Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev yaddaqalan mühüm hadisələri də diqqətə çatdırmışdır
Daha bir ilimiz tarixə qovuşdu. İnsanlar kimi, ölkələrin həyatında da əbədiləşən ötən il xalqımızın tarixində mühüm, əlamətdar hadisələrlə yadda qaldı.
Dünyada baş verən mürəkkəb hadisələrin münaqişələrin, müharibələrin, qanlı toqquşmaların, kütləvi etiraz aksiyalarının, polis zorakılığının, insan haqlarının pozulması hallarının hələ də davam etdiyi bir zamanda ölkəmizdə mövcud olan, bütün sahələrdə inamla davam etdirilən inkişafı şərtləndirən sabitlik qorunur.
Yola saldığımız 2019-cu ildə ölkəmizdə keçirilən mühüm tədbirlərin hər biri Azərbaycanın dünyada güclənən mövqeyini göstərməklə, dəstəklənən diplomatiyasına yeni uğur səhifələri yazdı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının Zirvə Görüşlərinin keçirilməsi, Azərbaycanın hər iki təşkilata sədrliyə başlaması, Rusiya- Azərbaycan əlaqələrinin qarşılıqlı maraqlar əsasında qurulmasını göstərən müxtəlif səviyyəli tədbirlər, Avropa İttifaqı, Avropa Şurası ilə əməkdaşlığın genişləndirilməsi ölkəmizə beynəlxalq səviyyədə verilən dəyərdir.
Xarici siyasətində qarşılıqlı inam və etimada üstünlük verən Azərbaycanın ikitərəfli əlaqələrinin çoxtərəfli formatda uğurla davam etdirilməsi naminə göstərdiyi fədakarlıq beynəlxalq aləmdə mövqeyi möhkəmlənən ölkəmizin vədinə sadiq dövlət kimi nüfuzunu möhkəmləndirir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyevin vurğuladığı kimi Avropa məkanında da Azərbaycan müstəqil xarici siyasət yürüdür və bunu açıq elan edir, beynəlxalq mövqeləri daha da möhkəmlənir. Ötən il ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər etmiş, ikitərəfli əlaqələr genişlənmişdir. Ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir.
Avropanın 9 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayan Azərbaycan qonşularla münasibətlər baxımından da tamamilə müstəqil kurs yürüdür. Azərbaycan ölkəmizə yönələ biləcək təsiri və təzyiqləri dəf etməyə qadir gücə, qüdrətə, siyasi, iqtisadi müstəqilliyə malik, öz vəsaiti hesabına yaşayan, kreditə ehtiyacı olmayan, əksinə donor ölkə kimi tanınan respublikadır. Ötən il Azərbaycan 70 ölkənin təmsil olunduğu Dünya dini liderlərinin II Sammitinə ev sahibliyi edib. Bu fakt bir daha göstərir ki, multikulturalizmə dövlət siyasətinin tərkib hissəsi kimi diqqət göstərilən Azərbaycanda bütün dinlərə, konfessiyalara məxsus ölkə vətəndaşları eyni hüquqlara malik olmaqla, qarşılıqlı etimad şəraitində yaşayırlar.
Ölkəmizin iqtisadi göstəricilərinin beynəlxalq səviyyədə nümunə göstərilməsi baxımından da uğurlu olan ötən il Azərbaycana marağı daha da artırmışdır. “ Biz ölkəmizin hərtərəfli inkişafına nail olmuşuq və bütün reytinqlər bunu göstərir. Bu yaxınlarda Azərbaycan dünyanın güclü ölkələri sırasına daxil edilib. Bu siyahıda cəmi 80 ölkə var və bizim bədnam qonşumuzun adı orada yoxdur. Bilmirəm , onların adı hansı dəftərdə var, amma hər halda, bunu artıq biz demirik, bunu mötəbər qurumlar deyir. Biz güclü dövlətlər sırasında 45-ci yerdəyik... Bax, budur bugünkü Azərbaycan” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi ölkəmizin beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında ön sıralarda yer alması bu həqiqəti təsdiqləyir.
ABŞ-ın “U.S. Nevs& World Report” jurnalının araşdırmalarına görə 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq cədvəlində 45-ci yerdə qərarlaşan Azərbaycanın adı Dünya Bankının “Doinq Business-2020” hesabatında 20 ən islahatçı ölkə arasında çəkilir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında ölkəmiz islahatlara meyillilik səviyyəsinə görə 5-ci yerdədir.
2019-cu ildə Azərbaycanda aparılan islahatlar ölkəmizin iqtisadi gücünü artırmış, sosial imkanlarını genişləndirmişdir. Ölkə üzrə sənaye istehsalı artmış, xüsusilə qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil etmişdir. Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir. Valyuta ehtiyatlarımız 50 milyard dollara çatmışdır. Bu amillər ölkəmizin iqtisadi və maliyyə imkanlarının dayanıqlılığını ifadə edir. “Biz Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkəyə çevrildik. Biz indi borc alan yox, borc verən ölkəyik. Bütün bunlar düşünülmüş siyasətin təzahürüdür” sözləri ilə Azərbaycanın iqtisadi qüdrətinin başqalarına nümunə göstərməsini ölkədə aparılan islahatların məntiqi nəticəsi kimi dəyərləndirən dövlət başçımızın Sərəncam və fərmanlarına əsasən həyata keçirilən sosial islahatların 4 milyondan artıq vətəndaşı əhatə etməsi ölkəmizə diqqəti daha da artırmışdır.
Yaddaqalan il kimi tarixə qovuşan 2019-cu ildə müavinətlər, minimum əməkhaqqları , minimum pensiyalar artırıldı. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Məişət şəraiti diqqətdə saxlanılan 5 mindən çox məcburi köçkün ailəsi, 800-ə yaxın şəhid ailəsi üçün yeni mənzillər, evlər tikilmişdir. Zəlzələdən əziyyət çəkmiş Şamaxı, İsmayıllı, Ağsu rayonlarının sakinləri üçün minlərlə ev tikilmişdir. 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi, müstəqillik dövründə ölkə əhalisinin 3 milyondan çox artması ölkəmizdə yüksələn demoqrafik vəziyyətin də inkişafda olduğunu göstərir.
Ötən il xarici siyasətdə qazanılan uğurlarla da zəngin olmuşdur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda elə bir ciddi dəyişiklik olmasa da, Azərbaycan prinsipial mövqeyinə sadiqlik nümayiş etdirib.
Bütün aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul etmiş, öz mövqelərini ortaya qoymuşlar.
Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri”” sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına böyük dəstək ifadə edilmişdir.
İl ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənsə də, Prezident İlham Əliyevin müxtəlif səviyyələrdə maraqla qarşılanan çıxışları, reallığı əks etdirən tezisləri Ermənistanın baş naziri Nikol Paşinyanın cəfəng müddəalarını tamamilə darmadağın etmişdir. Özünün belə tanımadığı separatçı rejim olan “Dağlıq Qarabağ Respublikası”nı müstəqil dövlət kimi təqdim etməyə çalışan Paşinyanın bütün arqumentləri baş nazirin siyasətdə hələ də piyada olduğunu göstərir. “Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” kimi qətiyyətli sözləri ilə Ermənistana ciddi xəbərdarlığını çatdıran cənab İlham Əliyev əminliklə bildirir ki, düşünülmüş siyasəti ilə dünyada tanınan, iqtisadi, hərbi, siyasi gücü artan Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dərinləşən islahatlar isə bu gücə əlavə güc qatır.
Artıq dünya ictimaiyyəti də başa düşür ki, Azərbaycan daxili və xarici siyasətini kiminsə xoşuna gəlmək naminə formalaşdırmır. Prezident İlham Əliyevin davam etdirdiyi siyasət xalq tərəfindən dəstəklənir. Əvvəllər Azərbaycanı hansısa məcraya yönəltmək üçün göstərilən bütün cəhdlər iflasa uğrayıb.
Ötən il dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən Azərbaycanın enerji sektorunda da yeniliklərlə yadda qaldı. “Bu il TANAP layihəsi istismara verildi, bu, tarixi layihədir. TANAP artıq Avropa İttifaqı sərhədinə çatdırıldı. Biz bu tarixi hadisəni bu ilin noyabr ayında böyük təntənə ilə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir və onlardan 3-ü - “Şahdəniz-2””, Cənubi Qafqaz Qaz Kəməri və TANAP artıq reallığa çevrildi. Dördüncü layihə - TAP, o da artıq uğurla icra edilir və bu layihənin icra səviyyəsi 90 faizi ötübdür. Biz Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızırıq. Biz bu layihənin təşəbbüskarı olmuşuq. Biz əsas yükü - həm maliyyə, həm texniki məsuliyyəti öz üzərimizə götürmüşük və tərəfdaşlarla birlikdə bu nəhəng və böyük əhəmiyyət kəsb edən layihəni uğurla icra edirik” söyləyən dövlət başçımızın vurğuladığı kimi, Azərbaycan qazını Avropa bazarına çıxaran Cənub Qaz Dəhlizi layihəsi tam həyata keçiriləndən sonra qitə dövlətlərinə ildə 10 milyard kubmetr qaz göndərilməsi tam həllini tapacaq.
Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri artıq Yunanıstan sərhədinə çatdırılıb. Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya qədər qaz kəmərinin tikintisi də 90 faizdən çox tamamlanıb.
Nəqliyyat və enerji dəhlizləri vasitəsilə Qara və Aralıq dənizləri vasitəsilə dünya bazarına çıxmaq imkanı əldə edən, dünya enerji bazarında mövqeyi möhkəmlənən Azərbaycanın bu uğurlarının əsasında ölkədə mövcud olan iqtisadi inkişafın dayanıqlığı dayanır.
Azərbaycan reallıqlarını dünyaya nümayiş etdirən bu uğurlar ölkəmizdə yaradılan siyasi- iqtisadi müstəqilliyin, müəllifi xalq olan sabitliyin bəhrəsidir.
Çünki sabitlik olmadan heç bir yenilikdən, nailiyyətdən, ən əsası isə zamanın çağırışlarından, qarşıya qoyulan hədəflərdən söz açmaq mümkün deyil. Dövlət başçımızın “2019-cu ildə ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşamışdır. Dünyada gedən proseslər göz qabağındadır. Dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postsovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdalanması geniş vüsət almışdır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır” sözləri Azərbaycanın siyasi statusunu ifadə edən cənab İlham Əliyevin liderlik qətiyyətinin də ifadəsidir.
Xuraman İsmayılqızı, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir