Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, Azərbaycanda sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşmalıdır
2019-cu ilin mühüm hadisələrindən biri ölkəmizdə əhalinin sayının 10 milyona çatması oldu. Aprelin 6-da məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ölkəmizdə böyük sevinc hissi ilə qeyd olundu. Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Azərbaycan xalqını təbrik etdilər.
Ölkəmizdə davamlı həyata keçirilən və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi islahatlar demoqrafiya və əhali sakinliyinin inkişafında öz müsbət təsirini göstərməkdədir. O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyev 7 sentyabr 2016-cı il tarixli Fərmanına əsasən, 2019-cu ilin 1-10 oktyabr tarixlərində ölkəmizdə əhalinin növbəti siyahıyaalınması keçirildi. Cənab İlham Əliyev ölkəmizdə keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalınma və sorğu vərəqələrinin suallarını cavablandırarkən bu məqamları da diqqətə çatdırdı ki, son dəfə siyahıyaalınma 10 il bundan əvvəl keçirilib. 10 ildə ölkəmizdə çoxlu dəyişikliklər baş verib. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı.
Qeyd edək ki, keçmiş İttifaq dövründə əhalinin siyahıyaalınmaları 1926, 1939, 1959, 1970, 1979, 1989-cu illərdə, müstəqillik dövründə isə 1999-cu və 2009-cu illərdə keçirilib.
2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasından ötən müddət ərzində baş vermiş ictimai-siyasi və iqtisadi proseslər demoqrafik vəziyyətə də təsir göstərərək əhalinin sayına, yerləşməsinə, sosial-iqtisadi, cins-yaş və digər əlamətlər üzrə tərkibinin dəyişməsinə səbəb olmuşdur. Siyahıyaalınmanın bütövlükdə həm ölkə, həm də onun regionları üzrə aparılması mühüm əhəmiyyət kəsb edir. Əhalinin tərkibinin müxtəlif əlamətlər üzrə öyrənilməsi ölkəmizin sosial-iqtisadi inkişafı üçün gələcək plan və proqramların hazırlanmasında önəmli rol oynayır.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyini xüsusi qeyd edən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə işsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə cari ildə minimum əməkhaqqı təxminən iki dəfə artırılıb. Həmçinin pensiyalar, müxtəlif kateqoriyalardan olan vətəndaşların aylıq əməkhaqqı, tələbələrin təqaüdləri, müavinətlər artırılıb. Bir sözlə, sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir.
Azərbaycanın bugünkü uğurlarını şərtləndirən amillərə qısa nəzər salaq. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci il prezident seçkilərində qələbəsindən sonra keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.”
Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Məhz o dövrdə qoyulan möhkəm təməlin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollardan artıqdır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurla baş çatması və yeni layihələrin gündəmə gətirilməsini şərtləndirməsi beynəlxalq aləmdə qazandığı etirbarlı tərəfdaş imicinin təsdiqidir. “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi isə “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə yadda qaldı. Ötən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, TANAP istifadəyə verildi. Dövlətimizin başçısı “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimində bildirmişdir ki, Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. “Əsrin kontraktı” imkan verdi ki, neftdən gələn gəlirlər qeyri-neft sektoruna yönəldilsin. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi.
Neft siyasətinin uğurlarına qısa baxışımız səbəbsiz deyil. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Son illərdə neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu icrasından xəbər verir.
“Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcəkdir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, bu gün görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda sabitliyin təminatçısı isə Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Bu vəhdət imkan verir ki, uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin.
Məhz sabitlik fonunda Azərbaycan əldə olunan uğurlara söykənərək, yeni-yeni hədəflər müəyyənləşdirir və onlara nail olmaq üçün mühüm addımlar atır. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının ardınca müxtəlif istiqamətləri əhatə edən, davamlı inkişafa yol açan Strateji yol xəritələrinin hazırlanması və icrası da deyilənlərin təsdiqidir. Dünyanı bürüyən iqtisadi və maliyyə böhranı dövründə Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bu problemlərdən az itki ilə çıxmasına səbəb oldu. Ölkəmiz iqtisadi artımı ilə dünyanın diqqətində, maliyyə qurumlarının hesabatlarında liderliyini qorumaqdadır. Azərbaycanın islahatçı ölkə kimi nüfuz qazanması da uğurlu sosial-iqtisadi göstəricilərinə əsaslanır.
Cənab İlham Əliyev əsas diqqəti uğurlarımızın əsasında dayanan xalq-iqtidar birliyinə yönəldir. Hər bir çıxışında “Hakimiyyətin yeganə mənbəyi xalqdır” söyləyən cənab İlham Əliyev bu dayağa güvəndiyini, uğurlu addımlar stimul olduğunu xüsusi vurğulayır. Bu birliyə, həmrəyliyə əsas verən amil isə təbii ki, dövlətin siyasətinin əsasında vətəndaş amilinin dayanması təşkil edir. Xalq hər addımda özünə diqqət və qayğının şahididir. Bircə faktı qeyd etmək kifayətdir ki, dünyanı bürüyən iqtisadi və maliyyə böhranı dövründə dünya dövlətlərində sosial ödəmələr azaldığı halda, Azərbaycanda bütün sosial layihələr uğurla icra edilib, sosial müdafiənin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılıb. Ən əsası Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib. Təkcə cari ilin ötən dövründə imzalanan Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Cari ildə təsdiqlənən davamlı sosial paketlər insan amilinə verilən dəyəri bir daha ortaya qoydu. O da məlumdur ki, 2009-cu ildə keçirilən ümumxalq səsverməsi zamanı “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların yüksək rifahının təmin edilməsidir. Azərbaycanın hərtərəfli inkişafının bələdçisi olan xalqımız hər bir vədin konkret əməli işdə öz təsdiqini tapdığını görür, ən əsası Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqətindədir.
Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı prioritetdir, biznes mühiti üçün beynəlxalq standartlara cavab verən, təkmil infrastrukturun mövcudluğu əsas şərtdir. İnfrastruktur layihələrinin icrasının davam etdirilməsi regional proqramın əsas məqsədlərindən biridir. Elektrik, qaz təchizatı, yolların, xüsusilə kənd yollarının çəkilməsi bölgələrdəki vəziyyəti köklü şəkildə dəyişib. Artıq bu gün böyük inamla qeyd eidrik ki, bütün kəndlərimiz, qəsəbələrimiz inkişaf dövrünü yaşayır. Ən ucqar kəndlərimizin yolları belə müasir tələblərə uyğun qurulmuş, sosial-iqtisadi inkişafdan geri qalmayıb. Bu da həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərib. Bu gün uğurla icra edilən özünüməşğulluq proqramını stimullaşdıran amillər sırasında infrastrukturun tələblərə uyğun qurulmasıdır. Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi məqsədilə ABAD mərkəzlərinin fəaliyyət başlaması və coğrafiyasını genişləndirməsi də bu amilə söykənir.
Əsas hədəflərdən biri də ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkələr sırasında görməkdir. İşsizlik və məşğulluq probleminin həlli istiqamətində atılan addımların nəticəsidir ki, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Yoxsulluq da 5 faiz səviyyəsindədir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.
Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bunu şərtləndirən əsas amil isə əhalinin sayının artmasıdır. İqtisadi tərəqqinin demoqrafik inkişafla uzlaşması “güclü dövlət, yüksək rifah” çağırışının reallıqda əksini tapdığını nümayiş etdirir. Yeni iqtisadi və sosial çağırışların müzakirə olunduğu, ən əsası sosial dövlət kimi tanındığı Azərbaycanda bu ilin mayında keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu da iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. 55 ölkənin sosial təminat agentliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən həmin Forumda beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının perspektivləri geniş müzakirə olunaraq, dövlətimizin başçısı İlham Əliyevin təkmil siyasəti nəticəsində ölkəmizdə digər sahələrdə olduğu kimi, sosial təminat sahəsində də uğurlu nəticələr əldə olunduğu, sosial müdafiə sisteminin təkmilləşdiyi, müasir, şəffaf idarəetmə əsasında hədəfələrə yüksək səviyyədə nail olunduğu xüsusi qeyd olunmuşdur. Beynəlxalq səviyyəli tədbirlərdə tez-tez səsləndirilən “Dayanıqlı İnkişaf Məqsədləri Azərbaycanda uğurla reallaşır” fikri də keçilən yola və hədəflərin gerçəkləşdirilməsi yönümündə göstərilən səylərə əsaslanır. İnnovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır.
Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, müstəqilliyimiz illərində qazanılan uğurlarımızdan ən önəmlisi ölkədə demoqrafik inkişafın yüksəlişi, hər cür qayğı ilə əhatə olunan əhalinin sayının artmasıdır. Ölkədə sağlam cəmiyyətin formalaşması, ailə institutunun təkmilləşdirilməsinin nəticəsi olan əhalinin say artımı, eyni zamanda, Azərbaycanda iqtisadi inkişaf, sabitlik və vətəndaşların sosial rifahının yaxşılaşması istiqamətində illərdən bəri aparılan sosial islahatların məntiqi nəticəsidir. İqtisadi böhran illərində bir çox ölkələrdə müşahidə olunan əhalinin sayının azalması prosesindən fərqli olaraq respublikamızda demokrafik artım statistik rəqəmlərdə də əksini tapır. Dayanıqlı inkişaf şəraitində uğurlar qazanan Azərbaycan müsbət demoqrafik göstəriciyə görə də Cənubi Qafqazın lider ölkəsidir.
Əvvəldə də qeyd etdiyimiz kimi, ölkədə sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatların davamlı proses kimi diqqətdə saxlanılması əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verməklə vətəndaşların artım tempinin qorunub saxlanmasına əminlik yaradır.
Yeganə Əliyeva, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir