“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda qeyd olunduğu kimi, yaxın ətrafda bu cür sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur
Fevralın 3-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda söylənilənlər ötən ilin əvvəlində Prezident İlham Əliyevin əminliklə səsləndirdiyi “2019-cu il islahatlar ili olacaq” bəyanatının reallığını təsdiqlədi.
Konfransda qeyd olunduğu kimi, regionların sosial-iqtisadi inkişafının istiqamətlərinin əks olunduğu dördüncü Dövlət Proqramının birinci ili üçün nəzərdə tutulan vəzifələr artıqlaması ilə yerinə yetirilib. Ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən, Prezident İlham Əliyevin qarşıdakı onillər üçün nəzərdə tutduğu və müasir zamanın çağırışlarını əks etdirən hədəflər həllini tapıb. Sabitlik şəraitində, dünya iqtisadiyyatına inteqrasiya yolu ilə irəliləyən Azərbaycanda bütün proseslər düşünülmüş siyasətə uyğun inkişaf etmiş, dünya təcrübəsində sınaqdan çıxmış yeniliklər ölkəmizdə uğurla tətbiq olunmuşdur.
Konfrasdakı çıxışında ölkəmizdəki inkişafı dünya hadisələri fonunda təhlil edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropada, Afrikada, Asiyada, Latın Amerikasında, bizim bölgəmizdə, postsovet məkanında müəyyən gərginliklərin müşahidə olunduğu müasir dövrümüzdə Azərbaycanın iqtisadi inkişafının beynəlxalq hesabatlarda nümunə göstərilməsi Azərbaycan xalqının iradəsi ilə təmin edilən sabitliyin nəticəsidir.
Keçən il iqtisadi sahədə qazanılan uğurların, xüsusilə həyata keçirilən sosial islahatların ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanması davam etdirilən siyasətə dəstək, xalq-iqtidar həmrəyliyinin ifadəsidir. “Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır” söyləyən, vəzifələri xalqın istəkləri, tələbləri baxımından müəyyənləşdirən dövlət başçımızın vurğuladığı kimi, islahatların ardıcıl şəkildə aparılması düşünülmüş siyasətimizin bəhrəsidir və əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir.
Ötən il qazanılan uğurları statistik xronologiya ilə təhlil edərək, nailiyyətlər fonunda qarşıdakı strategiyanı açıqlayan Prezident İlham Əliyevin əsas diqqət yetirdiyi hədəf neft amilinin insan amilinə çevrilməsi, ÜDM-də qeyri-neft sektorunun payının, sahibkarlığa göstərilən maddi-mənəvi, hüquqi dəstəyin artırılması, ölkəmizdə mövcud olan sağlam biznes mühitini daha da yaxşılaşdırmaqla bu gün iyirminci sırada qazandığımız islahatçı mövqeyimizi yüksək təbəqələrə qaldırmaqdır. Bunun üçün etibarlı baza, insanlarda quruculuq həvəsi, bitib-tükənməz əmək resursları, təbii ehtiyatlar, ölkə vətəndaşlarını ətrafında birləşdirən, xalq tərəfindən dəstəklənən düşünülmüş daxili və xarici siyasət mövcuddur.
Ötən il ölkə iqtisadiyyatının 2,2 faiz artması başqa sahələrə də təsir etmişdir. Dövlət büdcəsinin formalaşmasında əsas amil kimi nəzərdə tutulan neftin qiyməti sabitdir. Qeyri-neft sektorunda artımın 3,5, sənaye istehsalının 1,5 faiz artımı neftin hasilatı ilə bağlı olsa da, dövlət siyasətinin əsas prioriteti olan qeyri-neft sektorundakı 14 faizdən çox artım birbaşa əhalinin sosial həyat tərzinin yaxşılaşdırılmasına xidmət edir. Keçən il nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması ilə paralel olaraq kiçik və orta sahibkarlığa marağın artması, biznes mühitinin yaxşılaşdırılması, vergi və gömrük strukturlarında yeniliklərin tətbiqi ilə inzibatçılığın aradan qaldırılması, iş adamlarına dövlət dəstəyi qeyri-neft sənayesinin inkişafını intensivləşdirmişdir. Ötən il 98 min yeni iş yeri açılmışdır. Bu da ölkədə sürətlə artan əhalinin işlə təminatına göstərilən diqqət, dövlət başçımızın “Çünki Azərbaycanda əhali yüksək templərlə artır və iqtisadiyyat, iqtisadi inkişaf, o cümlədən iş yerlərinin yaradılması demoqrafik inkişafı daim üstələməlidir” tövsiyəsinin həllinə yaxınlaşmaqdır. Ölkəmizin investiya mühiti də sağlamdır. Keçən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulması ilə Azərbaycan xarici və daxili investorlar üçün çox cəlbedici məkan statusunu saxlayır. Ölkə iqtisadiyyatına dövlət, yerli, xarici şirkətlər tərəfindən 13,5 milyard dollar həcmində vəsait qoyulub.
İnkişafı rekord həddə çatan aqrar sahədə artım tempi 7 faizdən çox olmuş, kənd təsərrüfatı məhsullarının ixracı artmışdır. İnflyasiya cəmi 2,5 faiz təşkil etmiş, valyuta ehtiyatlarımız 52 milyard dollara çatmışdır.
Sosial islahatlar ili kimi tarixə yazılan ötən ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncam və fərmanlara uyğun olaraq həyata keçirilən sosial islahatlar 4 milyondan artıq vətəndaşı əhatə etdi. Sosial paketdə nəzərdə tutulan güzəştlərdən demək olar ki, bütün təbəqələrdən olan ölkə vətəndaşlarına pay düşdü. “Şəhid ailələrinə böyük məbləğdə vəsait təmin edilmişdir. Ümumiyyətlə, 4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırıldı. Çünki çox böyük sosial paket 4,2 milyon insanı əhatə edib. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artmışdır. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb, tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, bundan əlavə, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. Yəni bütün bunlar böyük vəsait tələb edən məsələlərdir və bir neçə milyard manata başa gəlir. Ancaq biz bunu edirik. İlk növbədə, ona görə ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkincisi, ona görə ki, buna imkanımız var” söyləyən dövlət başçımızın etiraf etdiyi kimi, yaxın ətrafda bu cür sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur.
Konfransda iqtisadiyyatın bütün sahələri üzrə açıqlama verən dövlət başçımızın vurğuladığı kimi, keçən il əlavə 800 meqavat elektrik enerjisi alınıb. Ölkə üzrə qazlaşdırma 96 faizə çatıb.
Yol-nəqliyyat layihələri üzrə 1300 kilometr avtomobil yolu salınıb. Bakıətrafı dəmir yolu xətti istifadəyə verilib. TANAP layihəsinin Avropa sərhədinə, Yunanıstana çatdırılması ilə Cənub Qaz Dəhlizinin əsas hissəsi tam istifadəyə verilmişdir.
Konfransda təkcə ötən ildə görülən işləri əvvəlki dövlət proqramlarında nəzərdə tutulan istiqamətlərlə müqayisəli təhlil edən Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlər bu gün iftixarla qeyd olunan uğurların əsasını təşkil edən düşünülmüş siyasətin, lider qətiyyətinin nəticəsidir.
2004-cü ildə qəbul edilmiş Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilk addım, tarixi hadisə olsa da, sonrakı illərdə dəyişən hədəflər, zamanın çağırışı, tələbləri daha mürəkkəb, çətin və böyük səy, cəsarət tələb edirdi. O illəri bir daha xatırlayaraq “O vaxt o proqram mənim seçkiqabağı proqramımın tərkib hissəsi idi. O vaxt ilk dəfə prezident vəzifəsinə seçilən zaman vətəndaşlara demişdim ki, əgər mənə etimad göstərilərsə, o cümlədən regionların inkişafı ilə ciddi məşğul olacağam” söyləyən, qəbul olunan Regional İnkişaf proqramlarını təkanverici istiqamət adlandıran cənab İlham Əliyevin vurğuladığı kimi, 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artması dünyada rekord göstəricidir. 16 il ərzində sənaye istehsalı 2,7, kənd təsərrüfatı 2, xarici ticarət dövriyyəsi 6,4, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2, valyuta ehtiyatları 27 dəfə artmışdır. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilmişdir. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşüb. Bu da onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər məqsədyönlü şəkildə və ədalətli bölünmüşdür. Bakı-Tbilisi-Qars kimi qitələri birləşdirən dəmir yolu çəkilmiş, ölkədə yeddi aeroport tikilmişdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında ölkəmiz böyük rol oynamışdır. Azərbaycan hər iki layihədə iştirak edən yeganə ölkədir. Xəzərdə ən böyük Ələt Beynəlxalq Dəniz Limanı da ötən illərin yadigarıdır. İstifadəyə verilən gəmiqayırma zavodunda tankerlər, yük gəmiləri və istənilən gəmini istehsal etmək mümkündür. Ötən illərdə “SOCAR Polymer” zavodu istifadəyə verildi.
“Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilmişdir. Yəni bu böyük sosial proqramlar böyük vəsait tələb edir. Təsəvvür edin, 300 min insan üçün evlər, mənzillər tikilib. Biz bu illər ərzində təxminən Sumqayıt, yaxud Gəncə boyda şəhər tikmişik. Bunu etmək üçün həm siyasi iradə, düşünülmüş siyasət, eyni zamanda, imkanlar olmalı idi” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, qısa müddətdə bu cür titanik inkişafa nail olunması ölkədəki sabitliyin, Azərbaycanı daha qüdrətli dövlətə çevirmək istəyinin reallaşdırılması xalq naminə göstərilən fədakarlıqdır. Bu fədakarlığın ünvanı isə Azərbaycan xalqı, uğurlara aparan bələdçi isə Prezident İlham Əliyevdir.
Xuraman İsmayılqızı, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir