2019-cu il tarixə sosial sahədə inqilabi islahatlar ili kimi düşəcək
2019-cu il Azərbaycan xalqının sosial həyatında mühüm hadisələrlə iz buraxacaq, dövlətin tarixinə isə sosial sahədə inqilabi islahatlar ili kimi düşəcək. İlin əvvəlindən əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, vətəndaşların problemlərinin həlli məqsədilə mühüm addımların atılmasına başlanıldı.
Prezident İlham Əliyev il başlayandan müxtəlif təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, xüsusən həssas kateqoriyadan olan vətəndaşların - şəhid ailələrinin, məcburi köçkünlərin, əlillərin, müharibə veteranlarının, pensiyaçıların müavinət və pensiyalarının xeyli dərəcədə artırılmasını nəzərdə tutan Fərman və sərəncamlar imzaladı.
Bu Fərman və sərəncamlar əsasında hazırlanan və həyata keçirilən sosial paketlər isə hazırda sadə vətəndaşların rifahına birbaşa təsir göstərir, hər kəs artımların şəxsi büdcəsinə təsirini aydın hiss edir. Dövlətin yürütdüyü sosial siyasət xəttini izlədikdə bu prosesin davamlı olduğunu sezmək heç də çətin deyil. Prezident İlham Əliyevin 2018-ci ilin sonlarında bəyan etdiyi sosial siyasət istiqamətlərinin 2019-cu ilin əvvəlindən ardıcıl şəkildə icra edildiyini müşahidə edirik. Bu ilin əvvəlində təsdiqlənən sosial paket və digər sosial təşəbbüslər hazırda 4 milyondan çox insanı əhatə etməkdədir.
Ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, körpülər salınır, beynəlxalq layihələr icra edilir. Ən əsası isə əhalinin güzəranı gündən-günə yaxşılaşır. Dövlətimizin başçısı əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi qərarların qəbul olunacağının anonsunu verdikdən sonra mərhələli şəkildə imzaladığı müvafiq Fərman və sərəncamlarla əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılmasının şahidi olduq. Bu tədbirlərin davamı olaraq dövlətimizin başçısının xarici valyutada kredit götürən vətəndaşlarımızı, onların ailə üzvlərini ciddi narahat edən problemli kreditlərlə bağlı imzaladığı Fərman ən çox gözlənilən qərarlardan biri oldu. “İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır” fikri 2019-cu ildə tam təsdiqini tapdı. Belə ki, əlavə gəlirlər, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldilərək, 2019-cu ili sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqləndirdi. Bu ilin əvvəlindən başlayaraq imzalanan Fərman və sərəncamlara nəzər salsaq, Azərbaycanda sosial siyasətin mərkəzində insan amilinin dayandığının, Prezident İlham Əliyevin “iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” fikrinin bir daha təsdiqinin şahidi olarıq.
Prezident İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində qeyd etdi ki, 2019-cu il sona yaxınlaşır və əlbəttə, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir: “Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun”.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqlarını qətiyyətlə qoruyan dövlətə çevrilib. Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirilməsi nəticəsində istər daxili, istərsə də xarici arenada Azərbaycanın strateji uğurları durmadan artır. Son bir neçə ayda baş verən hadisələr isə Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcı oldu.
Prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət Azərbaycanın sosial siyasətini dünya miqyasında ən gözəl nümunəyə çevirir. Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə geniş sosial layihələr həyata keçirilir. Daim hər bir azərbaycanlının yanında olan, onların dərdləri, problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlətimizin başçısı şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının 2 dəfə, müavinətlərin orta hesabla 50 faiz, yaxud da 2 dəfə, pensiyaların 70 faizdən çox, tələbə təqaüdlərinin artırılması, ardınca isə bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, problemli kreditlərin həlli ilə bağlı qərar 2019-cu ildə vətəndaşlar üçün növbəti böyük sevindirici addımlar oldu.
İl ərzində məcburi köçkünlər, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim edilib. Təkcə məcburi köçkünlər üçün bu il 5 mindən çox ev və mənzil inşa olunub. Prezident İlham Əliyevin mənzillərin, avtomobillərin açarlarının şəhid ailələrinə şəxsən təqdim etməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Dünyada özünü sosial dövlət kimi təsdiq edən Azərbaycanda atılan hər addım, imzalanan Fərman və sərəncamlar bir daha göstərdi ki, dövlətin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır və dövlət öz vətəndaşının yüksək rifahının təminatçısıdır. Bütün bunlar deməyə əsas verir ki, bu siyasət ardıcıl və davamlı olacaq, insanların həyat şərtlərinin daha da yaxşılaşmasına xidmət edəcək. Ən əsası odur ki, bunun üçün siyasi iradə və ölkənin kifayət qədər maliyyə imkanları var.
Cavid Əkbərov, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir