2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə dövlətimizin başçısı İlham Əliyev bir daha ölkəmizin uğurlarında siyasi və iqtisadi islahatların vəhdətliyinin qorunmasının xüsusi əhəmiyyət daşıdığını əsaslı şəkildə diqqətə çatdırdı
Azərbaycanda bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atılacaq
Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə diqqət göstərilən istiqamtələrdən biri də Azərbaycanın iqtisadi uğurlarında iqtisadi və siyasi islahatların vəhdətliyinin rolu oldu. “Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək: “Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik.”
Dövlətimizin başçısının bütün çıxışlarında bu mühüm məqam daim önə çəkilir ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır: “Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır.” Cənab İlham Əliyev uğurlarımıza söykənərək bildirir ki, Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. Bir sözlə, insan amilinə verilən dəyər dövlət siyasətinin əsasını təşkil etdiyindən hərtərəfli inkişaf prioritet məsələ kimi öndədir. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, davamlı inkişafa geniş yol açan şəffaflığın yüksək səviyyədə təminatı istiqamətində atılan addımlar göz önündədir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin uğurlu icrası qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa dəstəkdir. Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq qurumların təmsilçiləri ilə görüşlərində Azərbaycanın bütün istiqamətlərdə uğurlu inkişafından geniş bəhs edərək, “Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarımız və dostlarımıza məsələnin mahiyyətinə nəzər salmağı tövsiyə edirəm” bəyan etməklə bir daha ölkəmizə qarşı reallığı inkar etmək kampaniyasının həyata keçirildiyinə diqqət yönəldir: “Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır.”
Reallıq budur ki, Azərbaycan dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. İlk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, Amnistiya aktları və əfv sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəklənir. Bu kimi sərəncamlar, eyni zamanda, vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və Ulu Öndərin humanizm siyasətinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir. Koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda dövlətimizin başçısı İlham Əliyevin yaşı 65-dən yuxarı 176 məhkumun azadlığa buraxılması ilə bağlı imzaladığı əfv Sərəncamı da bu tərkibdəndir. Ölkə Prezidentinin bu humanist addımı bir daha mərhəmət, böyüklərə hörmət, bağışlamaq kimi yüksək ali keyfiyyətlərin dövlət siyasətinin əsasında dayandığını nümayiş etdirdi.
Konstitusiyanın qəbulundan ötən 25 ilə yaxın müddətdə bu ali sənədə əlavə və dəyişikliklərin edilməsi məqsədilə 3 dəfə referendumun keçirilməsində də məqsəd insanların azad, firavan, sərbəst yaşaması üçün təkmil qanunvericilik bazasını dövrün tələbinə uyğun təkmilləşdirmək, yeniləşdirməkdir. Həmin yeniliklərin bir hissəsi idarəetmə sistemində təkmiləşmə ilə bağlıdır. 2019-cu il Azərbaycanda təkmil struktur və kadr islahatları ili kimi yadda qaldı. İqtisadi tərəqqini sürətləndirən əsas amillərdən birinin demokratikləşmə prosesinin olduğunu nəzərə alsaq, hakimiyyətin əsas qollarından olan məhkəmə-hüquq sistemində həyata keçirilən tədbirlərə, bu yönümdə imzalanan Prezident sərəncamlarına da diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında qeyd olunduğu kimi, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.
Parlament seçkiləri göstərdi ki,
aparılan siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir və dəstəklənir
Ölkə Prezidenti İlham Əliyev videokonfras şəklində keçirilən müşavirədə demokratik inkişafın əsas göstəricilərindən söhbət açdı, eyni zamanda, hər bir ölkənin inkişafında əhəmiyyətli amil olan parlament seçkilərinə də diqqəti yönəltdi. Qeyd olundu ki, parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. “Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə seçildi” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır: “Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək.”
Qeyd edildiyi kimi, demokratiyanın vacib amillərindən biri kimi növbədənkənar parlament seçkilərinin beynəlxalq standartlara uyğun, azad və şəffaf keçirilməsi də dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Ölkənin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən dəstəkləndi və son nəticədə dövlətimizin başçısı İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə cari ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Bu mütərəqqi addım Azərbaycanın demokratik inkişaf tarixinə yeni səhifə yazmaqla yanaşı, bir daha bu dəyərlərə sadiqliyini dünyaya nümayiş etdirdi. Seçkilərə 20-dən artıq siyasi partiyanın qatılması da ölkəmizdə yaradılan demokratik ab-havanın göstəricisi oldu. Bütün namizədlərə siyasi mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq öz təbliğat-təşviqat kampaniyalarını aparmaq üçün eyni şəraitin yaradılması, parlamentdə təmsilçilk faizlərində artım, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, hətta onların təmsilçilərinin parlamentin Sədr müavini seçilməsi kimi mühüm məqamlar Azərbaycan hakimiyyətinin vətəndaş həmrəyliyinin, demokratik prinsiplərin qorunmasında və inkişafında nə qədər maraqlı olduğunu nümayiş etdirir. Hər zaman bildirilir ki, demokratik cəmiyyətdə müxalifətin olması əsasdır. Söhbət sağlam düşüncəli, uğurlara qara eynəkdən baxmayıb, daim ölkənin inkişafına, tərəqqisinə çalışan konstruktiv mövqeli müxalifətdən gedir. Ümummilli məsələlərin həlli daim iqtidar-müxalifət münasibətlərini bir kənara qoyub ümumi mövqe nümayiş etdirməyi, vahid yanaşma ortaya qoymağı tələb edir. Bu isə öz növbəsində iqtidar-müxalifət dialoqunun bütün dövrlər üçün öz aktuallığını qoruduğunu göstərir.
Əsas məqsəd bütün siyasi qüvvələr
tərəfindən dövlətçilik və müstəqillik prinsiplərinin
rəhbər tutulmasını ehtiva edən siyasi sistemin yaradılmasıdır
“İndiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir” söyləyən ölkə Prezidenti İlham Əliyev müşavirədə onu da əlavə etmişdir ki, əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır: “Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.”
Ötən ilin sentyabrında ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, siyasi ekspertlərin və media nümayəndələrinin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda “dəyirmi masa”nın keçirilməsi də iqtidar-müxalifət dialoqunun bir tərkib hissəsi kimi dəyərləndirildi. Qeyd olundu ki, siyasi proseslərə xarici müdaxilələrin qarşısının alınması üçün ayrı-ayrı siyasi partiyaların və ictimai birliklərin birgə mübarizə aparmaq qərarına gəlməsi ideyasını yalnız və yalnız dəstəkləmək lazımdır.
Ulu öndər Heydər Əliyevin bütün dövrlər üçün aktuallığını qoruyan bu tezisini bir daha xatırlatmaq istərdik: “Nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir.” Təbii ki, dövlətçilik maraqlarının qorunmasında vətəndaşlıq təəssübkeşliyi əsasdır. Bu da öz növbəsində şəxsi maraqların bir kənara qoyulub, dövlət maraqlarının öndə saxlanılmasına çağırışdır. Cənab İlham Əliyevin videokonfransda “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi” söyləyərək bu məqamı da xüsusi vurğulamışdır ki, əlbəttə, bəlkə mən hadisələri bir qədər qabaqlayıram: “Çünki bu proses hələ təzə-təzə başlayır. Ancaq bəlkə ona görə qabaqlayıram ki, mən bu prosesin sürətlə getməsini arzulayıram. Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir.”
Göründüyü kimi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan vətəndaş birliyinin, həmrəyliyinin möhkəmləndirilməsini prioritet məsələ kimi öndə saxlayır, iqtidar-müxalifət münasibətlərinin bir kənara qoyulub dövlətçiliyimizin qorunması, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində bütün qüvvə və bacarıqların səfərbər olmasına çalışır.
Yeganə Əliyeva, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir