05 fevral 2020 10:28
2676

Azərbaycan bu gün dünyada o ölkələrdəndir ki, tam müstəqil siyasət aparır

Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır

Dövlətimizin başçısı İlham Əliyev “Regionların 2019-2023-cü illərdə  sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bir daha dövlətimizin müstəqil siyasətinin qazandırdığı uğurlara diqqəti yönəltdi

“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda  “Müstəqil siyasət aparmaq üçün bir çox amillər olmalıdır - ölkələrin ərazisi, onların potensialı, ümumi daxili məhsulu, hərbi qüdrəti və s. Biz bilirik ki, dünyada güc mərkəzləri hansı ölkələrdir. Əlbəttə, Azərbaycan öz həcminə və coğrafi ərazisinə görə böyük ölkələrlə rəqabət apara bilməz, belə fikri də yoxdur. Ancaq buna baxmayaraq, müstəqil siyasət aparmaq üçün bizdə kifayət qədər imkanlar var. Bunların başlıcası xalqın dəstəyidir, bizim siyasətimizə göstərilən dəstək və etimaddır. Əlbəttə ki, iqtisadi göstəricilərimiz, siyasi arenadakı fəaliyyətimiz bizim gücümüzü artırır və Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev son 16 ildə möhkəm təməl üzərində uğurla inkişaf edən Azərbaycanın uğurlarına diqqəti yönəltmişdir.

Bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət uğurları  dövlətimizin başçısı İlham Əliyevin ötən il  “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında” Fərmanının imzalanmasına yol açdı.  Belə ki,  xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək, dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaq məqsədilə yaradılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi   son bir ildə bu istiqamətdə apardığı təhlilləri ilə Azərbaycanın müstəqil siyasətinin, həmçinin  balanslaşdırılmış və açıq siyasət kursunun davamlı uğurlara geniş imkanlar açdığını bir daha  diqqətə çatdırmışdır.

“Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər” söyləyən dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi,  xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır.  Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabit, eyni zamanda, yeni əməkdaşlıq formatlarının təşəbbüsçüsü kimi tanınmasının və nüfuz qazanmasının da  təməlində düşünülmüş və məqsədyönlü siyasət dayanır.  Ölkə Prezidenti İlham Əliyev konfransda bir daha  bu amili önə çəkmişdir ki, ölkəmizdə sabitliyin, davamı inkişafın əsas təminatçısı xalq-iqtidar birliyidir: “ Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur.” Bu fikir xarici ekspertlər, siyasətçilər tərəfindən də etiraf olunur ki, xalq-iqtidar birliyinin möhkəm olduğu, ən əsası həyata keçirilən siyasətin, təşəbbüslərin dəstəkləndiyi ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz. Azərbaycanın adının nümunəvi ölkələr sırasında qeyd olunması məhz bu reallığın təsdiqidir ki, daxili siyasətin uğurları beynəlxalq aləmdə reytinqin müəyyənləşdirilməsində  stimulverici amildir. Cənab İlham Əliyev bu uğurlara söykənərək bildirir ki, uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq.

Xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq. Azərbaycanın  qonşu və Avropa dövlətləri ilə əlaqələrinin bugünkü səviyyəsi göz önündədir.  Azərbaycanın  dünyadakı rolunu və ölkəmizə  münasibəti əks etdirən çox parlaq bir nümunənin - Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini, həmçinin ötən il 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi böyük uğurdur. Azərbaycana göstərilən hörmət, rəğbət, dəstək BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsində özünü qabarıq şəkildə büruzə vermişdir.

Təbii ki, bu uğurlarımız xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsirsiz deyil. “Əlbəttə, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir” söyləyən cənab İlham Əliyev  bildirir ki, Azərbaycan bu istiqamətdə hüquqi, siyasi və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir.  Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki,  ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə dəstəklənir.

Arxada qalan hər il Azərbaycanın diplomatiya sahəsində  qazandığı uğurlara yeni əlavələr edir. Yəni, problemin həlli üçün möhkəm hüquqi baza mövcuddur. 2018-ci ildə  Avropa İttifaqı ilə imzalanmış “Tərəfdaşlığın prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı xüsusi müddəa vardır. Ən əsası BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması qeyd olunur. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdikləri qərarlar da ölkəmizin mövqeyini möhkəmləndirir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır:” “Biz çox böyük təbliğat işi aparırıq, yəni, həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar keçirilir, Xocalı soyqırımının tanıdılması prosesi uğurla gedir, müharibə ilə bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir yaradırıq. Çünki onlar həqiqəti bilməlidirlər. Ona görə bütün lazımi tədbirlər görülüb.”

Göründüyü kimi,  böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və milli maraqlar əsasında əlaqələrini quran və genişləndirən, iqtisadi imkanları günbəgün artan və bu fonda ordu quruculuğu sahəsində  lazımi addımların atılmasına nail olan  Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir.  Cənab İlham Əliyev bu cağırışı edir ki, Dağlıq Qarabağ problemi gündəlik işimiz olmalıdır. Hücum diplomatiyasını uğurla həyata keçirən ölkəmizin real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatının qarşısında ermənilərin acizliyi daha qabarıq şəkildə görünür. Təkcə ötən ildə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə işğalçı dövlətin küncə  sıxılmasını qabarıq şəkildə nümayiş etdirən məqamlara diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyev  ötən ilin   iqtisadi yekunlarına həsr olunan müşavirədə  ətraflı şəkildə işğalçı dövlətin Azərbaycanla heç bir sahədə rəqabət aparmaq imkanında olmadığını  diqqətə çatdırmışdır.  Cənab İlham Əliyevin  “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda  səsləndirdiyi son 16 ilin statistikasına diqqət yetirək. 16 ildə  iqtisadiyyat 3,4 dəfə artıb. Sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə, valyuta ehtiyatları 27 dəfə artıb. Müqayisə üçün qeyd edilir ki,  2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. Bu göstərici ötən il 51, cari ilin arxada qalan bir ayında isə bir milyard dollar artaraq 52 milyard dollara çatmışdır.  Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb. 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilib. “Bunu etmək üçün həm siyasi iradə, düşünülmüş siyasət, eyni zamanda, imkanlar olmalı idi” söyləyən  dövlətimizin başçısı İlham Əliyev diqqəti  infrastruktur layihələrinin uğurlu icrasına və əldə olunan nəticələrə yönəldərək böyük inamla qeyd etmişdir ki,  bu layihələrin aparıcı qüvvəsi, təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü öz üzərinə götürən ölkə  Azərbaycandır.

Cənab İlham Əliyev  “Uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran bizim siyasətimiz və addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik. Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir” fikirləri ilə son 16 ilin ümumi mənzərəsini təqdim etmişdir.

Yeganə Əliyeva, “İki sahil”