətləndirilməsi, düzgün təhlili digər qurumun hesabatının tərtibində yardımçı rolunu oynayır. Dünya Bankı daim ölkəmizdə həyata keçirilən istalahatları diqqətlə izləyir və tərtib etdiyi hesabatda Azərbaycanın mövqeyini dəstəkləyərək ən islahatçı ölkələr sırasında qeyd edir. Həmçinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar təqdir edilir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan iqtisadiyyatın rəqabətliliyinin artırılması indeksinə görə ön yerlərdə qərarlaşır. Həmçinin Davos Ümumdünya İqtisadi Forumunun hesabatında ölkəmizdə infrastruktur layihələrinin icrasına xüsusi diqqət yönəldilir, istər yol infrastrukturunun, istərsə də enerji sisteminin təkmilləşdirilməsinə yönələn addımlar Azərbaycana böyük reytinq qazandırır. Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almasının əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı ölkələri” qrupunda yuxarı sıralara yüksəlməsi də bu kimi uğurlu addımların, təkmil islahatların nəticəsidir. Ən əsası Azərbaycanın iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallığa çevrilib. “Fitch Ratings” agentliyi Azərbaycanın sabit reytiniqini təsdiqləyir. Azərbaycan yenə də dünyanın ən rəqabətli iqtisadiyyata malik ölkələri arasındadır. Rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rol oynayır. Artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır. Məhz bu məqamlara söykənərək cənab İlham Əliyev bildirir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycan dünyada ikinci yerdədir: “Təsəvvür edin, ikinci yerdə. Bizdən qabaq, sadəcə olaraq, bir ölkə var. Yəni, bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Özü də nə vaxt, qısa müddət ərzində.”

Ölkə Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclaslarında daim bu məsələyə diqqət yönəldilir, konkret tapşırıqlar verilir. İnfrastuktur layihələri ilə bağlı dövlət investisiya proqramında nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra edildiyini önə çəkən cənab İlham Əliyev bildirir ki, qaz, su, elektrik enerjisinin təminatı ilə bağlı zəruri olan bütün addımlar atılır.

Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev cari ilin əvvəllərində Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən də bu kimi məsələlərə xüsusi diqqət yönəldərək bildirmişdir ki, son illər ərzində ölkəmizdə bu sahədə çox böyük işlər görülüb. Regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildə qəbul edilmiş birinci Dövlət Proqramı çərçivəsində enerji güclərinin yaradılması nəzərdə tutulurdu. Artıq buna tam nail olduq. Bu gün bizim təqribən 1000 meqavatlıq əlavə enerji güclərimiz var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir. Ötən il ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar civarında vəsait əldə edib.

“Mən Prezident kimi fəaliyyətə başlayanda infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərildi. Mənim göstərişimlə və nəzarətim altında bölgələrdə bir neçə elektrik stansiyası tikilmişdir. Biz “Xaçmaz”, “Şahdağ”, “Astara”, “Şəki”, “Bakı” stansiyalarını tikdik ki, hər bir bölgədə güclər mövcud olsun və artırılsın. Şirvan şəhərində 800 meqavata yaxın generasiya gücü olan “Cənub” elektrik stansiyası tikilmişdir. “Şimal-1”, “Şimal-2” elektrik stansiyaları istifadəyə verilmişdir. Bütün bunlar böyük zəhmət, uzaqgörənlik tələb edir. Biz vaxtilə idxaldan asılı idik. İndi isə biz özümüzü elektrik enerjisi ilə təmin edirik və ixrac da edirik. İxrac o təqdirdə edilə bilər ki, daxili tələbat tam ödənilsin. Biz indi buna nail ola bilmişik” fikirləri ilə Azərbaycanın son 16 ildən artıq dövr ərzində enerji sektorunda həyata keçirdiyi tədbirləri ardıcıl şəkildə açıqlayan cənab İlham Əliyev bildirir ki, çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib.

Əvvəlki illərlə bu günün müqayisəsini apardıqda təbii ki, böyük inkişafın şahidi oluruq. Vətəndaşların vasiləsiz enerji ilə təminatı günümüzün reallıqları sırasındadır. Elektrik enerjisinin istehsalının və paylanmasının əsas məqsədi onun müəssisəyə və vətəndaşa çatdırılmasıdır. Digər sahələrdə olduğu kimi, energetika sektorunda da zamanın, dövrün tələblərinə uyğun təkmilləşmə həyata keçirilir. Cənab İlham Əliyevin açılışında iştirak etdiyi “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi bunun bariz nümunəsidir. Açılış mərasimində gənclərin də qeyd etdikləri kimi, hazırkı şəraitdə ən yüksək müasir texnoloji avadanlıqlarla təchiz edilmiş dispetçer idarəetmə sistemi, laboratoriya, təlim-tədris və mədəniyyət mərkəzlərindən ibarət kompleks olmayıb. Bütün bunlar bu sahədə çalışan, fəaliyyət göstərən peşəkar mütəxəssislərlə, energetiklərlə yanaşı, həmçinin gənc mütəxəssislərə də verilən böyük töhfə və stimuldur. Gənclər bu əminliyi ifadə etmişlər ki, yaradılan bu imkanlardan tam səmərəli istifadə etməklə elmi-texniki potensialı kadr potensialına çevirməyə çalışacaqlar. Bu mühüm addım pandemiyanın geniş yayıldığı bugünkü gündə ölkənin bütün vətəndaşlarına göstərilən diqqət və qayğı kimi dəyərləndirilmişdir.

Yeganə Əliyeva, “İki sahil”