07 fevral 2020 11:45
3038

AŞPA-nın gülüş doğuran müddəaları

Ölkəmizlə bağlı qərəzli qətnamə ikili standartlardan qaynaqlanır

Qərbin, o cümlədən  Avropanın qərəzli, ermənilərə dəstək göstərən qüvvələrinin heç zaman Azərbaycana isti münasibəti olmayıb. Amma onlarda müalicəyə ehtiyac duyulan xroniki bir xəstəlik var. Ölkəmizdə mötəbər tədbirlər, siyasi kampaniyalar ərəfəsində  bu xəstəlik birə-beş artır. Bu qısqanclıq ondan irəli gəlir ki, Azərbaycan artıq dünyanın aparıcı, sözü eşidilən, siyasi çəkisi artan, diplomatiyası güclənən ölkəsidir.  Bu cür davamlı inkişaf müqabilində  “köhnə qitə”də  baş verən çaxnaşmaları, pozulan insan hüquqlarını, keçirilən mitinqləri görməzdən gələn, nöqsanlarını pərdələmək istəyən  Avropa təsisatları yenə də Azərbaycanı hədəfə alıblar.

9 fevralda keçiriləcək Milli Məclisə seçkilər ərəfəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) KİV-in azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair qəbul etdiyi 2317 saylı Qətnaməsində ədalətsiz tənqid hədəfi yenə də  Azərbaycandır. Heç bir dəlil, sübut olmadan ölkəmizdə jurnalistlərə qarşı guya təzyiq göstərildiyi iddia olunan həmin sənədin qəbulunda başlıca məqsəd ölkəmiz haqqında mənfi imic formalaşdırmaqdır. Əvvəlki illərdə göstərdiyi qeyri-səmimiliyi, ölkəmizə qarşı qərəzli münasibətini xroniki xəstəlik kimi yaşadan AŞPA-nın müddəaları da gülüncdür.

Azərbaycanda jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi humanistliyə siyasi don geyindirən avropalı parlamentarların gətirdikləri sübut budur ki, guya hakimiyyət bu addımı ilə KİV nümayəndələrini susdurmağa cəhd edir. Amma unudurlar ki, demokratik islahatların davamlı inkişafda olduğu Azərbaycanda müstəqil mətbuatın fəaliyyəti üçün yaradılan şərait Avropanın heç bir ölkəsində  mövcud deyil. Tənqid xatirinə ölkəmizə qarşı  bu cür ittiham gülüncdür.

Qəribə budur ki, sənəddə yalnız KİV-lərin nümayəndələri hədəf göstərilir. O jurnalistlər ki, cinayət törədir, başqalarının şəxsiyyətinə toxunan, əsası olmayan böhtanlar yağdırır. Belə çıxır ki, AŞPA-da təmsil olunan “demokratik deputatların” düşüncəsinə görə başqalarının hüquqlarını pozan, dövlətçiliyə xəyanət edən kim olursa olsun, qanun qarşısında cavab verməməlidir. 

Ötən il bir neçə ay sözün həqiqi mənasında Fransanı qarışdıran “sarı jiletlilər”ə qarşı göstərilən təzyiqlərə, fiziki təsirlərə göz yuman AŞPA təmsilçiləri çox gözəl bilirdilər ki, xəsarət alanlar arasında  jurnalistlər də var. Onda KİV nümayəndələrinin hüquqlarının pozulması yada düşmədi, hər qanunsuzluğa  göz yumuldu. Çünki döyən də, döyülən də özlərininki idi. Necə deyərlər, xanım sındıran qabın səsi çıxmadı. Hələ də Ermənistanı çalxalayan “mart hadisələri”, o dövrdə keçirilən prezident seçkilərində öldürülən, aralarında jurnalistlərin də olduğu insanların taleyi, bağlanan KİV-lər avropalı deputatları maraqlandırmır. Çünki onları maliyyələşdirən Soros belə istəyir. Yenə də ikili standartların iyi duyulur.

Başqa bir misal. Görəsən Avropaya sığınan müsəlman mühacirlərinə qarşı olmazın işgəncələrinin verildiyi qitə dövlətlərində insan hüquqlarının qorunması AŞPA-da əyləşən “möhtərəmlərin” yadına düşürmü? Yaxud  Azərbaycanda guya jurnalistlərin dərdinə qalan bu “demokratlar” otuz ildən artıqdır ki, Ermənistanın torpaqlarımızı işğalı nəticəsində evlərindən qovulmuş yüz minlərlə azərbaycanlı qacqın və köçkünlərin taleyi ilə niyə  maraqlanmırlar? Cavab aydındır: Bu məsələni xatırlamaq ermənipərəst avropalı deputatların “insan hüquqlarının qorunması” səlahiyyətlərinə uyğun deyil. Çünki azərbaycanlı qaçqınlar avropalıların “Stop” dedikləri müsəlmanlardır.

Aydındır ki, əvvəlki illərdə Azərbaycanda “siyasi məhbus” axtaran avropalı “hüquq qoruyucularının” “jurnalistlərə canıyanarlığı” qərəzli və erməni mənafeyinə köklənmiş  məkrdir.

Əslində isə özü çıxılmaz vəziyyətdə olan, dərin böhran içərisində çabalayan, Böyük Britaniyanın “Brexit”ini həll etmək imkanı olmayan Avropa təsisatlarının özlərinin hüquqlarının qorunmasına ehtiyac var. Onların başqalarının daxili işlərinə, vətəndaşlara Konstitusiya ilə verilmiş hüquqlarına, qanunlarına qarışmaq səlahiyyətləri yoxdur. “Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik” söyləyən Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqının  bu cür fitnəkarlıqlara cavabı birlik və həmrəylikdir.

X.İsmayılqızı, “İki sahil”