“Rossiya-24” kanalına müsahibəsində hər iki dövlət arasında münasibətlərin yüksələn xətlə davam etdiyini bildirən Prezident İlham Əliyev fevral ayında birinci Rusiya-Azərbaycan gənclər forumunun keçiriləcəyini də bəyan edib
Regional əməkdaşlıqda maraqlı olan, bölgədə sabitliyin təminatına önəmli töhfələr verən Azərbaycanın Rusiya ilə ikitərəfli və MDB çərçivəsindəki əlaqələri yüksələn xətlə davam edir. 2019-cu ildə keçirilən, Rusiya- Azərbaycan münasibətlərini daha da möhkəmləndirən, çox mühüm hadisə kimi yaddaqalan görüşlərin hər biri əlamətdar olmaqla, özünəməxsusluğu, regional əhəmiyyəti ilə də diqqəti cəlb edir.
Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına verdiyi müsahibəsində hər iki dövlət arasında əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla davam etdiyini bildirən Prezident İlham Əliyev “Biz praktiki olaraq bütün fəaliyyət sahələrimizi - ticarət, nəqliyyat, energetika, humanitar və turizm sahələrini əhatə edən beş “yol xəritəsi” çərçivəsində proqramı fəal surətdə reallaşdırırıq” sözləri ilə əlaqələrin şaxələndirilməsinin tərəfdaşlıq üçün əhəmiyyətini də diqqətə çatdırır.
Hər iki dövlətin iqtisadi inkişafını sürətləndirən layihələr, tətbiq olunan texnologiyalar, istifadə edilən resurslar baxımından ötən il daha səmərəli olmuşdur. “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI iclasında, MDB dövlət başçılarının Aşqabad Sammitində Azərbaycan-Rusiya dövlət başçıları arasında baş tutan söhbətlər yaddaqalan hadisələrdəndir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının Sank-Peterburqda keçirilən qeyri-rəsmi görüşündə iştirak edən cənab İlham Əliyevin vurğuladığı kimi, 2019-cu il Rusiya-Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutur. Hər iki dövlət başçıları arasında keçirilən görüşlərdə müzakirə olunan məsələlər və qəbul edilən qərarlar MDB dövlətlərinin də maraqlarını əks etdirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putin ilə görüşü, “Dostluq” ordeni ilə təltif olunması, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılış mərasimində iştirakı da əsrlərə söykənən dostluq münasibətlərinin hazırda daha da möhkəmləndiyini göstərir.
Ötən il hər iki dövlət arasındakı iqtisadi əlaqələrin inkişafı baxımından da əlamətdar olub. Azərbaycanda Rusiyanın sərmayəsi hesabına əczaçılıq müəssisəsi açılıb. Regional xarakterli “Vertolyotı Rossii” şirkəti ilə birlikdə helikopterlərin təmiri və onlara xidmət üzrə servis mərkəzinin təməli qoyulub. Hərbi-texniki əməkdaşlıq baxımından uğurlu olan ötən ildə dövlət və hökumət nümayəndələrinin iştirakı ilə önəmli görüşlər keçirilib. NATO və Rusiya hərbçilərinin görüşü üçün Azərbaycanın seçilməsi də ölkəmizə beynəlxalq və MDB çərçivəsində göstərilən etimaddır. Azərbaycanda istehsal edilən “KamAZ” və “Ural” avtomobillərindən əlavə, “QAZ” avtomobilləri istehsalı zavodunun da təməli qoyulub. Metro vaqonlarının təchizatı barədə Rusiya şirkəti ilə üçillik müqavilə imzalanıb. Hər iki dövlət arasında nəqliyyat infrastrukturunu yeniləyən Samur çayı üzərində yeni avtomobil körpüsü açılıb. “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi nəticəsində yükdaşımaların həcmi keçən il 60 faiz artıb. Ən əsası odur ki, bu layihələrin təşəbbüskarı olan Azərbaycan qonşu ölkələr üçün də nəqliyyat-logistika imkanlarını təqdim edir. İqtisadi-ticari sahədə əməkdaşlıq genişləndirilib, gömrük prosedurları, yüklərin daşınması müasir texnologiyalar əsasında həyata keçirilir. İqtisadi-ticari münasibətlərdə mövcud olan dinamika nəticəsində əmtəə dövriyyəsinin həcmi 3 milyard dollara yaxınlaşır. Azərbaycanda Xəzər dənizinin sahili boyunca mövcud yola paralel olaraq Bakıdan Rusiya sərhədinə qədər yeni avtomobil trası inşa edilir. Azərbaycanın “Mir” ödəmə sistemi”nə qoşulmağın mümkünlüyünü “Buna görə də düşünürəm ki, ilk növbədə, bizim əmtəə dövriyyəsində milli valyuta ilə satıla biləcək malların nomenklaturu müəyyən edilməli və sonra bu istiqamətdə addımlar atılmalıdır” sözləri ilə bildirən cənab İlham Əliyev məsələyə münasibətini milli maraqlar, turizm sənayesinin fəallaşdırılması baxımından ifadə edir.
Rusiya-Azərbaycan əlaqələrində mühüm amillərdən olan iri enerji layihələri tərəfdaşlıq prinispləri əsasında həyata keçirilir.
“Türk axını” layihəsini əvvəlcədən dəstəklədiyini bildirən cənab İlham Əliyev Avropa bazarına ildə 10 milyard kubmetr təbii qaz ötürə biləcək Cənub Qaz Dəhlizinin rəqib layihə olmadığını diqqətə çatdırır.
“Bu dəhliz üzrə qazın bir hissəsi artıq Türkiyə bazarına çatdırılır. Bu il noyabrın sonunda TANAP layihəsi - Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri artıq Yunanıstan sərhədinə çatdırılıb. Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya qədər qaz kəmərinin tikintisi də 90 faizdən çox tamamlanıb. Beləliklə, biz uzunluğu 3500 kilometr olan bu layihəni gələn il bütünlüklə istifadəyə verməyi nəzərdə tuturuq” söyləyən cənab İlham Əliyev Şimal qonşumuzla paralel rejimdə birgə fəaliyyətin əhəmiyyətini, hər hansı qəzanın aradan qaldırılmasında qarşılıqlı inam prinsipinə sadiqliyi münasibətləri möhkəmləndirən amil kimi diqqətə çatdırır. Bütün sahələrdə olduğu kimi enerji layihələrinin reallaşmasında, mübadiləsində, ortaq sistemin formalaşmasında çoxtərəfli səmərəli əməkdaşlıqda maraqlı olan Azərbaycanın əsas məqsədi regional sabitliyin təminatında iştirak etməkdir. Azərbaycan və Türkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu ilə rusiyalı təchizatçılar yüklərini Azərbaycan ərazisi ilə Türkiyə limanlarına, Avropa ölkələrinə çatdırırlar.
Müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə də toxunan cənab İlham Əliyev 2019-cu ili münaqişənin nizamlanması baxımından itirilən zaman adlandırsa da, Ermənistanın Dağlıq Qarabağın “müstəqil dövlət” olması kimi cəfəng iddialarının heç bir əsası olmadığını vurğulayır. Danışıqlar prosesinin tamamilə pozulmasının səbəbini işğalçı dövlətin populist və zərərli, təhlükəli siyasəti ilə əlaqələndirən dövlət başçımız “Valday” Forumunda söylədiyi “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” tezisinin daha real olduğunu bildirir.
Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin qeyd olunmasını, Azərbaycanın Qələbənin qazanılmasındakı xidmətlərini, ortaq tariximizin yenidən yazılmasını təqdir edən cənab İlham Əliyev Ermənistanın cəlladı fetisləşdirmək, faşizmi qəhrəmanlaşdırmaq siyasətini şəhidlərin ruhuna hörmətsizlik adlandırır, erməniliyin ikiüzlü simasını göstərir: “Oktyabrda Aşqabadda mən daha bir məsələ qaldırdım, çünki gündəlikdə ümumi Qələbəmizin 75 illiyinin bayram edilməsinə hazırlıq məsələsi dururdu. Mən dedim ki, MDB məkanında faşistlərin qəhrəmanlaşdırılması, Ermənistanda baş verənlər, Yerevanda faşistlərin əlaltısı Qaregin Ter-Arutyunyana altı metr hündürlüyündə heykəl qoyulması yolverilməzdir. Njde ləqəbi ilə məşhur olan bu adam SMERŞ tərəfindən həbs edilərək 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Ona bəraət verilməmişdi. İndi belə bir adama Ermənistanda altı metr hündürlüyündə heykəl qoyulur, küçələrə, meydanlara onun adını verirlər. Bu, Ermənistan rəhbərliyinin də guya faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin əleyhinə olması barədə bəyanatı ilə bir araya necə sığa bilər?”
Təbii ki, bu cür möhkəm təməl əsasında inkişaf edən əlaqələrin gələcək üçün nəzərdə tutulan prioritetlərdə günün tələblərinə, çağırışlarına uyğun olmalıdır. Böyük Vətən müharibəsində Qələbənin 75 illiyində iştirak edəcəyini bildirən cənab İlham Əliyevin Rusiyaya növbəti səfəri da yaddaqalan olacaq.
“Rossiya 24” kanalına müsahibəsində dövlət başçımız hər iki dövlət arasında əlaqələrin möhkəmlənməsində mövcud imkanlardan səmərəli istifadəni nəzərdə tutan proqnozlara da aydınlıq gətirib.
“Bu ilin sonunda həmin “yol xəritə”ləri”nə daha ikisi - innovasiyalar üzrə və gənclər siyasəti üzrə “yol xəritə”ləri” əlavə olunub. Bu, bizim təşəbbüsümüz idi və Rusiya tərəfindən müsbət qəbul edildi. Deməliyəm ki, artıq gələn ilin fevral ayında birinci Rusiya-Azərbaycan gənclər forumunun keçirilməsini planlaşdırırıq. Biz hesab edirik ki, ikitərəfli nailiyyətlərimizi qoruyub saxlamaq və artırmaq üçün gənc nəsil hökmən ünsiyyətdə olmalı, bir-birini tanımalı, əməkdaşlıq baxımından yetkin həyata hazırlaşmalıdır. Buna görə əminəm ki, Azərbaycan və Rusiya gənclərinin birinci forumu çox faydalı, xoşagələn, maraqlı olacaq və beləliklə, gənc nəslin nümayəndələri artıq bir-birini tanıyacaqlar. Əminəm ki, indiki nəsil kimi, gələcək nəsil də əlaqələrimizi möhkəmlətməyə çalışacaq.”
Diqqətə çatdıraq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olundu. Bu Sərəncam Azərbaycan gəncliyinə verilən dəyər olmaqla, gələcəimizi ehtibar etdiyimiz yeni nəslin daha geniş sferada fəaliyyəti üçün geniş imkanlar yaradır.
Yəni, Rusiya-Azərbaycan münasibətlərinin yeni keyfiyyət baxımından genişlənməsində müxtəlif sahələrdə çalışan gənclərin qüvvəsindən istifadə olunacaq, birgə tədbirlərin təşkilinə yönələn dostluq, qardaşlıq görüşlərinin keçirilməsinə diqqət artırılacaq.
Xuraman İsmayılqızı, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir