Ölkə Prezidenti İlham Əliyev gənclərin böyük potensiala malik olduğunu önə çəkərək müasirləşmənin dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılı olduğunu bildirir
Dövlətimizin başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Gənclərə diqqət və qayğı, onların təhsilinin inkişafına yönələn addımlar davamlılığı ilə diqqət çəkir. İmzalanan Fərman və sərəncamlarda, təsdiqlənən Dövlət proqramlarında, irəli sürülən təşəbbüslərdə və qəbul olunan qərarlarda bu mühüm məqam öz əksini tapır ki, gəncləşmə prioritetdir, onların dövlət idarəçiliyindən irəli çəkilməsi günün əsas tələbləri sırasındadır. Təbii ki, bu proses yaşlı nəslin təcrübəsindən bəhrələnməklə, onlarla vəhdətin qurulması fonunda həyata keçirilir.
Diqqət yetirsək, gənclərə diqqət və qayğı bütün dövrlərdə aktual olmaqla yanaşı, eyni zamanda, bütün strukturlar tərəfindən həyata keçirilən layihələrdə öz ifadəsini tapır. Ölkə iqtisadiyyatının inkişafına davamlı töhfələr verən, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının icrasında öz payı olan SOCAR-ın da fəaliyyətinin əsas tərkib hissələrindən biri gənclərə diqqətdir. Belə ki, SOCAR-ın 2006-cı ildə qəbul etdiyi Təqaüd Proqramını qəbul etmişdir. Proqram çərçivəsində gənclərə xarici ölkələrin ən nüfuzlu universitetlərində neft ixtisasları üzrə təhsil almaq imkanı yaradılır. Tələbələr Təqaüd Proqramında iştirak etməklə, həmçinin təhsillərini başa vurduqdan sonra qurumda ixtisasları üzrə işləmək imkanı əldə edirlər. Həyata keçirilən “Yay məktəbi” və “Yay təcrübəsi” layihələri də gənc kadrların yetişdirilməsinə xidmət edən addımların tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyev təhsilin, elmin və iqtisadiyyatın birliyinin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyaraq bu istiqamətdə mühüm addımlar atılmışdır ki, bunlardan da biri məhz Bakı Ali Neft Məktəbinin yaradılması idi.
İlham Əliyevin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” da Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni texnologiyaların mənimsənilməsinə xidmət edir. Cənab İlham Əliyev bildirir ki, neft-qaz Tanrıdan verilən böyük nemətdir. Biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez, bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.
Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi gənclər siyasətini daha da inkişaf etdirməyə, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmağa, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə xidmət etdi. Proqramın uğurlu icrası növbəti sənədin qəbulunu zərurətə çevirdi. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi isə növbəti illər üçün görüləcək işlərin statistikasını ortaya qoydu. Ölkə Prezidenti İlham Əliyev 19 dekabr 2011-ci il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması da əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir.
Yuxarıda qeyd etdiyimiz kimi, gənclərin elmin sirlərinə dərindən yiyələnmələri, qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə çalışmaları vacib məsələ kimi önə çəkilir. Bu baxımdan Prezident İlham Əliyev Elmin İnkişaf Fondunun əhəmiyyətini də xüsusi qeyd edir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu reallığı da böyük qətiyyətlə bildirir ki, gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın gördüyü işlər gənclərimiz üçün örnəkdir. Onun fəaliyyətində tariximizin, mədəniyyətimizin təbliği prioritet istiqamətlərdəndir. L.Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bütün dünya xalqlarına bəyan edilir ki, guya genosidə məruz qaldıqlarını saxta fakt və iddialarla sübuta yetirməyə çalışan ermənilər tərəfindən əsl soyqırıma məruz qalan, torpaqları Ermənistan tərəfindən işğal olunan Azərbaycan xalqıdır. Leyla Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirlər davamlılığı ilə diqqət çəkir. Leyla Əliyeva xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə Dünya azərbaycanlılarının III qurultayında “ Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənclərimiz bütün sahələrdə əldə olunan uğurlara öz töhfələrini verir, Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırmaqdan qürur hissi keçirirlər.
Röya Rasimqızı, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir