Cari ilin əvvəlində Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bu əminlik ifadə edilmişdir: “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır.” İlk aylardan bu günə qədər imzalanan Prezident Fərman və sərəncamlarına diqqət yetirsək, insan amilinə verilən dəyər, ən əsası onların sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyi daha aydın şəkildə özünü təsdiqləyəcək.
Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edirsə, yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunursa, bu, ildən-ilə təkmilləşmənin, yeniləşmənin, dövrün tələbinə uyğun layihələrin həyata keçirilməsinin nəticəsidir. Sosial dövlət özünün bütün vətəndaşlarının iqtisadi və ictimai tərəqqisinə imkanlar yaradır. Nəticə etibarilə bir nəfərin inkişafı ümumi inkişafın şərti kimi çıxış edir. Bu baxımdan sosial dövlət vətəndaşların yüksək rifahının təminatçısıdır”.
Ölkəmizdə əməkhaqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən iki sosial paket ümumilikdə 4 milyondan çox insanı əhatə etməklə onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdi. Hazırda minimum əməkhaqqının məbləği 250 manat, minimum pensiyanın məbləği 200 manatdır. 2020-ci ilin büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib. Həmçinin ölkəmizdə gələn il üçün ehtiyac meyarının həddi də müəyyənləşib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyənləşib. Hər iki qanun layihəsi Milli Məclisdə təsdiqlənib və 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir. Müqayisə üçün qeyd edək ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilmişdi. Ehtiyac meyarının həddi isə 143 manat idi.
2019-cu ildə “Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”, sosial müavinətlərin, ali məktəb tələbələri üçün Prezident təqaüdünün, doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, AMEA-nın magistratura səviyyəsi üzrə tələbələr üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında sərəncamlar ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin sosial rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində atılan addımlar, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması və sair kimi tədbirlər də insan amilinə verilən dəyərin təsdiqidir.
Cari ilin ötən dövrünün təkmil sosial-iqtisadi islahatları, həmçinin regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində 92 min yeni iş yeri açılıb. Ümumilikdə isə son 16 il üçün bu rəqəm 2 milyondan artıqdır. Artıq 2020-ci ilin ilk ayında dördüncü Dövlət Proqramının icrasının biri ili tamam olacaq. Özünüməşğulluğun təminatının prioritetliyi cari ildə atılan addımlarda bir daha təsdiqləndi. Bu kimi mühüm tədbirlər işsizliyin 5 faizə enməsini şərtləndirdi. Azərbaycan brendi kimi dünyada tanınan “ASAN xidmət”, ABAD, DOST və sair kimi biri-birindən önəmli layihələr əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın artırılmasına, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Cari ildə iki DOST mərkəzinin açılışı oldu. Sosial mənzillərin inşası da əhalinin yüksək rifahının təmin edilməsi yönümündə görülən işlərin tərkib hissələrindəndir.
İqtisadiyyatın aynası, davamlı inkişafın barometri kimi dəyərləndirilən dövlət büdcəsinin real göstəriciləri və artım səviyyəsi də hər bir dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumilikdə hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Cənab İlham Əliyev daim bu məqsədi qarşıya qoyur ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Digər illərdə olduğu kimi, cari ildə də ölkəmizin davamlı iqtisadi inkişafı, idarəetmə sistemində təkmilləşmə, növbəti ildə tam istifadəyə verilməsi nəzərdə tutulan enerji layihələrinin icrasının sürətləndirilməsi və sair kimi mühüm amillər dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərə öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə imzaladığı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna əsasən, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat məbləğində təsdiq edilib. Ötən ilin dövlət büdcəsi ilə müqayisə etsək, 2019-cu ilin büdcənin xərcləri 23 milyard 168 milyon manat, xərcləri isə 25 milyard 190 milyon manat idi. 2020-ci ilin dövlət büdcəsi onu deməyə əsas verir ki, qarşıdakı il ölkəmizin bütün sahələr üzrə dinamik inkişafında mühüm rol oynayacaq. Enerji sektorundan asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi 2020-ci ildə də qarşıda duran vəzifələrdəndir. Gələn ilin dövlət büdcəsinin sosialyönümlülüyü də təsadüfi deyil. İqtisadi tərəqqinin güclü sosial sityasətlə tamamlanması əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Əvvəldə də qeyd etdiyimiz kimi, özünüməşğulluğun təminatı, ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eyni zamanda, ölkənin məşğulluq strategiyasının səmərəliliyinə geniş imkanlar açır. Dövlətimizin başçısı İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın əsas hədəflərindən biri də məhz işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə endirməkdir.
Ölkə Prezidenti bu fikri böyük inamla qeyd edir ki, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və 16 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək- Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir. 2019-cu ildə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində görülən işlər də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Bölgələr üzrə ixtisaslaşmanın aparılması, dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə müşavirələrin keçirilməsi, pambıqçılığın, tütünçülüyün, çayçılığın, üzümçülüyün və digər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına dair Dövlət proqramlarının təsdiqlənməsi qarşıya qoyulan məqsədlərə geniş yol açır. Dövlətimizin başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında imzaladığı Sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin daha bir təzahürüdür. Sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi qərara alınıb. Bu, onu göstərir ki, əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində həmişə diqqət mərkəzində dayanıb və dayanır.
2019-cu il qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımlarla da diqqətçəkəndir. Bu günədək görülən tədbirlərin nəticəsi olaraq məcburi köçkünlər və qaçqınlar arasında yoxsulluq azalaraq 75 faizdən 12 faizə enib. Cari ildə dövlətimizin başçısı İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncamı da bu diqqət və qayğının davamlığının göstəricisidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri bu kateqoriyadan olan insanların sosial rifahının təmin olunması üçün davamlı sosial layihələrin həyata keçirilməsidir. Onu da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin cari ildə imzaladığı ilk sənədlər şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi ilə bağlı olub. Bu günlərdə bu kateqoriyadan olanlara mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim edilməsi mərasimində də dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, ölkəmizdə hər bir vətəndaşın sosial məsələlərinin həllinə diqqətlə yanaşılır.
Bu günümüzün reallıqları ölkə Prezidentinin iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə söylədiyi “Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək. Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır” fikirlərin təsdiqidir.
Yeganə Əliyeva, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir