2019-cu ilin iqtisadi uğurları fonunda 2020-ci ilin proqnozları
Artıq 2020-ci ilin ilk ayındayıq. Dövlətimizin başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində iqtisadi imkanların artması fonunda əldə olunan uğurlar əsaslı şəkildə diqqətə çatdırıldı. “2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq.
Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır” söyləyən cənab İlham Əliyev diqqəti sosial-iqtisadi göstəricilərə yönəldərək bildirdi ki, qeyri-neft sektorunda artım 3 faizdən çox olub. Valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq ümumilikdə 50 milyard dollara çatıb. Qeyri-neft sektorunda sənaye artımı 14 faiz, kənd təsərrüfatında artım 7 faiz olub. Statistik rəqəmlər bütün əsas istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafının reallıq olduğunu təsdiqləyir.
Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədi ilə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ötən ilin iqtisadi uğurları ilə bağlı hesabatında da qeyd olunmuşdur ki, 2019-cu ildə ÜDM-nin artımı son beş ildə ilk dəfə 2 faizi ötüb. Qeyri-neft ÜDM-nin istehsalı ilsə 3,5 faizi, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub. Proqnozlara diqqət yetirsək, 2020-ci ildə iqtisadi artımın son 6 ildə ilk dəfə olaraq 3 faizə çatması, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə 3,1 faiz və 2023-cü ildə 3,2 faiz olması hədəflənib.
Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanın təkmil islahatları, kadr və struktur islahatlarının yol açdığı uğurlar təqdir olunur, ən islahatçı ölkələr sırasında qərarlaşır. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Həmin hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə olmuş, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlmişdir.
Təbii ki, bu uğurlar ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsizliyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir.
Qeyd edək ki, Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. Eyni zamanda, bu hesabat xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda, məsələn, “Qlobal Rəqabətlilik Hesabatı”, “Qlobal İnnovasiyalar İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Qlobal İmkanlar İndeksi” və sairdə baza rolunu oynayır.
Azərbaycanın reytinqinin gündən-günə yüksəlməsi böyük uğur olmaqla yanaşı, həyata keçirilən kompleks islahatların, xüsusilə qeyd edilən sahələr üzrə aparılan təkmilləşmə tədbirləri nəticəsində nail olunmuş nailiyyətlərin təqdimatıdır. 2003-cü ildən, yəni cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması qarşıya mühüm vəzifə kimi qoyulub. Bu məqsədə lazımi səviyyədə nail olmaq üçün regional inkişaf proqramları icra edilir. O da məlumdur ki, ötən il regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət proqramının icrasına başlanıldı. 2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramlarının uğurlu icrası əsasında təsdiqlənən və yaxın günlərdə icrasının bir ili tamam olacaq 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında əksini tapan vəzifələrin uğurla həyata keçirilməsi ölkə Prezidenti İlham Əliyevin bölgələrə mütəmadi səfərləri çərçivəsində görülən işlərə baxış əsasında daha aydın görünür. Hər bir sənədin qəbulu bu inama əsas verir ki, rayonlar arasında sağlam rəqabət daha da güclənəcək, Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi davamlı inkişafı ilə diqqətdə olacaq. Dövlət Proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq məqsədilə cənab İlham Əliyevin bölgələrə hər səfəri yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda, səfərlərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Ölkə Prezidentinin də vurğuladığı kimi, elə rayonlar var ki, onlara dəfələrlə səfər edilib.
Bu səfərlər görülən işlərin, həmçinin qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlərin hesabatı kimi də qəbul olunur. Onu da nəzərə alaq ki, ötən il ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində mühüm addımlar atıldı, dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə müşavirələr keçirildi. Ötən ilin sonunda pambıqçılığın inkişafı və 2020-ci ilin hədəflərinə həsr olunan müşavirədə prioritetlər açıqlandı və həlli yolları göstərildi. Cənab İlham Əliyev bir daha bildirmişdir ki, qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin əsasını təşkil edir. Bu əminlik ifadə olunmuşdur ki, islahatların dərinləşməsi əsasında 2020-ci ildə rəqəmlər daha da böyük olacaq. Təbii ki, bu əminliyə əsas verən ötən ilin uğurları, eyni zamanda, gələcəyə hesablanmış, təkmil sosial-iqtisadi islahatlardır. İslahatların dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşdirilməsi hədəflərin gerçəkləşməsində stimulverici amil rolunu oynayır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə dünyanın əsas çağırışlarından olan yoxsulluqla mübarizə sahəsində Azərbaycanın təcrübəsi təqdir olunur və bu fikir bildirilir ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanda təkmil idarəetmə sisteminin mövcudluğu davamlı uğurlara geniş yol açır. Hazırda yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizdir. Dövlətimizin davamlı inkişafa xidmət edən Strateji yol xəritələrini təhlil edən xarici ekspertlər, beynəlxalq humanitar təşkilatların təmsilçiləri bildirirlər ki, inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanlarda yoxsulluğun səviyyəsi heçə enəcək. Yeni iş yerlərinin yaradılması da yoxsulluq və məşğulluq kimi problemlərin həllinə öz müsbət təsirini göstərir. İstifadəyə verilən hər bir obyekt onlarla, yüzlərlə insanın işsizlik probleminin həllinə yol açır. Bu isə öz növbəsində sosial müdafiənin gücləndirilməsi deməkdir. Özünüməşğulluğun təminatı, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi, yəni “ABAD” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi də ötən ilin prioritet məsələlərindən oldu. Bu inam ifadə edilir ki, ailə təsərrüfatlarına dəstək hər bir ailənin sosial müdafiəsinin daha da gücləndirilməsinə böyük dəstəkdir. 2020-ci ildə də “ABAD” mərkəzlərinin sayının artırılacağı hədəflər sırasındadır. Ötən il Azərbaycan brendlərinə əlavə olunan “DOST” layihəsi də sözün əsl mənasında əhalinin yaxın dostuna çevrildi. Ötən ilin ilk və son aylarında “DOST” mərkəzlərinin açılışı oldu. Vətəndaş məmnunluğunun artırılmasına xidmət edən bu kimi layihələrin coğrafiyasının genişlənməsi öz növbəsində xidmət sahələrinin sayının artmasına geniş imkanlar yaradır. 2020-ci ildə bu mərkəzlərin sırasına yenilərinin əlavə ediləcəyi də nəzərdə tutulan və reallaşmasına səy göstəriləcək hədəflərdəndir.
Hər bir sənəd qarşıya qoyulan vəzifələrin icrasına doğru atılmış addımdır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, qeyri-neft sektorunun inkişafına, sosial müdafiənin gücləndirilməsinə yönələn addımlar davamlı olacaq, dövrün tələbinə uyğun təkmilləşmə həyata keçiriləcək. Məqsəd hərtərəfli inkişafı, yüksək rifahı təmin etmək, yeni-yeni hədəflərin gerçəkləşdirilməsinə nail olmaqla Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirməkdir. Ötən il iki sosial paketin təsdiqlənməsi və 4 milyondan artıq insanı əhatə edərək onların sosial müadafiəsinin güclənməsi böyük rəğbətlə qarşılanan addımlardan oldu. Minimum əməkhaqqının 250, minimum pensiyanın 200 manata çatdırılması iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasının, ən əsası vətəndaş amilinə verilən yüksək dəyərin göstəricisidir.
Qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilir. Ölkəmizin neft-qaz sənayesinin inkişafında yeni dövrün başlanğıcı kimi xarakterizə olunan 2019-cu ildə əldə olunan uğurların, mühüm hadisələrin miqyası genişdir. Əməkdaşlığın regional çərçivədən çıxaraq əhatə dairəsini genişləndirməsi növbəti layihələrə yol açan mühüm amillərdəndir. Uğurlu sonluqla başa çatan hər bir enerji layihəsinin iqtisadi və siyasi əhəmiyyətindən bəhs edərkən onun sosial müdafiənin gücləndirilməsinə, işsizlik və məşğulluq probleminin həllinə müsbət təsiri xüsusi önə çəkilir. Beynəlxalq Valyuta Fondunun hesabatlarında bu proqnoz öz əksini tapır ki, enerji layihələrinin icrasından Azərbaycanın dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur. Cari ildə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TAP-ın istifadəyə verilməsi gözlənilir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, hər ilin uğurlu nəticələrlə başa vurulması, yeni ilə xoş əhval- ruhiyyə ilə başlanılması bizi addım-addım hədəflərə yaxınlaşdırır. Cənab İlham Əliyev Yeni il təbrikində ötən ilin uğurlarına qısa baxış əsasında bu əminliyi də ifadə edilmişdir ki, iqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq.
Yeganə Əliyeva, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir