17 aprel 2020 11:02
2217

Birlik və həmrəylik koronavirusa qarşı mübarizənin əsasıdır

Səylərimizi birləşdirək, karantin rejiminin qaydalarına əməl edilməsi üçün birgə mübarizə aparaq, sağlamlığımızı qoruyaq

Hazırda dünya gündəmini zəbt edən əsas məsələ koronavirusla mübarizədir. Hər bir yazımızın mahiyyətində dayanan məsələ, günümüzün əsas çağırışı sosial məsuliyyətin artırılmasıdır. Bu məqsədə nail olmaq üçün hər kəsdən vətəndaşlıq borcunu dərindən dərk edib, istər insanların sağlamlığına təhdid olan, istərsə də hər bir ölkənin iqtisadiyyatının zəifləməsini, sosial və iqtisadi fəsadların yaranmasını şərtləndirən koronavirus pandemiyasından xilas olmaq üçün birliyə, həmrəyliyə töhfə vermək tələb olunur.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dünya ölkələrində ölüm hallarının, xəstəliyə yoluxmanın geniş vüsət almasına baxmayaraq, ölkəmizdə mübarizə tədbirlərinin gücləndirilməsi fonunda bu kimi hallar coğrafiyasını genişləndirmir, yoluxma hallarının azalması müşahidə edilir. Bu reallıqlar belə bir əminliyi ifadə etməyə əsaslar yaradır ki, Azərbaycan mövcud sınaqdan da az itki ilə çıxacaq, növbəti mərhələdə ölkədə yeni iqtisadi model tətbiq ediləcək, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi nəticəsində yaranmış çətinliklər qısa zamanda aradan qalxacaq.

Bu, məsələnin iqtisadi tərəfidir. Digər mühüm amil qeyd etdiyimiz kimi, maarifləndirmə işinin lazımi səviyyədə qurulması, insanların ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamalarına çağırışlar edilməsi, bir sözlə, hər kəsin özünün və yaxınlarının mənəvi həkiminə, dəstəkçisinə çevrilməsidir.

Daim qeyd etdiyimiz kimi, hər bir məsələnin həlli onun mahiyyətinin düzgün dərk olunmasından, maarifləndirmə işinin lazımi səviyyədə həyata keçirilməsindən asılıdır. Bugünkü problemin virusla bağlı olduğunu nəzərə alsaq, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür: “Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.”

Dəstək çağırışlarının, maarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsində cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın da üzərinə böyük məsuliyyət düşür. Koronavirus infeksiyasının yayıldığı, onun mübarizə tədbirlərinə start verildiyi ilk gündən KİV nümayəndələri öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün ciddi səylər göstəriblər. Karantin rejiminin tətbiqi dövründə istər iş yerlərində, istərsə də “evdə qal” prinsipi əsasında evdə çalışan jurnalistlərimiz bütün səylərini maarifləndirici informasiyaların təbliğinə yönələdərək, virusun yayılma təhlükəsinin qarşısının alınmasında əsas amillərdən olan “evdə ol, sağlam ol”, “evdə qalaq, həkimlərə dəstək olaq”, “böyüklərimizə sahib çıxaq” kimi çağırışların düzgün çatdırılmasına öz töhfələrini veriblər. İstər yazılı, istərsə də elektron KİV-lərdə koronavirus pandemiyasının insanların sağlamlığına, ölkə iqtisadiyyatına vurduğu ziyanlar, hər bir ölkənin bu bəladan xilas olmaq üçün həyata keçirdiyi tədbirlər müqayisəli şəkildə təhlil olunaraq mütəmadi ictimaiyyətə çatdırılır. İnformasiya bolluğu şəraitində hər kəs bu virusun yaratdığı və yarada biləcəyi fəsadlar barədə dolğun məlumatlar əldə edərək, bundan nəticə çıxarmaq imkanındadır. Dövlətimizin, dövlətçiliyimizin möhkəmləndirilməsində oz payı olan mətbu orqanlar koronavirus pandemiyasına qarşı Azərbaycan Prezidentinin, Nazirlər Kabinetinin həyata keçirdikləri Tədbirlər Planını, təsdiqlənən proqramların, qəbul olunan qərarların mahiyyətini əsaslı şəkildə ictimaiyyətə çatdırır. Əsas məqsəd birliyimizin, dövlət-vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi, insanların düzgün maariflənməsi əsasında insanların öz sağlamlıqlarının keşiyində ayıq-sayıq dayanmalarına nail olmaqdır. Karantin rejiminin qaydaları sırasında yer alan yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın evdə qalmasına, bu yaşda tənha yaşayanlara sosial xidmətlərin göstərilməsinə dəstək olan qurumların, könüllülərin fəaliyyətinin təbliği də bugünümüzün əsas məsələləri sırasındadır. Düşünürük ki, yazılı və elektron KİV-lərdə təqdim olunan yazılarda, verilişlərdə əksini tapan məqamlar böyüklərimizə hörmətin və diqqətin nümayişi ilə yanaşı, onların sağlamlığının təminatı üçün evdən çıxmamalarına da dəstəyin ifadəsidir. Həmçinin cənab İlham Əliyevin əfv Sərəncamı əsasında yaşı 65-dən yuxarı olan 176 məhkumun azadlığa qovuşması dövlətimizin humanizm, insanpərvər siyasətinin təntənəsi olmaqla yanaşı, bugünkü gündə də böyüklərimizə diqqətin nə dərəcədə prioritet olduğuna işıq saldı. Siyasi ekspertlərin, hüquqşünasların mətbuata açıqlamalarında dövlətimizin siyasətində insan amilinə yüksək dəyərin öz ifadəsini tapması, dövlətimizin koronavirus təhlükəsinin geniş vüsət aldığı indiki şəraitdə cəzaçəkmə müəssisələrində olan ahıllarımızın da yanında olması, onların qayğıları ilə yaşaması təqdir edildi. Cənab İlham Əliyevin bu humanist addımı ölkə mətbuatı ilə yanaşı, dünya mətbuatında da geniş şərh olundu, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tərkib hissəsi kimi dəyərləndirildi.

Bu baxımdan kütləvi informasiya vasitələrinin ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alaraq, KİV nümayəndələri, fəal sosial şəbəkə istifadəçiləri bu mühüm məqamı unutmamalıdırlar ki, mövcud qaydalar həm də cəmiyyətimizin informasiya təhlükəsizliyi məsələsidir. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar tərəfindən qaydalara riayət olunmasını malik olduğu potensiala uyğun təbliğ etməli, cəmiyyətdə panika və ajiotaj yaranmasına yol verməməli, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidirlər. Hamı bilməlidir ki, yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndiriləcək. İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi daşıyan və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri bu halda cəmiyyətin güzgüsü olan mətbuatın prinsiplərini kobud şəkildə pozduqlarını unutmamalıdırlar. Sonda ümumi məqsəd budur ki, sosial məsuliyyət artırılsın. Səylərimizi birləşdirək, birgə mübarizə aparaq, sağlamlığımızı təmin edək. Unutmayaq ki, hər bir xəstəliyin qarşısının alınmasında əsas amil qabaqlayıcı tədbirlərin lazımi səviyyədə həyata keçirilməsindən asılıdır.

Mübarizə tədbirlərinin öz müsbət nəticəsini verməsi üçün hər bir vətəndaşdan öz borcunu layiqincə yerinə yetirmək tələb olunmaqla yanaşı, məsuliyyəti daha çox çiyinlərində hiss edən peşə sahiblərinə də müəyyən istiqamətlərdə çağırışlar edilir. Bugünkü gündə həkimlərdən sağlamlığın keşiyində daha ayıq-sayıq dayanmaq, ictimai asayişin keşikçiləri olan polislərimizdən karantin qaydalarına vətəndaşların daha yüksək səviyyədə və ciddi şəkildə riayət etmələrinə nəzarəti gücləndirmək, cəmiyyətimizin güzgüsü olan mətbuatdan obyektivlik, qərəzsizlik, vətənpərvərlik kimi prinsipləri qorumaq əsasında maarifləndirmə işinə böyük töhfələr vermək tələb edilir. Dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva daim bu kateqoriyadan olan vətəndaşların əməyini yüksək dəyərləndirir, bu çağırışlar edilir ki, birliyimiz, həmrəyliyimiz əsasdır. Cənab İlham Əliyev xalqımızın birliyi, həmrəyliyi əsasında bu əminliyi də ifadə edir ki, məsuliyyət də lazımi səviyyədə olacaq: “Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq.” Mehriban xanım Əliyeva “Xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı hər birimizə ancaq qürur hissi yaşadır” fikirləri bir daha hər bir Azərbaycan vətəndaşına şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi ən yüksək və ali keyfiyyətləri aşılayır.

Bu günlərdə ölkə Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə də bir daha qeyd olundu ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması, virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.

Y.Hadıyeva, “İki sahil”