25 dekabr 2019 20:06
2140

İqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir

Dövlətimizin başçısı İlham Əliyev yerli jurnalistlərə müsahibəsində ölkəmizin iqtisadi sahədə qazandığı uğurların digər istiqamətlərdə mühüm layihələrin icrasına geniş yol açdığını əsaslı şəkildə diqqətə çatdırmışdır

Artıq 2020-ci ilin astanasındayıq. Başa vurduğumuz il hər kəsin ömür payında bir iz qoyduğu kimi, ölkənin həyatında da mühüm, yaddaqalan uğurları ilə xarakterizə olunur, tariximizə yeni-yeni uğur  səhifələrini əlavə edir, daha da  zənginləşdirir. Bu baxımdan hər ilin hesabatı bir zərurət kimi qarşımızda dayanır. Dövlətimizin başçısı İlham Əliyevin ilin yekunları ilə bağlı yerli jurnalistlərə geniş müsahibəsi də cari ildə əldə olunan uğurlar fonunda qarşıdakı ilin hədəflərinin müəyyənləşdirilməsi, perspektivlərə bir baxış kimi dəyərləndirilir.

Təkmil idarəetmə sisteminə malik olan Azərbaycan Dünya Bankının builki hesabatında da ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirdi. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atıldı, uğurlu nəticələr əldə edildi. Enerji sektorundan asılılıq minimuma endirildi. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafını regionların inkişafı kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyevin cari ildə də hər bir bölgəyə səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, səfərdən sonra həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Tədbirlər Planının təsdiqlənməsi, Prezidentin Ehtiyat Fondundan əlavə vəsaitlərin ayrılması ilə yadda qalacaq. 2019-cu ildə cənab İlham Əliyevin regionlara ardıcıl səfərlərinə diqqət yetirmək kifayətdir. Bir məqamı da nəzərə alaq ki, son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı prioritet məsələ kimi öndədir. Bu kimi tədbirlər özlüyündə əhalinin məşğulluğunun təminatına, yeni iş yerlərinin yaradılmasına yol açır. Bu günlərdə Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunlarına və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə də deyilənlərin təsdiqidir. Dövlətimizin başçısı müşavirədə bir daha bildirmişdir ki, əsas valyuta gətirən sahəmiz neft-qaz sektorudur. Bu sektorun inkişafı daim diqqət mərkəzindədir, böyük uğurlar əldə edilib. Ancaq əsas vəzifəmiz qeyri-neft sənayesi və kənd təsərrüfatı hesabına iqtisadiyyatı şaxələndirməkdir.

Statistik rəqəmlərə diqqət yetirək. Qeyri-neft sənayesi 14, kənd təsərrüfatı isə 7 faizdən çox artıb. Ölkə Prezidenti bu əminliyi ifadə edib ki, bu meyillər bundan sonra da davam etdiriləcək və beləliklə, biz kənd təsərrüfatını ən müasir standartlara uyğun şəkildə inkişaf etdirəcəyik.

Qeyri-neft sektorunun inkişafına yol açan neft-qaz sektorunda əldə olunan uğurlara nəzər salaq. Cənab İlham Əliyev yerli jurnalistlərə müsahibəsində “Strateji TANAP layihəsinin reallaşmasını, başa çatmasını, Cənub Qaz Dəhlizinin reallaşmasının əhəmiyyətini necə səciyyələndirərdiniz” sualını cavablandırarkən bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, TANAP Avropa qaz kəmərinin - “Trans-Adriatik”, yəni, TAP adlandırılan kəmərin inşasına da imkan yaratdı. Bu layihənin icra səviyyəsi artıq 90 faizi ötüb. Cənub Qaz Dəhlizinin dörd layihədən- “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət olduğunu qeyd edən dövlətimizin başçısı bildirmişdir ki, bütün bu layihələrin təşəbbüskarı Azərbaycan olub. Cənub Qaz Dəhlizinin təşəbbüskarı və əsas təşkilatçısı Azərbaycandır.

28 illik müstəqillik tarxiinə malik olan Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlara diqqət yetirsək görərik ki, bunlar  ulu öndər Heydər Əliyevin “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” fikirlərinin təsdiqi olmaqla yanaşı, eyni zamanda, bu gerçəkliyi də şərtləndirir ki, ölkəmiz regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru addımlamağı əsas hədəf kimi qarşıya qoyaraq bu istiqamətdə əhəmiyyətli layihələrə imza atıb. Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi, yaxın zamanlarda TAP-ın istifadəsinin nəzərdə tutulması da bunun bariz nümunəsidir.

Tarixən neft ölkəsi kimi tanınan Azərbpaycan bu gün, eyni zamanda, qaz ixracatçısına çevrilib.  Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə Azərbaycan amilinə xüsusi önəm verilir. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu xüsusi qeyd edilir. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” sənədində enerji sektorunda əməkdaşlıqla bağlı xüsusi müddəa öz əksini tapıb. Cənub Qaz Dəhlizinin rəsmi açılışı əməkdaşlığın coğrafiyasının genişlənəcəyi barədə proqnozların reallıqda öz əksini tapacağına əminliyi artırdı. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanın iştirakını xüsusi qeyd edərək bu əminliyi də ifadə etmişdir ki,  üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə layihəyə qoşulacaqlar. “Cənub Qaz Dəhlizinin qolları olmalıdır” hədəfinə uyğun olaraq ixrac imkanlarının genişləndirilməsinin prioritetliyi açıqlanır.

Ölkə Prezidenti İlham Əliyev bu fikri də xüsusi qeyd edir ki, bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, maneəsiz həyata keçirdik. 2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəməri istifadəyə verildi. Bu gün ölkəmizi və bölgəmizi bu layihələrsiz təsəvvür etmək mümkün deyil. Bu layihələr ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir. Bir sözlə, Azərbaycan enerji sektorunda da liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. “Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz Dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir.”

Cənub Qaz Dəhlizinin tam işə düşməsi  ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq, zəngin qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək. “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik” söyləyən ölkə Prezidenti Cənub Qaz Dəhlizinin gələcək əlaqələr üçün çox vacib amil olduğunu diqqətə çatdırır.

Ötən il Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması da Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə bir daha işıq saldı. Məhz ikitərəfli əlaqələrin, həmçinin üçtərəfli formatda yaradılan regional əməkdaşlıqların inkişafı fonunda atılan bu mühüm addım sahilyanı dövlətlərin iqtisadi və siyasi həyatında mühüm rola malikdir. Qarşılıqlı anlaşmalar qarşıdakı illər üçün perspektivlərin müəyyənləşdirlməsinə yol açır. Konvensiyanın siyasi və iqtisadi əhəmiyyətindən bəhs edərkən təbii ki, ilk növbədə bu mühüm hadisədə Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələr stimulverici amil rolunu oynadığını xüsusi qeyd edildi. Cənab İlham Əliyevin hər zaman çıxışlarında yer alan bu fikrini xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində region dövlətləri ilə əməkdaşlıq əsas yer tutur. Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiya ilk növbədə Xəzər regionunda böyük həcmdə enerji ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, həmin ehtiyatların dünya bazarına daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda burada dövlətlərin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına öz təsirini göstərəcək.

Azərbaycan tranzit ölkə kimi də mövqeyini möhkəmləndirir. 2017-ci ilin oktyabrında istifadəyə verilən BTQ dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq və əlavə imkanlar yaradacaq. Bu layihə Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur.  Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrdən bəhs edərkən onların ölkəmizə, eyni zamanda, iştirakçı dövlətlərə hansı faydaları gətirəcəyini də diqqətə çatdırır. Yerli jurnalistlərə müsahibəsində də cənab İlham Əliyev bu məqamlara xüsusi diqqət yönəltmişdir. Cari ildə inkişafın daha genişmiqyaslı olduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, bütün iqtisadi parametrlər bunu göstərir. Ümumi iqtisadi artım 2 faizdən çoxdur. Qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. İnflyasiya 11 ayda təqribən 2,6 faiz olub. Qeyri-neft ixracı təqribən 14-15 faiz artıb. Xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə MDB-də birinci yerdədir. Cari ildə valyuta ehtiyatları 4,5 milyard dollar artdı. Hazırda valyuta ehtiyatlarımız 50 milyard dollara çatıb. Dövlətimizin başçısı iqtisadi uğurlarımıza əsaslaraq bildirib: “İqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir.”

Məhz uğurlu siyasətin nəticəsidir ki, beynəlxalq maliyyə qurumlarının, xüsusilə Beynəlxalq Valyuta Fondunun hesabatlarında bu proqnoz xüsusi yer alır ki, Azərbaycanın iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində büdcəyə 200-250 milyard dollar vəsait daxil olacaq ki, bunlar da öz növbəsində sosialyönümlü layihələrin icrasına geniş imkanlar açmaqla əhalinin sosial müdafiəsini gücləndirəcək. Artıq 2020-ci ilin dövlət büdcəsi təsdiqlənib. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat məbləğində təsdiqlənib.

Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək dəyərləndirir. Təkcə Dünya Bankının ayrı-ayrı illər üzrə hesabatlarına diqqət yetirsək, görərik ki, Azərbaycanın qərarlaşdığı yerlərdə dəyişikliklər həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarının davamlılığına, islahatların zamanın tələbinə uyğun təkmilləşdiyinə əsaslanır. Belə ki, əgər Azərbaycan 2017-ci ildə Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2017” hesabatında 65-ci pillədə hesablaşmışdısa, 2018-ci ildə 8 pillə yüksələrək 57-ci yeri tutdu. “Doing Business 2019” hesabatında isə Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil olundu. 2017-ci illə müqayisədə ölkəmiz 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdı. Beləliklə, Azərbaycan MDB ölkələri arasında lider mövqedə dayandı. ABŞ-ın tanınmış “The Heritage Foundation” anlitik  mərkəzi tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi-2019” da ölkəmizin iqtisadi uğurlarının təqdimatı oldu. Belə ki, Azərbaycan ən böyük irəliləyişə malik ölkə kimi təqdim edildi. Yenə də müqayisəli təhlil aparıldı. Əgən 5 il bundan əvvəl, yəni 2014-cu ildə ABŞ-ın “The Heritage Foundation” analitik mərkəzinin hazırladğı “ İqtisadi Azadlıq İndeksi-2014” adlı hesabatda Azərbaycan 186 ölkə arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olmuşdusa, “İqtisadi Azadlıq İndeksi-2018”də 67-ci, bu il isə 180 ölkə arasında 60-cı yerə yükslib.

Göründüyü kimi, neft gəlirlərinin düzgün istiqamətləndirilməsi iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməyi şərtləndirdi. Son 16 ildə ümumi daxili məhsulun 3 dəfədən çox artması, qarşıdakı illər üçün daha iki dəfə artırılmasının nəzərdə tutulması da deyilənlərin təsdiqidir. Azərbaycanda son 16 ildə yoxsulluq səviyyəsi təxminən 49 faizdən 5 faizə enib, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, “qara qızıl”, neft və qaz insan kapitalına çevrilib. Dünya İqtisadi Forumu hesabatında Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 32-ci yerə layiq görüb. Bu, onu göstərir ki, Azərbaycan iqtisadi şaxələndirmə siyasətini uğurla həyata keçirir, neftdən əldə edilmiş gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilir. Davos İqtisadi Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu göstərici də ölkəmizdə neft-qaz siyasətinin uğurlu icrasından xəbər verir.

Yeganə Əliyeva, “İki sahil”