31 dekabr - Dünya Azərbaycanlılarının həmrəyliyi Naxçıvanda həyata keçirilən “Sərhəd hərəkatı” ilə başladı
“Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” söyləyən ulu öndər Heydər Əliyev, onu da vurğulayırdı ki, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.
Zamanı səhifələrində yaşadan tarixin hansı dövrünə nəzər salınsa, orada Azərbaycan xalqının milli sərvətinə sahiblənməsi naminə mücadiləsinin, qurbanlar verdiyinin şahidi oluruq. Qəvi düşmənlərə belə cəsarətlə mübarizə apararaq, elinə-obasına sahib çıxan xalqımız ən məkrli rəqiblərinin hücumuna belə mərdliklə qalib gəlmiş, say-seçmə oğulların şücaətini əks etdirən dastanlarda “yaşayaraq” nəsillərə, milli birlik ənənəsinin davamçılarına örnək olmuşlar.
Ötən əsrin sonlarında ölkəmizdə baş verən hadisələr, ən məkrli düşmən olan imperiya -erməni birliyinin planlaşdırdığı xəyanətlər, xalqımıza dəhşətlər yaşatmaqla, milli ruhun, oyanışın, dirçəlişin canlanması üçün də zəmin yaratdı.
Keçmin SSRİ-nin ilk Prezidenti, ermənipərəst M.Qorbaçovun razılığını alan, 19 fevral 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdrilməsi ilə bağlı Xankəndində “miatsum” çağırışları səsləndirən, aramsız mitinqlər təşkil edən Zori Balayan, Silva Kapitukyan kimi ideoloqlarının planlarını həyata keçirən ermənilərin iştirakı ilə törədilən Sumqayıt hadisələri təsadüfi deyildi. 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında Topxana meşəsinin qırılmasına etiraz olaraq keçirilən mitinqlər Azərbaycan xalqının qəlbində illərdən bəri çözələnən milli azadlıq hərəkatının qığılcımları idi. Təkcə paytaxtda deyil, bölgələrdə yaşayan azərbaycanlıları da hiddətləndirən bu hadisələr Naxçıvanda da insanları bir ideya ətrafında birləşdirdi.
Sovetlərin tərkibində yaşadığı illər ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti yeridən imperiyaya etirazını bildirən naxçıvanlılar 1989-cu ilin 31 dekabrında “Sərhəd hərəkatı” aksiyasını keçirdilər. O zaman SSRİ-nin cənub sərhədi sayılan Araz çayı boyu çəkilən tikanlı çəpərləri sökdülər. Naxçıvan şəhərindən piyada olaraq Araz çayına doğru addımlayan, qadınlardan, kişilərdən, uşaqlardan ibarət dəstələr özləri də bilmədən azadlıq, müstəqillik yolunda ilk addımlarını atdılar. SSRİ-nin “yaşıl papaq”lılarının müqavimətinə baxmayaraq, Arazın o tayında yaşayan, illərdən bəri ayrı düşən qohumlarını, doğmalarını soraqlayan naxçıvanlılar tarixi bir günün sevincini yaşadılar. Əsrlərlə davam edən həsrətə tikanlı çəpərləri sökməklə son qoyan o taylı- bu taylı qardaşlar doğmalaşdılar.
Sərhəddən ürək rahatlığı, sevinclə qayıdan naxçıvanlılar sökdükləri dirəkləri, qardaşları ayıran tikanlı simlərdən parçaları da özləri ilə gətirdilər. Qarşıdakı Novruz bayramında qalanan ocaqlarda yandırılan həmin dirəklərin istisi həsrətə əbədi son qoydu. O zaman heç kimin nə diaspor haqqında məlumatı var idi, nə də Disporla İş üzrə Dövlət Komitəsi yaradılmışdı. İnsanların çöhrəsində hiss olunan sevinc həqiqi mənada milli birlik və həmrəyliyin ifadəsi idi.
Naxçıvandan başlayaraq, Azərbaycanın digər sərhəd rayonlarında da davam etdirilən bu ümumxalq hərəkatına imperiya və hegemonluq mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr qara yaxaraq onu antidemokratik, bir qrup ekstremistin və cinayətkar ünsürün əməli kimi qiymətləndirərək milli birliyə çağırış hərəkatını gözdən salmaq istədilər. Dövlət Təhlükəsizliyi Komitəsi “hərəkat”ı sərxoşların, narkomanların əməli adlandırdı. Bu məqsədlə əsassız olaraq sərhəd zonasında fövqəladə rejim yaradıldı. Kommunist ruhlu kütləvi informasiya vasitələri isə sərhədlərin sökülməsini vəhşilik adlandıraraq, xalqın milli birlik iradəsini qırmağa çalışdılar. Lakin qonşu ölkələrin, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan türklərinin, ümumən türk dünyasının bu prosesi parçalanmış xalqların təbii birləşmə meyli kimi qiymətləndirməsi, müdafiə etməsi mürtəce təbliğatın qarşısını aldı.
1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk Dərnəkləri qurultayı Naxçıvandan başlanmış “sərhəd hərakatı”nı milli birlik və həmrylik yolunda atılan ilk addım kimi dəyərləndirdi.
Həmin dövrdə imperiyadan xeyir-dua alan, Azərbaycan torpaqlarına təcavüz edən ermənilər Ermənistanla sərhəddə yerləşən muxtar respublikaya da göz dikmişdi. Naxçıvanın ən ucqar kəndi Kərkini imperiya ordusunun köməyi ilə işğal edən erməni silahlıları Sədərəyi də atəşə tuturdular. Sərhəd məntəqələrindən həyəcanlı xəbərlər gələndə muxtar respublikanın vilayət partiya komitəsinin işıqları söndürüldü. Öz taleyinə sahiblik etmək məcburyyətində qalan insanlar Ali Sovetin binasına yığışdılar.
Həmin günləri sonralar verdiyi müsahibəsində xatırlayan Naxçıvan MSSR Ali Sovetinin sədri, rəhmətlik Səkinə Əliyevanın sözlərindən bəzi məqamları yada salaq: “ O günlər biz Naxçıvanı itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ermənilər sonuncu azərbaycanlını da Ermənistandan qovduqdan sonra bütün təhdid və təxribatları Naxçıvana yönəltmişdilər... Ermənilərin Sədərəyə güclü hücumu nəticəsində 8 nəfər həlak olmuş, 30 nəfər yaralanmış, əhali çöllərə tökülmüş, xeyli ev dağıdılmışdı... Sədərəkdə həlak olmuş 2 uşağın meyidi Naxçıvanın mərkəzi meydanına gətirilmiş, on minlərlə adam tədbir görülməsini, ermənilərin əliyalın naxçıvanlıları qovub İrana və Türkiyəyə keçirilməsi təhlükəsinin sovuşdurulmasını tələb edirdi. Bakı susurdu, rəhbərlərdən heç birini tapmaq mümkün deyildi... Hamı bilirdi ki, məhvolma təhlükəsi qarşısında səsimizə hay verməyən, ermənilərin Naxçıvanı tutmasına əslində, göz yuman bir ölkənin tərkibində qalmaq ölümə bərabərdir. Səsimizi dünyaya çatdırmaq, dolayı yolla SSRİ rəhbərliyini də silkələmək üçün, Qars müqaviləsinin şərtlərinə istinadən, bütün naxçıvanlıların iradəsini ifadə edən bir qərar hazırladıq... SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin Naxçıvandan olan deputatların da iştirakı ilə gecəyarısı fövqəladə sessiya keçirdik. Yekdilliklə Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul etdik.”
SSRİ Konstitusiyasının 81-ci maddəsinə əsasən Azərbaycan SSR və Naxçıvan MSSR-in suverenliyi və ərazi bütövlüyü qorunmadığı üçün qəbul olunan həmin qərarda qeyd olundu ki, Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq, özünü müstəqil respublika elan edir.
Sessiya qurtaran kimi, qəbul olunan qərar gecə saat 4-də yerli teleradio ilə oxundu . “Sovet Naxçıvanı” qəzeti müstəqilliklə bağlı qərarı dərc edərək, ilk dəfə 40 min nüsxə ilə satışa çıxarıldı. Naxçıvan televiziyası ilə həmin qərar bir neçə dilə tərcümə olunaraq, bütün dünya ictimaiyyətinə çatdırıldı.
Çox təəssüf ki, bu “müstəqillik” cəmi 8 gün çəkdi. Moskva və Bakıdan gələn xüsusi qrup güc tətbiq etməklə “ sabitliyi bərpa etdi.”
“Sərhəd hərəkatı”nın ikinci ildönümü ərəfəsində-16 dekabr 1991-ci ildə keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasında bu birlik hərəkatı rəsmi qərarla əbədiləşdirildi. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin sessiyada Ümummilli Liderin təklifi əsasında hər ilin 31 dekabr tarixinin Dünya Azərbaycan türklərinin həmrəylik, birlik günü kimi qeyd olunması ilə bağlı qərar qəbul olundu. Həmin sessiyada “Sərhəd hərəkatı”nın böyük əhəmiyyətini qeyd edən Ulu Öndər gənclərin bu təşəbbüsünü vətənpərvərlik nümunəsi adlandırdı: “ Sərhəd hərəkatı” nın qarşısını almaq üçün ciddi cəhdlər göstərilsə də , heç bir nəticə verməmişdir. Mən Moskvada olarkən bu hərəkatın cinayətkar bir tədbir kimi qələmə verildiyinin şahidi oldum. Sov.İKP Mərkəzi Komitəsi və onun tərkib hissəsi olan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi bu vətənpərvərlik hərəkatına böhtançı qiymət vermişdir.”
Dünya Azərbaycan türklərinin birlik və həmrəylik gününün təsis olunması ilə bağlı məsələnin muxtar respublikanın Ali Məclisində müzakirəsini mütərəqqi qüvvələrin fədakarlığı adlandıran, “Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda , qədim türk diyarında irəli sürülmüşdür. Tam qətiyyətlə demək olar ki, Ali Məclisin qərarı Azərbaycan Respublikasının tərəqqipərvər, milli ruhlu dairələrində razılıq hissi ilə qarşılanacaq və bütün Azərbaycanda bu hərəkatın gücləndirilməsinə bir daha təkan vercəkdir” söyləyən Ulu Öndər Naxçıvanda başladığı fədakarlığı hakimiyyətə qayıtmaqla, daha geniş miqyasda davam etdirdi.
Diasporla İş üzrə Dövlət Komitəsini yaratmaqla, Dünya azərbaycanlılarının I qurultayını keçirməklə xarici ölkələrdə məskunlaşan soydaşlarımızı bir amal, azərbaycançılıq ideyası ətrafında birləşdirdi, xalqımızda milli təfəkkürü formalaşdırdı. Sonrakı illərdə keçirilən, türkdilli dövlətlərin həmrəyliyini gücləndirən forumlar, zirvə görüşləri Ulu Öndərin təşəbbüslərinin davamı idi.
Hər il 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə həmvətənlərimizi, soydaşlarımızı təbrik edən Prezident İlham Əliyevin bu ilki təbrikində də qeyd olunduğu kimi harada yaşamalarından asılı olmayaraq soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi -əxlaqi dəyərlərini tarixi Vətənlə bağlılığı ilə qoruyacaqlar.
Xuraman İsmayılqızı, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir