28 dekabr 2019 20:32
1298

Azərbaycana inam və etimadı artıran,  mühüm hadisələrlə zəngin əməkdaşlıq ili

Təqvimimizi 2020-ci ilə qovuşduran 2019-cu ilin sonuna sayılı günlər qalıb. Yola salınan aylarda gerçəkləşən hadisələr nəzərdən keçirilir, qazanılan uğurlara qiymət verilir, görülən işlərin davamı olan gələcək üçün pespektivlər müəyyənləşdirilir.

İslahatlar ili kimi tarixə yazılan 2019-cu il Azərbaycan üçün bütün sahələr üzrə  uğurlu olub. Beynəlxalq aləmdə Azərbaycana marağı artıran biri-birindən əhəmiyyətli hadisələr, keçirilən görüşlər, ölkəmizdən səslənən çağırışlar insanları bir məqsəd naminə birləşdirir. Xarici siyasətimizi əks etdirən bəzi məqamları xatırlayaq.

Hər ilin əvvəlində keçirilən və dünya dövlətlərinin “ənənəvi iqtisadi hesabat tribunası”na çevrilən Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində, “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyadakı çıxışı,  keçirdiyi mühüm görüşləri ilə diqqət çəkən Prezident İlham Əliyevin 2019-cu il ilə bağlı proqnozları reallaşıb. Azərbaycanda daxili və xarici siyasət sahəsində qazanılan uğurları qarşılıqlı etimad nümunəsi adlandıraraq, qlobal enerji və nəqliyyat layihələrinin mahiyyət və əhəmiyyətini “Bizim qonşularımız onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə bu, ölkələr zənciridir və bayaq dediyim kimi, biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq” sözləri ilə ifadə edən cənab İlham Əliyev eyni fikirlərini daha ətraflı Çinin CGTN televiziyasına müsahibəsində şərh edərək, infrastruktur layihələrini, başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradan təşəbbüsləri əməkdaşlıq formatının nailiyyətləri adlandırır.

2019-cu ildə Azərbaycana 40-dan çox dövlət və hökumət başçısının rəsmi səfərinin baş tutması, cənab İlham Əliyevin bir neçə xarici ölkəyə rəsmi və işgüzar səfərlərinin uğurla nəticələnməsi, Azərbaycanın ev sahibliyi etdiyi mühüm tədbirlər  xalqlararası və dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə, regional sülhə xidmət edir.

Beynəlxalq əhəmiyyətinə, iştirakçılarının sayına, mövzularının aktuallığına, intellektual potensialına görə daha çox dəstəklənən VII Bakı Qlobal Forumunda, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müzakirə olunan məsələlər tolerant Azərbaycanın dünyaya multikulturalizm ənənəsinin təqdimatıdır.

Bakıda ilk dəfə keçirilən OPEC+ görüşü cari ilin mühüm hadisələri arasında xüsusilə fərqlənir. Qurumun tarixində yeganə hal olan, başqa dövlətlərdə müzakirələrin aparılmasını Azərbaycana inamın ifadəsi adlandıran cənab İlham Əliyevin “Bildiyiniz kimi, Azərbaycan nəinki bu təşəbbüsün iştirakçısıdır, hətta bu təşəbbüsün, - əgər belə demək mümkündürsə, - müəlliflərindən biridir. Çünki OPEC-in baş katibinin Bakıda olan zaman açıqlaması bunu göstərir. Mən bunu özüm heç vaxt demirdim. Ancaq o, bunu rəsmi qaydada bildirdi ki, hələ 2016-cı ildə Davos Ümumdünya İqtisadi Forumunda çıxış edərkən, paneldə suala cavab verərkən demişdim ki, neftin qiymətinin tənzimlənməsi üçün ən məqbul variant OPEC və iri qeyri-OPEC ölkələrinin birgə fəaliyyətidir” sözləri ilə  Azərbaycanın neft bazarında möhkəmlənən mövqeyini əks etdirir.

Respublikamızda keçirilən, enerji layihələrində iştirak edən tərəflərin fikir mübadiləsi üçün platformaya çevrilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının builki görüşü də maraqlı müzakirələrlə, enerji layihələrinə qoşulmaq istəyən ölkələrin təklifləri ilə yadda qaldı.

Bu il həmçinin ölkəmizdə eyni zamanda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı, “Jara-2019” Beynəlxalq Musiqi Festivalı, Gədəbəydə baş tutan Milli Yaylaq Festivalı Azərbaycanın dünya ictimaiyyətinə daha bir həmrəylik çağırışı oldu. “Zirvələrə hazırıq” devizi altında, 48 ölkədən 3900 atletin iştirak etdiyi XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edən 122  idmançımız qaliblər üçün nəzərdə tutulan 23 medal qazanaraq 48 ölkə arasında dördüncü yeri tutdular. Azərbaycanın UNESKO-nun  Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi xarici siyasətimizin uğurlarının məntiqi nəticəsidir. Respublikamızda ayrı-ayrı xalqlara məxsus mədəni müxtəlifliyin qorunması üçün önəmli müzakirələrin aparılması, xalqları dostluğa, əmin -amanlığa çağırış səslərinin davamlı olması xarici siyasətimizin çoxşaxəli inkişaf istiqamətlərini göstərir.

NATO-nun toplantılarının ölkəmizdə təşkili, beynəlxalq təşkilatlarda, “Şərq Tərəfdaşlığı” proqramlarında layiqincə təmsil olunması Azərbaycanın xarici siyasətinin dünya birliyi tərəfindən dəstəklənməsidir. Dünyanın diqqətlə izlədiyi və beynəlxalq aləmdə müzakirə mövzusuna çevrilən ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun  görüşlərinin Bakıda keçirilməsi ölkəmizə artan maraqdan irəli gəlir. Bundan əlavə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı Tod Valterslə görüşü ölkəmizin diplomatiya sahəsində qazandığı uğurlarının şaxələndiyini göstərir.

Cari ilin son aylarında Azərbaycanın diplomatiya tarixinə yazılan uğurlar daha maraqlı və önəmli  idi. Qoşulmama Hərəkatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin respublikamızda keçirilməsi, dini radikalizmə, terrora qarşı mübarizəyə önəmli töhfələrini verən, daim sadiq qaldığı dini, irqi müxtəlifliyin qorunması üçün səylərini əsirgəməyən Azərbaycanın tolerantlığa sadiqliyidir.

Azərbaycanın 120 ölkənin qərarı ilə Qoşulmama Hərəkatına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) eyni zamanda sədrlik  etməsi diplomatiyamızın uğurlarındandır. Azərbaycan bununla sübut edir ki, ölkəmiz müxtəlif konfessiya və dinlərə məxsus vətəndaşların birgə , sülh şəraitində yaşadığı nadir, sabit ölkələrdəndir.

“Bizim xarici siyasətlə bağlı uğurlarımız təkcə bu sədrliklə məhdudlaşmır. Halbuki bu, çox önəmli məsələdir” söyləyən  dövlət başçımız İlham Əliyevin başqa ölkələrə səfərləri də ölkəmizə uğur gətirir, müsbət meyillərə marağı artırır. İslamofobiyanın, ksenofobiyanın, irqi ayrı-seçkilik hallarının bəzi ölkələrdə dövlət siyasətinə çevrildiyi bir zamanda, Azərbaycanın multikulturalizm təcrübəsinin dəstəklənməsi ölkəmizin beynəlxalq sülhə töhfəsidir.

Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə “Valday”” Diskussiya Klubunun XVI iclasının sessiyasında iştirak edən, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla əlaqədar söylədiyi sərsəm fikirlərə qətiyyətli lider kimi cavab verən Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində faşizm ideyalarını, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın işğalçılıq siyasətini ifşa etdi.

Ötən ay Bakıda keçirilən Dünya Dini Liderlərinin II Zirvə Görüşündə iştirak edən 70 ölkənin din xadimlərinin beynəlxalq ictimaiyyətə sülh çağırışının ölkəmizdən səslənməsi ilə Azərbaycan sübut etdi ki, multikulturalizm yaşayır və yaşamalıdır.

Xüsusilə, son aylarda daha da möhkəmlənən Rusiya-Azərbaycan əlaqələri, Prezident İlham Əliyevin Sankt-Peterburqa səfəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyada mühüm əhəmiyyətli görüşlər keçirməsi çoxşaxəli xarici siyasətimizə dünyada artaq maraqdan yaranan etimad, səmimi münasibətdir.

Xuraman İsmayılqızı, “İki sahil”