“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçilən yolun və qarşıdakı illərdə görüləcək işlərin təqdimatıdır
Cənab İlham Əliyev Prezident kimi ilk müsahibəsində “Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına cavabında bildirmişdir ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq: “Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaqdır, iş yerləri də açılacaqdır. Yəni hesab edirəm ki, indi qlobal şəkildə bu istiqamət də Azərbaycan üçün lazımdır.” Dövlətimizin başçısı İlham Əliyevin proqram xarakterli bu müsahibəsindən 16 ildən artıq vaxt keçir. Qarşıdakı dövr üçün prioritetləri açıqlayan cənab İlham Əliyev onların gerçəkliyə çevrilməsi üçün birinci mərhələdə möhkəm bazanın yaradıldığını diqqətə çatdırmışdır.
Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin əsası idi. Müəllifi olduğu neft strategiyasının, eyni zamanda, neft gəlirlərinin idarə olunmasında şəffaflıq və ədalət prinsipinin təminatı missiyasını yerinə yetirən Dövlət Neft Fondundan ayrılan vəsaitlər hesabına mühüm sosial-iqtisadi layihələrin uğurlu icrası nəticəsində bu gün Azərbaycan qeyri-neft sektoru sahəsində mövcud imkanları ilə də dünyanın diqqətindədir. İqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayan ənənəvi Davos İqtisadi Forumunun hər bir iclası, həmçinin iqtisadiyyatın rəqabətqabiliyyətliliyi göstəricisinə görə ölkələrin reytinqini açıqlayan hesabatı Azərbaycana beynəlxalq baxışın hansı səviyyədə olduğunu nümayiş etdirir. “Bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirməkdir və neft-qazdan asılılığımızı azaltmaqdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz indi neft və qaz ehtiyatlarımızın işlənilməsinin aktiv inkişaf fazasındayıq. Son illərdə əsasən infrastruktura sərmayə yatırılıb. Son 16 ildə ölkə iqtiadiyyatına 270 milyard dollar investisiya yatırılıb. Dünya Bankının “Doing Business” reytinqində Azərbaycan 20 islahatçı ölkə arasında yer tutub.
Enerjidən asılılığın minimuma endirilməsi məqsədilə regionların potensial imkanlarından səmərəli istifadə olunması, bunun üçün 2004-2018-ci illər ərzində üç Dövlət Proqramının uğurlu icrası, cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqlənməsi və bu gün həmin sənədin icrasının birinci ilinin tamam olması məqsədə doğru davamlı addımların atıldığını nümayiş etdirir. Dördüncü Dövlət Proqramının icrasına başlananda 2004-2018-ci illərdə əldə olunan sosial-iqtisadi göstəricilər açıqlandı və onların fonunda növbəti beş ilin prioritetləri diqqətə çatdırıldı. 2004-2018-ci illərdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Həmin müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılaraq, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir.
Dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans da son bir ilin nəticələri əsasında qarşıdakı illərin ümumi mənzərəsini yaradır. Ümumiyyətlə, Dövlət proqramlarının icrasına həsr olunun konfranslar, eyni zamanda, Nazirlər Kabinetinin iclasları əldə olunan uğurların təqdimatı ilə yanaşı, hədəflərin açıqlanmasında və onlara çatmaq üçün mexanizmlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev daim dövlət məmurlarını xalqla bir olmağa, onların qayğıları ilə maraqlanmağa və həlli istiqamətində ciddi addımlar atmağa, inkişafa, quruculuğa böyük töhfələr verməyə, dəstək göstərməyə, səyləri birləşdirib konkret addımlar atmağa çağırışlar edir. 2013-cü ildə cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Prezidenti bu məqamı da xüsusi vurğulamışdır ki, hər bir icra başçısını vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!
Təbii ki, bu prinsiplərin qorunması, vəhdətliyinin təmin edilməsi, həmçinin hər bir dövlət məmurunun, struktur rəhbərinin üzərinə düşən vəzifəni və tapşırıqları lazımi səviyyədə yerinə yetirməsi fonunda yüksək nəticələrə nail olmaq mümkündür. Kompleks tədbirlərin həyata keçirilməsi hərtərəfli inkişafın təminatında əhəmiyyətli rola malikdir. Bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastrukturun yeniləşdirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılması, özünüməşğulluğun təminatı və sair kimi addımlar paytaxt və bölgələr arasında fərqin aradan götürülməsini, həmçinin bölgələrdə şəhərə axının qarşısının alınmasını şərtləndirir. 2019-cu ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ümumi daxili məhsul 2,2 faiz artıb. Qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz, kənd təsərrüfatı 7 faiz artıb. İnflyasiya 2,6 faiz, əhalinin pul gəlirləri 7,4 faiz olub. Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollara çatıb. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasətimiz düşünülmüş və nəticəyə hesablanmış siyasətdir.
Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən cənab İlham Əliyevin regionlara hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. O da məlumdur ki, cənab İlham Əliyevin istər Bakı və Bakıətrafı qəsbələrə, istərsə də bölgələrə hər səfərindən sonra həmin qəsəbələrin, regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün Tədbirlər Planı təsdiqlənir və Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Bu gün paytaxt və bölgələrlə vətəndaşların elektrik enerjisi, su, təbii qazla təminatına xüsusi diqqət yetirilir. Qazlaşmanın səviyyəsi 96 faizdən çoxdur. Dövlətimizin başçısı İlham Əliyev mütəmadi olaraq rayonlara yeni təyin olunan İcra Hakimiyyəti başçıları ilə görüşündə də uğurlu nəticələrə, eyni zamanda, hədəflərə diqqət yönəldərək bildirir ki, paytaxt və böləgələrdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm.
Son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, özünüməşğulluğun təminatı günümüzün əsas çağırışlarının tərkib hissəsidir. “Fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir” söyləyən cənab İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı daim prioritet məsələ olacaq. 2013-2020-ci illəri əhatə edən mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən düşünülmüş dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma əsas prinsiplər kimi diqqət mərkəzində saxlanılır. İnvestisiya cəlbediciliyinə görə xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulur, dövlət dəstəyi gücləndirilir. Bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının daha da yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması, cəmiyyət həyatında rolunun artırılması bu məqsədə xidmət edir ki, Azərbaycanın dinamik inkişafı davamlılığını qorusun.
Regional inkişaf proqramlarının uğurlu icrası qeyri-neft sektorunun sürətli inkişafı perspektivlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Bu baxımdan Prezident İlham Əliyev daim çıxışlarında, xarici ölkələrə səfəri çərçivəsində keçirdiyi görüşlərdə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlarından geniş bəhs edərək, iş adamlarını bu istiqamətdə investisiya yatırmağa çağırır. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Prezident İlham Əliyev bildirir “”Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.”
Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, əgər sovet vaxtına nəzər salsaq görərik ki, o vaxt bölgü aparılırdı. Azərbaycanda üzüm, pambıq, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək.
Uğurlarımızda regional inkişaf proqramlarının rolunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev özlüyündə ortaya çıxan “Bu proqramların icrası nəticəsində biz nələri əldə etdik” sualına cavab olaraq bildirir: “İlk növbədə, regionlarda müasir infrastruktur yaradıldı. Əgər biz infrastruktur layihələrinə vəsait qoymasaydıq, heç bir inkişafdan söhbət gedə bilməzdi. Onu biz o vaxt etməyə başladıq ki, hələ ölkəyə böyük həcmdə neft gəlirləri gəlməmişdi. Neft gəlirləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istismara verilməsindən sonra gəlməyə başlamışdır. Ancaq biz birinci Regional İnkişaf Proqramını 2004-cü ildə qəbul etdik və onu icra etməyə başladıq. Yəni, bu, onu göstərir ki, bizim uğurlarımızın təməlində təkcə maliyyə vəziyyətimiz dayanmır. Eyni zamanda, düşünülmüş siyasət, güclü iradə və düzgün seçilmiş ardıcıl fəaliyyətimiz həm Regional İnkişaf proqramlarının icrasına gətirib çıxardı və bütövlükdə bütün digər sahələrdə də biz ardıcıl siyasət apararaq ölkəmizi gücləndiririk.”
Qeyd etdiyimiz kimi, 2004-cü ildən bu günə qədər Azərbaycanda əsas infrastruktur layihələri icra edilib. Onlarla elektrik stansiyası tikilib istifadəyə verilib. Bu, inkişaf üçün birinci şərtdir: “Əgər enerji gücü olmasa, heç bir müəssisəni yaratmaq mümkün olmayacaq. Digər tərəfdən, infrastruktur layihələrimiz sosial xarakter daşıyır. Çünki dayanıqlı enerji ilə vətəndaşları təmin etmək hər bir dövlətin borcudur.” Yol infrastrukturunun müasir standartlara cavab verməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. Dövlətimizin başçısı İlham Əliyevin bölgələrə hər səfərində, eyni zamanda, səfərdən sonra imzalanan sənədlər sırasında yol layihələri əsas yer tutur. Yüzlərlə kəndi birləşdirən yeni yol layihələri öz növbəsində bu günümüzün əsas tələbi olan sahibkarlığın inkişafına imkanları artırır. Ölkə Prezidenti bildirir: “Bu, həm sosial, həm də iqtisadi məsələdir. Çünki bu, həm insanlara rahatlıq verir, eyni zamanda, məhsulu bazarlara vaxtında çatdırmaq üçün yolların böyük əhəmiyyəti var. Həmçinin yol olmayan yerlərə investisiya da gəlmir və inkişaf da olmur. Bax, proqramın əsas istiqamətləri bu idi.”
Özəl bölmənin əsas sahələrindən olan aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Aqroparkların yaradılması ən müasir təcrübə kimi dəyərləndirilir. Sahibkarlığın inkişafına xidmət edən mühüm addımlardan biri kimi “ABAD” mərkəz”lərinin coğrafiyasının genişləndirilməsi, eyni zamanda, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə DOST mərkəzlərinin yaradılması Azərbaycan brendi kimi tanınan layihələrin davamlılığından xəbər verir. “Biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik” söyləyən dövlətimizin başçısı bildirir ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunları qarşıya qoyulan hədəflərə nail olmaq üçün möhkəm bazanın mövcudluğunu bir daha təsdiqləyir.
Yeganə Əliyeva, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir