07 fevral 2020 10:53
2600

Azərbaycan xalqı AŞPA-ya olan ümidlərini çoxdandır ki, itirib


Dövlətimizin başçısı İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bir daha bəyan etmişdir ki, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdan itirib


Prezident İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən iki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olmasını biri-birindən əhəmiyyətli enerji və nəqliyyat layihələrinin uğurlu icrası, həmçinin beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etmələri kimi mühüm məqamlarla əsaslandıraraq bu əminliyi ifadə etmişdir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək. Cənab İlham Əliyev çıxışında Avropa Şurasını sərt tənqid etmişdir.

“Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilib. Haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir. Ölkəmizi ancaq qara rənglərlə boyamağa çalışır, əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur, qətnamələr qəbul edilir.

Tarixə nəzər salaq. Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini dünyaya nümayiş etdirdi. Ən əsası qurum qarşısında götürdüyü öhdəliklərə sadiqliyini arxada qalan illərdə atdığı addımları ilə sübut etsə də, fürsət düşən kimi bunun dəyərləndirilməsi olaraq qarşı tərəfin ikili siyasəti ilə üz-üzə qalıb. Bilavasitə demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistanı eyni vaxtda tamhüquqlu üzv kimi qəbul edəndə ədalət meyarını irəliləyən illərdə necə qoruyacağına işıq salmışdı. Avropa Şurası Parlament Assambleyasının keçmiş həmməruzəçiləri Andras Qross və Andres Herkelin ölkəmizlə bağlı hazırladıqları qərəzli hesabatları xatırlamaq kifayətdir. Azərbaycanı demokratik inkişaf baxımından zəif ölkələr sırasına daxil edən andras qrosslar işğalçı Ermənistanı “azad ölkələr” qrupuna daxil edirdilər. Hər dəfə eyni qərəzli yanaşmalara rəsmi Bakının münasibəti belə olub ki, Avropa Şurası təkcə həmməruzəçilərdən ibarət deyil. Heç kəs öz şəxsi mövqeyini qurumun ümumi mövqeyi kimi qəbul etdirə bilməz.

Qurum daxilində Azərbaycanı istəməyən ermənipərəst qüvvələr “siyasi məhbus” məsələsini mütəmadi olaraq gündəmə gətirməklə Azərbaycanda demokratik inkişafın, ən əsası insan hüquq və azadlıqlarının qorunması mexanizminin zəif olması barədə yalan, əsassız fikirlər formalaşdırmağa çalışırlar. Dövlətimizin başçısı İlham Əliyev məlum qəbulda belə əsassız təbliğatlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir: “Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır.”

Dövlətimizin başçısı ayrı-ayrı ölkələrdə, o cümlədən işğalçı Ermənistanda demokratik dəyərlərə hörmətsizlik faktlarına göz yumulduğunu, Azərbaycan və Türkiyəyə qarşı ikili siyasət yeridildiyini qeyd etmişdir. Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbs olunub. O, fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs edilib: “Bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun.”

Reallıqları düzgün dəyərləndirmək üçün təbii ki, ikili siyasəti bir kənara qoyub, ədalət meyarına önəm vermək gərəkdir. Nəzərə alaq ki, Avropa Şurasında təmsil olunan 47 ölkənin heç də hamısı Azərbaycanı dost ölkə kimi qəbul edib, uğurlarına sevinmir. Uğurlarımızın fonunda  AŞPA-nın son zamanlar qəbul etdiyi hesabatların, qətnamələrin, nümayiş etdirdiyi mövqeyin qeyri-obyektiv və qərəzliliyi bir daha öz təsdiqini tapır. Bu sənədlər ayrı-ayrı deputatların fərziyə və ehtimalları üzərində qurulmuş subyektiv mülahizələr əsasında meydana çıxır. AŞPA-da Azərbaycana qarşı ardıcıl şəkildə hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir.

Avropa Şurasına 19 illik üzvlük Azərbaycana nə verib? Hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurası münaqişəli tərəfləri eyni vaxtda tamhüquqlu üzv qəbul edərkən ikili siyasətini ört-basdır etmək üçün belə bir öhdəlik irəli sürmüşdür ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə həll edilməlidir. 19 ildə qurum bu öhdəliyin icrası ilə bağlı işğalçı Ermənistana hansısa təzyiqi göstəribmi?

AŞPA-nın ikili standartları çox zaman bu fikirlərin yaranmasına yol açır ki, Azərbaycan quruma üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Azərbaycan dövləti Avropa təsisatlarının özünə qarşı ədalətsiz, qərəzli mövqeyini qəbul etmir, bu yanaşmalara tutarlı cavabımız reallıqlarımızdır. Dövlətimizin başçısı İlham Əliyev qəbulda da qurumun özünə inamı itirdiyini əsaslı şəkildə diqqətə çatdırmışdır. 

Ölkə Prezidenti İlham Əliyevin çıxışlarında bu reallıq hər zaman öz əksini tapır ki, hücumların səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur.

Təbii ki, dünya nə zamanadək ikili siyasətdən yaxa qurtara bilməyib, bu kimi qarayaxmalar davamlı, bu və ya digər dövlətin, təşkilatın mövqeyinə inamsızlıq qaçılmaz olacaq. Dünya dövlətləri ikili yanaşmaların yaratdığı problemlərdən xəbərdar olaraq, yenə də eyni addımı atmaqda davam edirlərsə, bu, artıq hüquq probleminin nəinki mövcudluğunu, son həddə çatdığını ortaya qoyur. Cənab İlham Əliyev Türkiyənin Xarici İşlər naziri M.Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən dünyanın ikili siyasətinin yaratdığı problemlərdən geniş bəhs edərək bu çağırışı da etmişdir ki, Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun. Müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. Rəsmi Bakı daim bəyan edir ki, ədalət ən böyük meyardır. Hər bir ölkəyə vahid meyarlarla yanaşılmalıdır.

Bu günlərdə AŞPA-nın “Avropada KİV-lərin azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair” qəbul etdiyi qətnamə bir daha qurumun ədalət meyarını arxa plana keçirdiyini bir daha ortaya qoydu. Ölkəmizdə azad mətbuatın inkişafı üçün mövcud imkanları inkar etmək qərəzdən başqa bir şey deyil. Azərbaycan MDB məkanında senzuranın ləğv edən ilk ölkə kimi tanınır.  Bu gün Azərbaycan KİV-lərin sayına görə MDB  ölkələri arasında lider mövqedə dayanır. Ölkəmizdə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatından keçib. Xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. Ən əsası ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. İnternetin azad olduğu bir ölkədə söz azadlığının boğulmasından, insan hüquqlarının pozulmasından danışmaq qeyri-mümkündür. Avropa Şurası Parlament Assambleyasının qətnaməsində Azərbaycan hakimiyyətinə jurnalistlərə qarşı “repressiyalara” son qoymağa çağırış edilməsi birmənalı qarşılana bilməz.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd olunan qəbulda söylədiyi fikirlər dünyanın demokratik dəyərləri zamana və məkana görə dəyərləndirdiyinə işıq salır. Hansısa Avropa ölkəsində jurnalistin həbsi, döyülməsi demokratiyanın “tələbi” kimi qəbul olunur, amma Azərbaycanda ən kiçik olay  mətbuat azadlığının boğulması kimi təqdim edilir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur, heç kim həbs edilmir.

Azərbaycan müstəqil dövlətdir, heç kimdən asılı olmayan, xalqın iradəsinə əsaslanan müstəqil siyasət yürüdür, heç vaxt təzyiq və təhdid dilini qəbul etməyib və bundan sonra da öz prinsipial mövqeyində qalacaq. Cəmiyyət qanunlarla idarə olunur. Kimliyindən, hansı əqidəyə, siyasi mənsubiyyətə malik, ən əsası hansı vəzifədə, kateqoriyada təmsil olunmasından asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Heç kəs hansısa istisna güzəştlərə malik deyil. Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, demokratiyanın inkişafından, insan hüquq və azadlıqlarının qorunmasından bəhs edən dövlətlər, təşkilatlar yaxşı olar ki, Ermənistanın əsassız torpaq iddiası əsasında  yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvasından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın pozulmuş hüquqlarının bərpası məsələsini gündəmə gətirsin və onun həllinə səy göstərsin. Bu və ya digər ölkələrdə demokratik prinsiplərin kobud şəkildə pozulmasına göz yumub Azərbaycanda kiçik bir olayı şişirdilmiş şəkildə təqdim etmək, hər bir hadisəyə lupa ilə baxmaq heç bir beynəlxalq təşkilata, o cümlədən Avropa Şurasına uğur gətirməz, ən əsası ona qarşı inamsızlıq formalaşdırmaqla yanaşı, əlaqələrin sona çatmasına rəvac verər. Dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “Avropa Şurasında deqradasiya prosesi gedir. Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir.”

Almaniyanın Federal Kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda olarkən keçirilən mətbuat konfransında almaniyalı jurnalistin Azərbaycanla bağlı aldığı sifarişə uyğun olaraq verdiyi suala dövlətimizin başçısı İlham Əliyevin cavabını xatırlatmaq yerinə düşər. Cənab İlham Əliyev suala cavabında Azərbaycanın demokratik inkişaf yolunda inamla irəlilədiyini, uğurlarımızı həzm etməyən dairələrin daim ölkəmizə qarşı əsassız iddialarla çıxış etdiyini diqqətə çatdıraraq “Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir” söyləyərək bu məqamı xüsusi qeyd etmişdir ki, Avropa Şurası təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. Biz bu tənqidə normal yanaşırıq: “Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk... Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız biri-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaqdır.”

Yeganə Əliyeva, “İki sahil”