Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bu əminlik ifadə edilmişdir ki, cari il də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacaq.
Dünyanı bürüyən koronavirus infeksiyasının ölkələrin iqtisadi və sosial durumunu ağırlaşdırdığı indiki vaxtda hər bir dövlət öz imkanlarından maksimum istifadə etməklə yaranmış vəziyyətdən çıxmaq üçün yollar axtarır. Azərbaycan dövlətinin ilk gündən atdığı addımlar bu itkilərin miqyasının genişlənməməsini stimullaşdırdı. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Sərəncamı, bu sənədin 10.2-ci bəndinin icrası ilə bağlı Baş Nazir Əli Əsədovun Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncamı, 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 proqramın təsdiqi və icrasına başlanılması ölkəmizin möhkəm iqtisadi bazaya malik olduğunu, bu əsaslara söykənərək genişmiqyaslı iqtisadi və sosial paket həyata keçirdiyini bir daha təsdiqlədi. Cənab İlham Əliyev bu çağırışı etdi ki, genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq. Əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır: “Əlbəttə ki, pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşların sağlamlığını nəzərə alır. Bütün qalan məsələlər ikinci dərəcəli məsələlərdir, o cümlədən iqtisadi inkişafla bağlı olan məsələlər. Halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik. Çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə, Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir. İnsanların sağlamlığına aid olan bütün məsələlər bu gün Azərbaycanda öz həllini tapır və əsas məqsəd, bir daha demək istəyirəm ki, pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır.”
Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə də bu kimi məqamlara diqqət yönəldilib. Müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən geniş bəhs edən dövlətimizin başçısı Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını diqqətə çatdırıb. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərə də xüsusi diqqət yönəldən cənab İlham Əliyev ölkəmizdə vəziyyətin nəzarət altında saxlanıldığını əsaslı şəkildə qeyd edib.
Pandemiyaya qarşı mübarizənin ilk günlərindən bu günədək Azərbaycanın həyata keçirdiyi tədbirlər göz önündədir. İlk olaraq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi virusun cografiyasının genişlənməməsini təmin edir. Atılan mühüm addımlar sırasında hazırda digər ölkələr kimi, Azərbaycanın da yaşadığı maska çatışmazlığının öz müsbət həllini tapmasını xüsusi qeyd etməliyik. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq qısa zamanda, cəmi iki həftə ərzində maska istehsal edən müəssisənin istifadəyə verilməsi dövlətimizin əhalinin sağlamlığının təminatında nə qədər maraqlı olduğunu, yoluxma hallarının qarşısının alınmasına səy göstərdiyini bir daha nümayiş etdirdi.
Təbii ki, bu kimi mühüm addımların atılmasında ölkəmizin iqtisadi imkanları əsas yer tutur. Cari ilin ilk aylarının sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə Azərbaycanın iqtisadiyyatının möhkəm təmələ əsaslandığını böyük əminliklə qeyd edə bilərik. 2003-cü ildən bəri enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Belə ki, neftin qiymətinin ani düşməsi digər ölkələrin iqtiisadiyyatına tez bir müddətdə öz mənfi təsirini göstərdiyi halda, Azərbaycan iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması nəticəsində bunu hiss etmədi. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, regionların malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə imzalanan Dövlət proqramları və onların uğurlu icrası öz müsbət nəticəsini verdi. Bu fikir beynəlxalq səviyyədə də xüsusi vurğulanır ki, neftlə zəngin çox ölkələr var. Amma onlarda bu resurs heç də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etmir, əhali arasında təbəqələşmə prosesi sürətli xarakter alır. Azərbaycanın isə öz iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun işləyib hazırlaması bu problemi yaşamamasını şərtləndirdi. Ölkəmiz hər bir çətinlikdən uğurla çıxaraq öz inkişaf modelinin nümunəviliyini dünyaya nümayiş etdirir. Məhz qeyd olunan müşavirədə bu iqtisadi bazaya əsaslanaraq iqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident İlham Əliyev 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını böyük inamla qeyd etmişdir.
Təkcə 2020-ci ilin yanvar-fevral aylarının sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. Ümumi daxili məhsul 2,8 faiz artıb. Qeyri-neft sektorunda artım 6,7 faiz, qeyri-neft sənaye sahəsində 21,7 faiz təşkil edir. İnflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olub. Qeyd olunan aylarda vergi orqanları büdcəyə 170 milyon manat, gömrük orqanları isə 80 milyon manat vəsait daxil edib. “Əlbəttə, bizim ümidlərimiz ondan ibarət idi ki, il boyunca bu dinamika özünü saxlayacaq, beləliklə, büdcəmizə əlavə gəlirlər gələcək və bunun hesabına əlavə sosial proqramların icrası mümkün olacaq” söyləyən ölkə Prezidenti bütövlükdə dünya üçün qaçılmaz olan bu məqamı xüsusi qeyd edir ki, pandemiya iqtisadi inkişafımıza, əlbəttə, böyük əngəl törədir və törədəcək.
Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan ən böyük iqtisadi dəstək proqramını - pandemiyanın iqtisadiyyata mənfi təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi qoruyacaq, vətəndaşların sosial müdafiəsini təmin edəcək paket hazırlayıb icrasına start verməklə iqtisadi və sosial imkanlarını bir daha təqdim etdi. Qeyd edək ki, son 16 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız 52 milyard dollar təşkil edir. Yoxsulluq həddi 49 faizdən 4,8 faizə enib. Təbii ki, bu uğurlar dövlətimizin uğurlu, təkmil sosial-iqtisadi islahatlarının nəticəsidir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2019-cu il Azərbaycanı bütün istiqamətlərdə təkmil islahatlara imza atan ölkə kimi tanıdıb. Hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmə, yeniləşmə, dövlətimizin başçısı İlham Əliyevin hər bir dövlət məmurundan öz işinə daha məsuliyyətlə yanaşma çağırışı, bu və ya digər rayonların icra hakimiyyəti başçıları, dövlət strukturlarının rəhbərləri ilə görüşlərində qarşıya qoyduğu vəzifələr Azərbaycanın davamlı inkişafını şərtləndirən əsas amillərdir. Həyata keçirilən proqramlarda məqsəd iş yerlərinin sayının azaldılmamasıdır. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, ölkənin sosial-iqtisadi vəziyyəti əhalinin demoqrafik vəziyyəti ilə uyğunlaşmalı, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Dövlətimizin başçısının İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə də bu məsələ əsas müzakirə mövzusu olaraq, iş yerlərinin azaldılmaması üçün zəruri addımların atılması ilə bağlı tapşırıqlar verilmişdir. Həmin tapşırıqlar məhz 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının icrasına yol açdı. Bu sənədlərin hər birinin əhatə etdiyi istiqamətlərdə əldə olunacaq nəticələr dövlətimizin başçısı İlham Əliyevin müşavirədə 2020-ci illə bağlı nikbin fikirlərinin reallıqda təsdiqi olacaq.
Ümumi nəticə bundan ibarətdir ki, dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün zəruri addımlar atılır.
Yeganə Əliyeva, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir