Müsahibimiz YAP Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim İradə Hüseyenovadır
- İradə xanım, təbii ki, arxada qalan il tariximizə bu və ya digər formada əlavələr edir, yeni səhifələr yazır. 2019-cu ili necə xarakterizə edərdiniz?
- Öncə xalqımızı qarşıdan gələn 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, cansağlığı, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Möhtərəm Prezidentimiz İlham Əliyevin Dünya azərbaycanlılarına təbrikində əksini tapan bu inamı bir daha ifadə etmək istərdik ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatında inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə amal və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər.
Bir Azərbaycan vətəndaşı, ziyalısı olaraq ölkəmizin uğurlarından, dünya birliyində özünə layiq yer tutmasından böyük qurur hissi keçirirəm. Müstəqil Azərbaycanımıza hansı sahədən diqqət yetirsək yalnız uğurun, inkişafın, tərəqqinin şahidi olarıq. Azərbaycanın davamlı iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin günbəgün gücləndirilməsi, ölkəmizin demokratik inkişafına xidmət edən islahatlar, beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasını təsdiqləyən hadisələr, ən əsası yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə geniş yol açan diplomatik uğurlar, hərbi qüdrətimizin möhkəmlənməsi, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması, beynəlxalq reytinq agentliklərinin hesabatlarında müxtəlif sahələr üzrə liderliyini qoruması və sair kimi biri-birindən əhəmiyyətli hadisələr 2019-cu ilin iqtisadi, siyasi, humanitar, diplomatik mənzərəsini yaradır.
2019-cu il ölkəmizin sosial-iqtisadi həyatında mühüm uğurlarla yadda qaldı. “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımlar atan Azərbaycan cari ildə də ilklərə imza atan, yenilikçi ölkə imicinə yeni əlavələr etdi. Şəffaflığın təminatına, təkmil idarəetmə sisteminin tətbiqinə, vətəndaş məmnunluğunun artırılmasına xidmət edən iki DOST mərkəzinin istifadəyə verilməsi dövlətimizin başçısı İlham Əliyevin “Həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır” fikrinin bir daha reallıqda öz əksini tapdığını göstərdi. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsinə yol açan layihələrin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində büdcənin sosialyönümlüyünün artırılmasını, mühüm sosial-iqtisadi layihələrin həyata keçirlməsini şərtləndirir.
- Tarixçi alim kimi ölkəmizin xarici siyasət uğurlarını necə dəyərləndirirsiniz?
- Azərbaycanın uğurlu daxili siyasəti beynəlxalq aləmdə yeri və roluna da öz müsbət təsirini göstərib. Cari ilin xarici siyasət uğurlarının xronologiyasına diqqət yetirsək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi bazanın yaradıldığını görərik. Ölkəmizin BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi, sonda qəbul olunan sənəddə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin dəstəklənməsi mühüm diplomatik uğurumuz sırasındadır. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusunda XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində iştirakı və dünyaya göndərdiyi mesajlar, “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyinin göstəricisidir.
- 2019-cu il tariximizə, milli-mənəvi dəyərlərimizə bağlılığı nümayiş etdirən hansı mühüm hadisə ilə yadda qaldı?
-2019-cu il dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Nəsimi ili” elan edildi. Bu mühüm hadisə gənclərimizə klassiklərimizi, böyük şairimiz Nəsiminin yaradıcılığını daha dərindən öyrənməyə bir çağırışdır.
2019-cu ildə Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi tariximizə, ədəbiyyatımıza, mili-mənəvi dəyərlərimizə bağlılığımızı bir daha nümayiş etdirdi. Təbii ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva olunur. Azərbaycan dünya irsinin müdafiəsi və mühafizəsinə davamlı töhfələri ilə diqqət çəkir. Ümumdünya İrs Komitəsinin sessiyasının iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarix mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi təqdirəlayiq və qürurverici hadisə oldu. Dünyanın müxtəlif ölkələrindən 2500-dən çox nümayəndənin qatıldığı belə mühüm tədbirdə Azərbaycanın bu uğuru bir daha dövlətimizin həyata keçirdiyi siyasətə dəstəyin, Azərbaycan reallıqlarına verilən yüksək dəyərin göstəricisidir.
Azərbaycan-UNESKO əlaqələrinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis olunan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə milli mədəniyyətimizin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirilib. Bu layihələr UNESKO ilə əməkdaşlığın inkişafına öz töhfəsini vermişdir. Bu əməkdaşlıq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2004-cü ildə qurumun Xoşməramlı səfiri seçilməsindən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin öz yeri, payı vardır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan-UNESKO əməkdaşlığından geniş bəhs edərək, bu mühüm məqamları da diqqətə çatdırmışdır ki, son 5 ildə ölkəmizdə 40 tarixi abidə bərpa edilib və yenidən qurulub. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəsmiləri UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənətinin də bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunub.
Göründüyü kimi, hər bir mühüm hadisə dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycanın hər sahədə təcrübəsi nümunədir və bu baxımdan ölkəmiz bütün beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunur.
- İradə xanım, bu ilin mühüm hadisələrindən biri də Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd olunması oldu...
- Dövlətmizin başçısı İlham Əliyev yubiley tədbirində Bakı Dövlət Universitetinin 200 minə yaxın məzununun Azərbaycanın davamlı inkişafında xüsusi yeri və rolu olduğunu əsaslı şəkildə qeyd etmişdir. BDU-nun məzunu olan müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü nəinki ölkə, dünya miqyasında etiraf olunur. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına xidmətlə bağlıdır. Dünya tarixşünaslığında ulu öndər Heydər Əliyev haqqında ilk fundamental elmi əsərin-doktorluq dissertasiyasının müəllifi kimi qeyd edə bilərəm ki, Heydər Əliyev haqqında kimsə elmi əsər yazmaq istəyirsə, sanballı tədbiqat işi olmasını qarşıya məqsəd qoyursa, hər şey ölçülüb biçilməli, faktlara, onun gördüyü real işlərə söykənməlidir. Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı üçün qoyduğu irs çox zəngindir. Mən yanılmaram desəm ki, Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir, qiymətli xəzinəsidir, ucu-bucağı görünməyən bir ümmandır. Çünki Heydər Əliyevin fəaliyyəti tükənməzdir. Onun haqqında nə qədər elmi işlər yazılsa, nə qədər kitablar çap olunsa yenə də kifayət etməyəcək. Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Özünün təbirincə desək, “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”
100 ildə bu ali təhsil ocağını bitirən 200 minə yaxın məzundan biri olduğum üçün fəxr edirəm. Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra elmi-pedaqoji fəaliyyətimi davam etdirmək üçün Elmi Şuranın qərarı, Təhsil Nazirliyinin təyinatı ilə universitetdə saxlanılmışam. Doktorluq dissertasiyam “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmlənməsində Heydər Əliyevin rolu” mövzusuna həsr edilmişdir. Namizədlik dissertasiyam Azərbaycanda təhsilin inkişafı ilə bağlı idi. 200-ə yaxın elmi əsərin, o cümlədən bir çox elmi monoqrafiyaların, dərsliklərin, metodiki vəsaitlərin, dərs vəsaitlərinin, proqramların, kitabların müəllifiyəm. Bakı Dövlət Universitetində baş laborant, müəllim, baş müəllim, dossent, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlmişəm.
Azərbaycan bu gün Qafqaz araşdırmalarının mərkəzində, fövqündə duran bir dövlətdir. Ölkəmizdə Qafqaz tarixinin öyrənilməsi, qafqazşünaslıqla bağlı çox dəyərli işlər görülür. Bu nöqteyi-nəzərdən də Qafqaz xalqları tarixi kafedrasının fəaliyyəti çox vacibdir. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, Qafqaq xalqları tarixi kafedrasının nəzdində “Erməni araşdırmaları” laboratoriyası yaradılıb. Bu laboratoriyanın da rəhbəriyəm. Hesab edirəm ki, bu sahədə də ciddi elmi araşdırmaların aparlmasına böyük ehtiyac duyulur. Qafqazşünaslıq elminin inkişafı ilə bağlı bir çox araşdırmalarım olub. Biz hər zaman bu istiqamətdə öz ciddi araşdırmalarımızı davam etdirməliyik. Çünki biz ermənilərin tariximizi təhrif etmək cəhdlərinə hər zaman tutarlı, faktlara söykənən tədqiqatlarımızla cavab verməliyik.
Ulu öndər Heydər Əliyevin təbirincə desək, xalqımızın milli iftixarı olan Bakı Dövlət Universitetində çox vacib addımlar atılır. Çünki universitet yarandığı dövrdən hər zaman ali təhsilin flaqmanı, ölkədə cərəyan edən ictimai-siyasi proseslərin önündə gedən bir mötəbər ali təhsil, elm ocağı olub. Bu gün də universitetdə böyük əhəmiyyətli işlər görülür, öz gözəl ənənələrinə hər zaman sadiqdir.
Yubley tədbirində “Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir.”
Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev təkmil islahatları, yeni inkişaf strategiyası ilə Azərbaycana daha möhtəşəm uğurlar qazandırır. Cənab İlham Əliyev Heydər Əliyevin ideyalarının carçısı, o ideyaları reallaşdıran qüdrətli bir şəxsiyyətdir.
- İradə xanım, BDU-nun yubiley tədbirində müəllim əməyinə yüksək dəyər verən dövlətimizin başçısı İlham Əliyevin gənclərə çağırışları da oldu....
- 2019-cu il tarixmizə, eyni zamanda, struktur və kadr islahatları ili, gəncləşmə siyasətinin geniş vüsət aldığı dövr kimi də yazıldı. Gənclərə diqqət və qayğı, onların potensial imkanlarından maksimum istifadə bütün dövrlərdə öz aktuallığını qoruyub. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq, gənclərin milli ruhda tərbiyə olunması, həmçinin dövlət idarəçiliyində irəli çəkilmələri daim diqqətdə saxlanılıb. Son 16 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi atılan addımlardan, imzalanan sənədlərdən, təsdiqlənən Dövlət proqramlarından daha adyın görünür. 2019-cu il bu istiqamətdə mühüm uğurların əldə olunması, gənclərin irəli çəkilməsi ilə yadda qaldı.
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü də ölkəmizdə həyata keçirilən islahatların qanunverici orqanda da öz əksini tapması istəyindən qaynaqlandı. Gələn il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkilərinə qatılacaq Yeni Azərbaycan Partiyasının namizədlər siyahısında da gənclərin çoxluq təşkil etməsi təqdirəlayiqdir. Son illərdə gənclərin parlamentdə və bələdiyyələrdə təmsilçilik faizlərinin artırılması onlara diqqət və qayğının dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirir.
Dövlətimizin başçısı İlham Əliyev Bakı Dövlət Universitetinin yubiley tədbirində də müəllimlərin fəaliyyətinə yüksək qiymət verərək bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, müəllim peşəsi çox şərəfəli, məsuliyyətli, çox ağır peşədir. Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir: “Tələbələr də indi hər şeyi görürlər, hər şeyi seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar” Bununla yanaşı, tələbələrdən də bilikli olmaq bir tələb kimi qarşıya qoyuldu: “Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin.”
Elmi ictimaiyyət möhtərəm Prezidentimiz İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi tədbirində tövsiyə xarakterli çıxışından irəli gələn vəzifələrin yüksək səviyyədə icrasına, günbəgün yeniləşən, müasirləşən Azərbaycanın kadr potensialının daha da artırılmasına öz töhfələrini verməyə səy göstərirlər. 100 illik yolu qət edən Bakı Dövlət Universiteti hələ bundan sonra daha yüzlərlə, minlərlə məzunu yetişdirəcək, Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasında, yeni-yeni hədəflərin gerçəkləşməsində öz yeri, payı olacaq.
- İradə xanım, Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunanlar sırasında sizin də adınızın olması qürurvercidir. Bu münasibətlə Sizi təbrik edir, cansağlığı, elmi fəaliyyətinizdə bol-bol uğurlar arzulayırıq.
Yeganə Əliyeva, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir