Ötən əsrin 90-cı illərində SSRİ-nin dağılması və xalqımızın milli-azadlıq hərəkatı nəticəsində Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi.
Lakin müstəqilliyimizin ilk illərində respublikaya rəhbərlik edənlərin, xüsusilə AXC-Müsavat hakimiyyəti “liderlər”inin naşılığı, səriştəsizliyi, diletantlığı nəticəsində xalqımız yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi.
1992-ci ildə hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, flüger “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular. Ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Heç bir nəzəri biliyi, dövlətçilik təcrübəsi, idarəçilik qabiliyyəti olamyan “bəylər”in yarıtmaz idarəçiliyi ilə respublika dərin böhrana sürükləndi. Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada xaos , anarxiya, hərc-mərclik hökm sürür, talançılıq, korrupsiya, rüşvət baş alıb gedirdi. İqtisadiyyat dağılıb gedirdi. İnflaysiya 1000 faizdən çox idi. İş o yerə çatmışdı ki, ozamankı dövlət başçısı Əbülfəz Elçibəy 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə məmurlara ittihamedici suallar verərək “Bizim sayəmizdə bu respublika dağılır, niyə bu respublikanı dağıdırsınız? Xalq deyir, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər imperiyadan canını qurtardısa, gələcəkdə onun əlindən burada əyləşən adamların canı qurtarmayacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür... Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz” demişdi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev “ölüm, ya qalım” dilemması ilə qarşı-qarşıya qalan Azərbaycanın sınağa çəkildiyi o çətin anlarda öz xilaskarlıq missiyasını həyata keçirdi, çirkli siyasi oyunların məngənəsindən çıxardı, xalqı və ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas etdi. Ümummilli Lider milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi üçün respublikada milli birlik və həmrəyliyə nail olmaq üçün mühüm addımlar atdı. Hakimiyyət boşluğu aradan qaldırıldı, separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi. Bir sözlə, respublikadakı hakimiyyətsizlik aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi.
Ulu Öndərin siyasi kursunu uğurla davam edtirən Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası sayəsində son on altı ildə Azərbaycanda siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edilib, beynəlxalq arenada mövqeyi daha da güclənib, respublikamız regionda baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkə statusu qazanıb.
Təsadüfi deyil ki, dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə ölkə başçısı AXC-Müsavat hakimiyyəti zamanı respublikanın talan edilməsinə diqqəti yönəltdi: “Onların məqsədi talançılıq idi, Ləl-Cəvahirat Fondunu taladılar, orada bir dənə də əşya qalmamışdır, hamısını satdılar, neft bonuslarını oğurladılar. Səhv etmirəmsə, onların dövründə təqribən 20 və ya 30 milyon dollar dəyərində neft bonusu verilmişdi, oğurladılar. Sonra bunu axtarmağa başlayanda onun izi-tozu da qalmamışdı. Bir il ərzində milyardlarla dollar ziyan vurdular, taladılar, oğurladılar, öz ciblərini doldurdular, sonra da qorxaqcasına fərarilik edərək hakimiyyəti tərk etdilər, vəzifələrini dondurdular və bu gün də öz rəzil hərəkətləri ilə cəmiyyətdə ikrah hissi doğururlar. Onların bu qorxaqlığı, panika, isterika, paronoya və satqınlığı artıq heç kimə sirr deyil. Bax, bu idi real vəziyyət”.
Cəmiyyətdə heç bir rolu, dəqiq ideya mövqeyi, sosial bazası, ictimai dəstəyi olmayan, ötən əsrin 90-cı illərinin çayxana təfəkküründən, küçə, daş-kəsək psixologiyasından əl çəkə bilməyən, lidersizlik sindromundan əziyyət çəkən, müasir çağırışlara cavab verə bilməyən, öz köhnəlmiş, mağara təfəkkürü ilə xalq tərəfindən ikrahla qarşılanan bu günkü dağıdıcı müxalifət hələ də ötən əsrin köhnəlmiş siyasi şüur və inkarçı, pozucu mübarizə metodlardından əl çəkə, yeniləşə, milliləşə bilmir. Məhz buna görə də həmin “köhnə qavardiya”nın nümayəndələrindən olan AXCP sədri Əli Kərimlinin, onun tapşırıq və göstərişlərini yerinə yetirən, ahıl yaşında onun bir barmaq işarəsi ilə oturub-qalxan “Milli Şura”nın sədri Cəmil Həsənli kimilər bu gün meydanda tək qalıblar. Onların dağıdıcı fəaliyyəti, “beşinci kolon” kimi öz şəxsi ambisiyları naminə milli maraq və mənafelərimizə zərbə vurmaları, anti-Azərbaycan dairələrlə işbirlikləri, ölkənin siyasi arenasındakı sivil, konstruktiv müxalifətdən, sağlam qüvvələrdən uzaq düşmələri, cəmiyyətdə daim süni gərginlik yaratmaq cəhdləri və digər belə neqativ hallar təbii ki, radikal müxalifətin sıralarının gündən-günə seyrəlməsinə, gənclərin bu qurumlardan uzaqlaşmasına gətirıb çıxarıb.
Şübhəsiz, bütün bunlar yeniləşməyi bacarmayan, xalqın inam və etimadını itirən, marginallaşaraq cəmiyyətdən təcrid olunun, təkamülü, inkişafı inkar edərək ölkəni aclıq, səfalət, dağıntılar gətirən qanlı inqilablara sürükləməyə çalışan, necə deyərlər, çayın öz məcrasından çıxıb dağıdıcı bir selə çevrilməsini arzulayan və mənəvi süquta uğrayan radikal müxalifətin tezliklə siyasi palitradan silinəcəyini, tarixin tozlu arxivinə atılacağını qaçılmaz edir. Onların yerində isə yeni dövrün çağırışlarına cavab verən, sivil siyasi mübarizə metodları və formaları ilə fəaliyyət göstərən yeni bir müxalifət olacaq: yeni tərzdə düşünən, milli maraqları şəxsi ambisiyalarından üstün tutan, Vətən təəssübü çəkən, əsl vətənpərvər, demokratik bir müxalifət.
Prezident İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində məhz bu məsələləri ətraflı şərh edərək, hər kəsə doğru-düzgün yolun nədən ibarət olduğunu göstərdi: “Əgər müxalifət nəyisə əldə etmək istəyirsə, ilk növbədə, o partiyalar naftalin qoxusu gələn ünsürlərdən təmizlənməlidir, sağlam, müasir müxalifət formalaşmalıdır. O müxalifət ki, bizi tənqid edəcək, amma əsaslı tənqid edəcək. O müxalifət ki, ümumxalq məsələlərini hər şeydən üstün tutur. Mən ümid edirəm ki, nə vaxtsa, biz bunu görəcəyik”.
Zahid Rza, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir