29 dekabr 2019 20:32
1356

Prezident: Heç kimdən asılı deyilik...

Prezident İlham Əliyev: Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt, heç kimdən asılı olmayaq

Bakı Dövlət Universitetinin 100 illik yubileyi tədbirində çıxış edən dövlət başçımızın vurğuladığı kimi, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz, müstəqilliyimiz əbədidir

Çevik xarici siyasəti milli maraqlar üzərində qurulan, dünya hadisələrinə prinsipial mövqedən, ədalətlə yanaşan Azərbaycanın dünya birliyində mövqeyi möhkəmlənir, nüfuzu artır. Dini, milli, mənəvi dəyərlərinə sadiq qalaraq müasirlik yolu ilə inkişaf edən,  tərəfdaş ölkələrlə münasibətləri qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, dostluq prinsipləri üzərində quran, təkcə enerji siyasəti ilə deyil, ümumiyyətlə, geosiyasi, təhlükəsizlik məsələlərindəki təşəbbüskarlığı, rolu artan, iqtisadi əməkdaşlıq və sabitlik tərəfdarı kimi öz sözünü deyən, dünya siyasətini tarazlayan Azərbaycan sabitlik adası kimi tanınır, Cənubi Qafqazın inkişaf etmiş qüdrətli dövləti olan  ölkəmizlə hesablaşırlar.

Çox təəssüf ki, qlobal problemlərlə üzləşən, ksenofobiyadan, islamofobiyadan əziyyət çəkən dünyamızda hələ ki,  tam əmin-amanlıqdan danışmaq tezdir. Antisemitizm meyillərinin alovlandığı, dini radikalizmin törətdiyi münaqişələrin,  müsəlman ölkələrinə qarşı ikili standartların, müharibələrin insanlara gətirdikləri fəlakətlərin davam etdiyi zamanımızda insanlar odsuz, alovsuz, barıt qoxusu duyulmayan bir dünya həsrətindədirlər.

Silahlardan daha ağır nəticələr verən informasiya müharibələri beynəlxalq ictimaiyyəti çaşdırır, insanlar iki üzlü “ədalət”in dilemmasında ağla qaranın “fərqini” ayırd edə bilmirlər. İnformasiya vasitəsilə aparılan təxribatlar hələ soyuq müharibələr dövründə olsa da, bu günkü qədər təhlükəli, çoxşaxəli deyildi. Texnologiyaların sürətli inkişafı ilə silahlardan daha qorxulu fəlakət gətirən informasiya müharibələrinin törətdikləri qarşıdurmalar, dini radikalizmin təbliğatı insanlara faciələr yaşadır .

Azərbaycanın qatı düşməni, ermənipərəst Mixail Qorbaçovun aşkarlığı illərində dillər əzbəri olan bir deyim bu günümüz üçün də xarakterikdir. Birisi sual edir ki, milçəklə nazir arasında ümumi cəhət nədir? Cavab lakonikdir: Hər ikisini qəzetlə vurub əzmək olar.

 Bu sözdə həqiqət var. İdeoloji, soyuq müharibə dövründə arzuolunmaz xadimləri, dövlətləri cəzalandırmaq lazım gələndə ilk növbədə böhtan xarakterli materiallar mətbuata ötürülür, sonra isə ona həqiqət donu geyindirilir, cəmiyyətə reallıq kimi qəbul etdirilirdi. Beləliklə ikili standartlara “yaşıl işıq” yandırlmaqla, istənilən ölkələrdə “ demokratiya axtarılırdı.” Bu “təcrübəni” zamana uyğun  təkmilləşdirənlər saxta bəyanat və qətnamələrlə “sözə qulaq asmayanları cəzalandırır”, itaət altında saxlayırdılar. Bu kimi mənzərələr, müsəlman respublikalarına qarşı “Səlib yürüşü” sovetlər dövründə yenicə baş qaldırsa da,  dini ayrı-seçkiliyin fəsadları çox ağır oldu.

Məsələn, sovetlər dövründə Özbəkistana qarşı hazırlanan “Özbək işi” adlı “əməliyyatın istintaqının” Qdlyan adlı erməniyə həvalə olunması, Qazaxıstan KP MK-nın baş katibi Kunayevə qarşı əsassız ittihamlar, müdrik şəxsiyyət Heydər Əliyevin qətiyyəti qarşısında acizliyini etiraf etməkdən çəkinən ermənipərəst Qorbaçovun sifarişi ilə Ulu Öndərlə bağlı hazırlanan “qırmızı qovluq”, təxribat xarakterli yazılar ədalətsizlik və ikili standartların qığılcımları idi.

İnsanlığın, bəşəri dəyərlərin ucuzlaşdığı, irqçilik, dini və milli ayrı-seçkilik meyillərinin gücləndiyi müasir dünyamızda söz demək şansını zorla mənimsəmiş ədalətsizlik haqqın qarşısında meydan oxuyur, “mənəmlik” iddiasını ölüm saçan silahların dili ilə söyləyir. Çox təəssüf ki, bilərəkdən yaradılan və müəyyən mənbələrdən idarə olunan bu savaşlarda qurban, təhqir və əzablara düçar olan, karikaturalarla gülüş mənbəyinə çevrilən islam dini,  taleyinə əbədilik qaçqınlıq, köçkünlük yazılan, ögey münasibətlə üzləşənlər müsəlmanlardır.

Şərq-müsəlman sivilizasiyasına mənsub xalq və dövlətlərə yanaşmada açıq-aşkar duyulan islamofob və neomüstəmləkəçi meyillər dünyanı, Avropanı bürüyən miqrantların rastlaşdığı faciələrlə özünü büruzə verir. ABŞ və Qərb dövlətləri islam dünyasına və müsəlman ölkələrinə qarşı irqçilik münasibəti göstərir, “terrorla mübarizə” və “demokratik standartların tətbiqi” adı altında onların daxili işlərinə müdaxilələri “beynəlxalq standartlara uğunlaşdıraraq” qanuniləşdirməyə çalışırlar.   Azərbaycan xalqı da bu cür sınaqların ağrı-acısını az yaşamayıb. 20 Yanvar faciəsi, Sumqayıt hadisələri, 1988-ci ildən başlayan xəyanətkar ermənilərin “miatsum” hərəkatı... hələ də davam edən Dağlıq Qarabağ münaqişəsi. BMT-də daxil olmaqla tanınmış beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə məhəl qoymayan Ermənistanı “demokratik”, “azad ölkə”  adlandıranların sehirli çubuğu ilə bir anda dəyişən beynəlxalq hüquq normaları nədənsə işğalçını adı ilə çağırmağa imkan vermir. Münaqişəni yaradan və hələ də davamında maraqlı olan “superlər”in ərazi savaşında udulması çətin, yağlı tikə olan Dağlı Qarabağ probleminin həlli gözləmə mövqeyindədir. Münaqişədən Cənubi Qafqazın qüdrətli dövləti olan Azərbaycana qarşı mütəmadi təsir və təzyiq vasitəsi kimi istifadə edənlər üstəlik ölkəmizlə bağlı əsassız qətnamələrin qəbulunda da “fəallıq” göstərirlər. Ermənipərəst dairələrin maraqlarını müdafiə edən “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch”, “Norveç İnsan Haqları Evi”, “ Sərhədsiz reportyorlar” kimi qərəzli təşkilatlardan ideoloji vasitə olaraq istifadə olunur.

Amma tarixi hadisələr atalarımzıdan qalma bir el məsəlinin reallığını təsdiqlədi: “Zalımın zülmü varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır.” Müstəqilliyimizin əbədi qarantı olan ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlara cəsarətli cavablar verən Prezident İlham Əliyev qərəzli niyyətlərin qarşısını müstəqil Azərbaycanı dünyada tanıtmaqla aldı. Artıq ən qüdrətli dövlətlər belə Ermənistanla müqayisədə dünya birliyində reytinqi artan, sivilizasiyalararası dialoq məkanı, siyasi, iqtisadi, humanitar platforma olan, idman və musiqi bayramlarının keçirildiyi məkan kimi tanınan Azərbaycanla hesablaşırlar.

Bakı Dövlət Universitetinin100 illik yubileyi münasibətilə keçirilən tədbirdə  əhatəli nitqi ilə tarixi hadisələri təhlil edən, ölkəmizdə bütün proseslərin xalqın iradəsi əsasında davam etdirildiyini bildirən cənab İlham Əliyevin sözləri ölkəmizə qarşı kampaniyalar aparanlara ciddi xəbərdarlıq idi.

“Bizə inanırlar, bizi tanıyırlar, bilirlər ki, sözümüzlə əməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üz qalsaq belə. Bu müddət ərzində belə təxribatlar az olmayıb. 2003-cü ili xatırlayaq. Prezident seçkilərindən sonra Azərbaycanda çevriliş cəhdi. Heç kimə sirr deyil ki, mən prezident seçkilərində təmiz qələbə qazanmışdım. Çünki insanlar Heydər Əliyev siyasətinə səs vermişdilər. İğtişaş törədildi. 2005-ci il. Azərbaycan artıq o inqilabların sırasında növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: “Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni, dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib və indi öz problemləri ilə üz-üzədirlər, orada iğtişaşlar səngimir” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, müstəqil ölkələrə qarşı ikili standartlar bu gün  müxtəlif metodlarla davam etdirilir.

Dövlət başçımız bildirdi ki, illərdən bəri xarici dairələrin ssenarisi əsasında kiçik dövlətlərdə həyata keçirilən, xalqlara bədbəxtlik gətirən rəngli inqilablar Azərbaycanda baş verə bilməz: “Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir.”

Bir vaxtlar başqaları kimi imperiyanın tərkibində müstəmləkə olan Azərbaycan indi Qoşulmama Hərəkatına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Qərb ilə Şərqi ortaq maraqlar əsasında birləşdirən “Bakı Prosesi”nin müəllifidir. İrqi ayrı-seçkiliyin törətdiyi fəsadların aradan qaldırılmasının təşəbbüskarı olan tolerant Azərbaycan müxtəlif dinləri təmsil edən liderlərin, Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Ölkəmizin təşəbbüsü ilə reallaşan neft qaz, nəqliyyat layihələri dünyanın xəritəsini dəyişir.

Buna görə də dinamik inkişaf yolu ilə dünya siyasətinin önəmli  amilinə çevrilən ölkəmizə rəğbət artır, sözü ilə əməli bir olan Azərbaycan heç kimin qarşısında baş əymir, sınaqlardan mətanətlə çıxır, müstəqilliyini xalq-iqtidar birliyinin qüdrəti ilə qoruyur və qoruyacaqdır.

Xuraman İsmayılqızı, “İki sahil”