21 aprel 2020 10:12
1982

Pandemiya dövründə əsas prioritetlər insanların sağlamlığı, sosial müdafiəsi və iqtisadi fəallığın artmasıdır

Dövlətimizin başçısı İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda atılan addımlar fonunda bir daha bu reallığı ifadə etdi ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Artıq 2020-ci ilin birinci rübü arxada qaldı. Dövlətimizin başçısı İlham Əliyev istər cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda 2020-ci ilin ilk aylarının sosial-iqtisadi nəticələrini, eyni zamanda, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən iqtisadi və sosial tədbirlər nəticəsində əldə olunan uğurları önə çəkərək bu əminliyi ifadə etmişdir ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq.

Qeyd etdiyimiz videobağlantı formatında iclasda ölkəmizin pandemiyaya qarşı mübarizə tədbirlərindən, insanların sağlamlığının təmin edilməsi yönümündə atılan addımlardan geniş bəhs edən ölkə Prezidenti bu məqamı xüsusi qeyd etmişdir: “Eyni zamanda, təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır.”

Siyasi, iqtisadi və sosial sahələrdə aparılan islahatlar Azərbaycanın dayanıqlı inkişafını şərtləndirir. Cənab İlham Əliyev diqqəti cari ilin ilk aylarının sosial-iqtisadi göstəricilərinə yönəldərək bildirmişdir ki, ümumi daxili məhsul 3 faizə yaxın artıb. Qeyri-neft sektorunda artım 3 faizə yaxın, qeyri-neft sənaye sektorunda 23 faizdir. İnflyasiya 3 faiz səviyyəsindədir. Əhalinin gəlirlərində artım isə 7 faizə yaxındır. Statistik rəqəmlər qeyd olunan dövr ərzində bütün əsas istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafının reallıq olduğunu təsdiqləyir.

Bir faktı da qeyd edək ki, 2019-cu ildə ÜDM-nin artımı son beş ildə ilk dəfə 2 faizi ötüb. Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədi ilə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ötən ilin iqtisadi uğurları ilə bağlı hesabatında bu göstəricilər də öz əksini tapmışdır ki, qeyri-neft ÜDM-nin istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub. Proqnozlara diqqət yetirsək görərik ki, 2020-ci ildə iqtisadi artımın son 6 ildə ilk dəfə olaraq 3 faizə çatması, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə 3,1 faiz və 2023-cü ildə isə 3,2 faiz olması hədəflənib.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanın təkmil islahatları, kadr və struktur islahatlarının yol açdığı uğurlar təqdir olunur, ən islahatçı ölkələr sırasında qərarlaşır. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Həmin hesabatda Azərbaycanın mövqeyi 190 ölkə arasında 25-ci yerdə olmuş, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlmişdir.

Təbii ki, bu uğurlar ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir. Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələri də dövlətimizin başçısına inam və etimadı nümayiş etdirməklə yanaşı, belə bir ümumiləşdirməni də aparmağa əsas verdi ki, bütün dünyada neftin qiymətlərinin aşağı düşməsi, beynəlxalq geosiyasi qarşıdurmaların kəskinləşməsi, II Dünya müharibəsindən sonra dünyada ilk dəfə ən dərin sosial, siyasi, iqtisadi böhran vəziyyətini yaradan yeni qlobal pandemiyanın sürətlə yayılması fonunda Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahının və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətlə artır. Təqdim olunan “İnam indeksi”ndə ölkə vətəndaşlarının 94, 5 faizi Prezident İlham Əliyevə inam və etimad göstərir.

Ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması hər çətinlikdən üzüağ, böyük uğurlarla çıxmasını şərtləndirir. Ölkəmizdə sahibkarlığın inkişafına, normal biznes mühitinin yaradılmasına diqqət və maraq pandemiyaya qarşı mübarizə tədbirlərində də özünü qabarıq şəkildə büruzə verir. Sahibkarlara, iş adamlarına dövlət dəstəyinin göstərilməsi, işsiz və karantin rejimi ilə əlaqədar müvəqqəti işsiz qalan vətəndaşlara dövlət tərəfindən maddi yardımların verilməsi də deyilənlərin bariz nümunəsidr. Qeyd edək ki, Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. Eyni zamanda, bu hesabat xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda, məsələn, “Qlobal Rəqabətlilik Hesabatı”, “Qlobal İnnovasiyalar İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Qlobal İmkanlar İndeksi” və sairdə baza rolunu oynayır. Azərbaycanın reytinqinin gündən-günə yüksəlməsi böyük uğur olmaqla yanaşı, həyata keçirilən kompleks islahatların, xüsusilə qeyd edilən sahələr üzrə aparılan təkmilləşmə tədbirləri nəticəsində qazanılmış nailiyyətlərin təqdimatında əhəmiyyətli rol oynayır. 2003-cü ildən, yəni cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması qarşıya mühüm vəzifə kimi qoyulub. Bu məqsədə lazımi səviyyədə nail olmaq üçün regional inkişaf proqramları icra edilir. Artıq dördüncü Dövlət Proqramının icrasının bir ili arxada qalıb. Hər bir sənədin qəbulu bu inama əsas verir ki, rayonlar arasında sağlam rəqabət daha da güclənəcək, Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi davamlı inkişafı ilə diqqətdə olacaq. Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq məqsədilə cənab İlham Əliyevin bölgələrə hər səfəri yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda, səfərlərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin ehtiyat fondundan vəsaitlər ayrılır. Pandemiyaya qarşı mübarizənin dərinləşdiyi hazırkı dövrdə də dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Sərəncam və fərmanlara diqqət yetirdikdə, bölgələrdə infrastrukturun yenilənməsinə xeyli məbləğdə vəsaitlərin ayrıldığını görərik.

Məşğulluğun inkişafının prioritetliyini nəzərə alsaq ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində mühüm addımlar atılır, ailə təsərrüfatlarına ABAD mərkəzlərinin vasitəsilə asan dəstək göstərilir. 2020-ci ildə də ABAD mərkəzlərinin sayının artırılacağı hədəflər sırasındadır. Öüzünüməşğulluq proqramı uğurla icra edilir. 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir. Cari ilin ötən dövrü üçün bu statistika da açıqlanır ki, DOST mərkəzlərinin vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına başlanılıb. Vətəndaş məmnunluğunun artırılmasına xidmət edən DOST kimi layihələrin coğrafiyasının genişlənməsi öz növbəsində xidmət sahələrinin sayının artmasına geniş imkanlar yaradır. 2020-ci ildə bu mərkəzlərin sırasına yenilərinin əlavə ediləcəyi də nəzərdə tutulan hədəflər sırasındadır.

Cənab İlham Əliyev bir daha bildirir ki, qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin əsasını təşkil edir. Bu əminlik ifadə olunur ki, islahatların dərinləşməsi əsasında 2020-ci ildə rəqəmlər daha da böyük olacaq. Pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan islahatlar, inkişaf modelində yeniliklər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olacağımıza əsas verir. Əvvəldə də qeyd etdiyimiz kimi, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu üzrə (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanılıb. Dövlətimizin başçısı İlham Əliyevin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə şamil olunacaq.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, qeyri-neft sektorunun inkişafına, sosial müdafiənin gücləndirilməsinə yönələn addımlar davamlı olacaq, dövrün tələbinə uyğun təkmilləşmə həyata keçiriləcək. Məqsəd hərtərəfli inkişafı, yüksək rifahı təmin etmək, yeni-yeni hədəflərin gerçəkləşdirilməsinə nail olmaqla pandemiyadan sonrakı dövrdə bir daha Azərbaycanın dayanıqlı inkişafını təmin etməkdir. Ötən il təsdiqlənən iki sosial paketin həyata keçirilməsi 4 milyondan artıq insanın sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdi. Dövlətimizin başçısı İlham Əliyevin pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə xidmət edən 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən, Nazirlər Kabinetinin qəbul etdiyi 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 proqramın icrası da Azərbaycanın pandemiyanın yaratdığı iqtisadi və sosial fəsadları uğurla aradan qaldırmasına yönəlib.

Videobağlantı formatında keçirilən iclasda “İnsanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirildi” söyləyən ölkə Prezidenti bu əlavəni də etmişdir ki, indi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək: “Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik.”

Yeganə Əliyeva, “İki sahil”